İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin və İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 12 yanvar 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi münasibəti ilə və gənclər arasında azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi məqsədilə dəyirmi-masa keçirilib.

Tədbirdə təşkilatçı idarələrin rəhbərləri və əməkdaşları, rayonun fəal gənclərindən bir qrupu iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd “Heydər Əliyev İli”nin elan edilməsinin qeyd olunması, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə geniş aspektdən baxışın keçirilməsi, azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin artırılması olub.

Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ümummilli liderin tarixi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı olduğunu diqqətə çatdıran tədbir çıxışçıları onu da qeyd ediblər ki, xalqımızın siyasi lideri olaraq Heydər Əliyev Azərbaycanı və “azərbaycanlı” sözünü bütün dünyaya tanıdıb. Həmçinin dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilib. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edir.

Sonra dəyirmi masa müzakirələrlə davam edib. Mövzu ətrafında fikir mübadiləsi, eyni zamanda “Heydər Əliyev İli” ərzində birgə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlər haqqında diskussiya aparılıb. Bununla yanaşı, kitablara marağın artırılması, mütaliə bacarıqlarının genişləndirilməsi istiqamətində təkliflər də irəli sürülüb.

M.Fərəcov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir