“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” qalibi olmuş “Ruhlandıran diskussiyalar” adlı layihənin 12 yanvar 2023-cü il tarixində altıncı diskussiyası keçirilib.
Diskussiyanın qonaqları, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əyani şöbə müdiri Elmir Ağayev olublar.
“Ruhlandıran diskussiyalar” layhəsinin rəhbəri, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin psixoloqu Ruslan Kamilov məktəbin IX-XI sinif şagirdlərinə təqdimat formasında məlumat verərək bildirib ki, gənclərin müxtəlif peşələri tanıması və öz bacarıqlarına uyğun peşələr seçməsi, onların seçdiyi peşələrə hazırlamasında və peşəkarlığının inkişaf etdirilməsində bu kimi görüşlər vacib əhəmiyyət kəsb edir.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, rəhbərlik etdiyi müəssisə haqqında məlumat verdikdən sonra, gənclərin peşə seçimində düzgün qərar qəbul edə bilmələri üçün onların bilik, bacarıq, motivasiya və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsinin önəmini vurğulayıb.
İsmayıllı Dövlət Humanitar Kollecinin əyani şöbə müdiri Elmir Ağayev də öz növbəsində çalışdığı təhsil ocağı haqqında məlumat verib və şagirdlərə karyera planlaması, onun üstünlükləri haqqında öz təcrübələrini bölüşüb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.