El gözündə sən Hacını pir elə,
Bir kömək ver, işığını gur elə,
Pirəqanım, qucağında yer elə,
Öz nurumu bu torpağa saçım qoy!
Bu gözəl misraların müəllifi Hacıməmməd Məmmədovdan danışacağam. Şeirlərlə bərabər o, həm də bir çox aforizimlərin müəllifidir.
Gözü kora yoldaş ol,
Könlü kora yoldaş olma.
***
Yoxdursa nə arxan, sərvətin, pulun,
Daşa dirənəcək hər zaman yolun.
Hacıməmməd Məmmədov: Amma eldə ona elə Hacı deyə müraciət edirlər. Bu adın arxasında bir sadə, amma çox qüdrətli, sevilən imzası dayanır ki, o da Hacıməmməd müəllimin özünəməxsus imzasıdır. Hörmətlə, qısa şəkildə ifadə etsəm, Hacı müəllim kimi dillərdə əzbər olan bu insan, sözün əsl mənasında həm də gözəl jurnalistdir. Hacı müəllim hər şeydən əvvəl yaxşı ailə başçısıdır. İki oğul, bir qız atasıdır. Beş nəvəsi də gözünün işığıdır. Bundan əlavə, Hacı müəllim 45 illik əmək fəaliyyətində dərs verdiyi hər bir şagirdinin də mənəvi atası olub. Gözümün şahidiyəm. Hər addımda Hacı müəllimin dərs verdiyi şagirdlər onu yaxşı mənada izləyir, harada görsələr qarşısına gəlir, ona hörmət və ehtiramlarını bildirirlər. Hacı müəllimin gözəl jurnalistliklə yanaşı özünəməxsus şairliyin də fövqündədir. Yazdığı şeirlərdə poetik dünyasını ifadə edə bilir.
73 yaşı olmağına baxmayaraq, özünü çox gənc və romantik bir həyatda görür. Qəlbi uşaq qəlbi kimi döyünür, yeri gələndə həyəcanını belə gizlədə bilmir. Bu xüsusiyyəti onun nə qədər səmimi bir insan olduğundan xəbər verir. Heç vaxt şöhrət ardınca qaçmayıb, bəziləri kimi özünü yıxıb dizini qanatmayıb və ünvanına yersiz işlənən ifadələrə yol verməyib. Anadan olduğu Pirəqanım kəndində uşaqlıq xatirələri qalıb. İsmayıllı rayonunda məskunlaşan Hacı müəllim öz müəllimlik peşəsini davam etdirib. Hacı müəllimin xəyalları yenə də öz kəndinin səmalarında, qayalarında cövlan edir. Hər bir gülün, çiçəyin ləçəklərində onun könlünün yuvası var. Onun keçdiyi keşməkeşli həyat yolunda, böyüyüb boya-başa çatdığı kiçik dağ kəndinin dar cığırlarında ayaq izləri, hər çeşmənin gözündə dodaq toxunuşları qalıb. Onun yazdığı “Kəndimin” şeirini oxuduqda elə bil ki, Hacı müəllimi o kənddən zorla ayırıb bu balaca şəhərə gətiriblər.
Könlü, ruhu yenə də anadan olduğu doğma kəndin ab-havasındadır. Onun bu şeirlərini oxuduqca adamın ruhu bədənindən ayrılıb o dağlar döşündə evləri daş-daş sökülən kəndə tərəf yol alır.
Kəndimin
Zaman keçdi, həsrət düşdü araya,
O, anadır, mən uşağı kəndimin.
Oğlu, qızı köçüb getdi haraya?
Üzür məni boş qucağı kəndimin.
Əlini qoy, gör vururmu ürəyim?
Orda mənsiz açır, solur, çiçəyim.
Bu yaşda da gərəyimdir, gərəyim,
Bir aləmdir dağı, daşı kəndimin.
“Rəğbət” idi ucalığın zirvəsi,
Əriməzdi yayda qarın girvəsi.
Ordan gəlir qulağıma Haqq səsi,
Hanı indi o növrağı kəndimin?
Gələnindən, gedənindən yox xəbər,
Gün doğanda quzeyinin şehi zər.
Arif gələ Şahməmmədlə bərabər,
Gedib olam mən qonağı kəndimin.
Nənəm yatan o torpağa iz qoyam,
Atam, anam məzarına üz qoyam.
Daha onsuz qalmayacam söz qoyum,
Şahid dura buz bulağı kəndimin.
“Palıdlıq” dan “Cö Xosiyə“yə keçəydim,
Yay günündə “Gigi”də ot biçəydim.
“Daşlıq”dakı bulaqdan su içəydim,
Sevinəydi barlı bağı kəndimin.
Vətən əziz əbədi və əzəli,
“Sər xərmon”da oyanaydıq ənzəli.
Olmayaydı heç bir işin əngəli,
Dönüb gələ o gur çağı kəndimin.
Oğulların – igid, dildə, ağızda,
Dərdimə bax, adın qalıb kağızda.
Söz deməyə aciz dil də, ağız da,
Boşdur içi, solu, sağı kəndimin.
Pirəqanım, haqqım yox haqq itirəm,
Pak adınla coşub dil-dil ötürəm,
Hacı deyir, ömrü orda bitirəm,
Dünyam ola bir otağı kəndimin.
Düzdür, mən Hacı müəllim qədər təcrübəli qələm sahibi olmasam da, haqqında bu fikirləri yazmağı özümə borc bildim. Romantiklik yarada bilməsəm də, reallığı əks etdirə bilərəm, deyə bu yazını yazdım.
Allaha çox şükürlər olsun ki, bu gözəl qəlbli insanı yaxından tanımaq, onunla tanış olmaq mənə də qismət oldu və haqqında bilmədiyim nələrisə öyrəndim.
Hacı müəllim çox sadə insandır. O, özündən kiçikləri belə görəndə, ayağına gedir, ağsaqqala görə ayağa durmayanları belə öz ədəbi ilə ayağa qaldıra bilir. Hacı müəllim başqaları haqqında yorulmadan çox sözlər deyər və yazar özünə çatanda isə susmağa üstünlük verər. Bu da onun böyüklüyündən irəli gəlir. Hacı müəllimə yazdığım bu şeiri sizlərə təqdim edirəm. Bəyənilsə, çox sevinərəm.
Söykənə bilək
İnsanlığın zirvəsində duran sən,
Ürəklərdə döyünən sən, vuran sən.
Gözəlliklər yaradan sən, quran sən,
Sən dağ ol ki, biz də sənə söykənək.
Bir döyünür ürəyimiz, qəlbimiz,
Qoşalaşır niyyətimiz, təbimiz.
Çox borcluyuq bir insan tək sənə biz,
Sən dağ ol ki, biz də sənə söykənək.
Dünya dursun, sən dünyayla bərabər,
Yüz il yaşa, şad günlərdən ver xəbər.
Biz də sənin yan-yörəndə sərasər,
Sən dağ ol ki, biz də sənə söykənək.
Sən Hacısan, mən Allahın bir qulu,
Sənlə qoşa addımlayaq biz yolu,
Ağ saçlarla görünürsən çox ulu,
Sən dağ ol ki, biz də sənə söykənək.
Bu hədiyyəm kiçikdirsə, böyük san,
Bir pay istə, mən üstünə qoyum can.
Rüstəm səni unutmaz heç bircə an,
Sən dağ ol ki, biz də sənə söykənək.
Sonda Hacı müəllimə yeni yaşında uğurlar və mənalı ömür arzulayıram. Ulu Tanrıdan umacağım 100 yaşına qədər hər 5 ildən bir yubileylərini qeyd etməkdir. 100-də görüşərik, inşallah!
Hörmətlə:
Rüstəm Məbudoğlu Aslanov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “Qızıl Qələm” media mükafatçısı