O qanlı-qadalı gecədən tam otuz üç il – bir qərinə keçir. O şənbə gecəsinin bu günümüzə, azadlığımıza günəş kimi doğan bir səhəri oldu. Bu haqda kifayət qədər yazılıb, deyilib və bəşəriyyət varkən deyiləcək. Zamanın vurduğu yaranı yalnız zaman sağaldır. Nə qədər müsibətlər gəldi bu xalqın başına, zaman-zaman. Sınmadı, əyilmədi bu xalq. Sarıdı öz yarasını. Altıncı sinifdə oxuyurdum. Bir gün atamın həyacan və təşvişlə içəri girdiyin gördüm. Nə olub, ata? – deyə soruşdum. Hönkürə-hönkürə: Şəhidlərimiz olub Bakıda – dedi. Soruşddum ki, nədir, kimdir şəhid? Düzü, anlamırdım. Cavab ala bilmirdim. Çünki o çox narahat idi. Radionu düzəltməyə çalışırdı, mən də diqqətlə baxırdım. O vaxt televiziya radio qovuşaqlarını sıradan çıxartmışdılar. Bu gün bu medianın azad varlığını onlara borcluyuq.
Bir neçə vaxt keçdi. O yenə iki kitab gətirdi. Müəllim idi mənim atam mütaliəni sevərdi. Həm də o çox vətənpərvər bir insan idi. Onun gətirdiyi qəzet-jurnallardan istənilən bir yazını oxumağa çalışardım. Diqqətim elə kitablarda idi. Şənbə gecəsinə gedən yol və Şəhidlər. Çox sevdiyim hər zaman sevə-sevə şeirlərinin, payeziyasının dəlicəsinə vurgnu olduğum Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə gedən yol” kitabını oxudum. Sonra Rafiq Səməndərin “Şəhidlər” kitabını oxudum. Mən onda tam anladım ki, şəhid kimdir!
Yazdı… Azərbaycanın dəyərli şairləri, yazıçıları hərə öz üslubunda, özünəməxsus şəkildə. Ağladı Bəxtiyar qələmi. Yazdı Səməndər yazma dedilər: Amma, yazdı. Elə yazdı ki, yerin altında yatanları belə ayağa qaldırdı o gecə. Yerin üstündəkilərtək. O kitabda mənim diqqətimi cəlb edən ölü uşaq vardı. Urrra”- deyib babanın üstünə qaçan. Sevinirdi o uşaq. Çoxlu qonaq görmüşdü. Babanın biri çəkdi uşağın qulağın. Adam sevinməz ölüyə ölü gəlir. Bir tikə halvayla çörək vardı. Köhnədən nə vaxtsa qalıb qəbir üstə verdilər. Səsin kəssin. Baxmadı məncə uşaq. Rafiq müəllim, o uşaqdı, darıxırdı orda. Axtarırdı özünə bir həmtay. Elə ordada fikirləşdim ki, uşaqdan şəhidmi olar? Özüm-özümə. O uşaq Larisanı, İlqarı görmüşdü. Qulağı ağrıya-ağrıya girdi torpağa, yoxa çıxdı gözümdə. Uşaq girdi torpağa. Çörəyi də götürmədi.Düşündüm ki, elə hər zaman bu dünyada yox, o dünyada da qulağı çəkilir uşağın. Uşaq uşaqdı. Ölülər qışqırdılar. Biz belə ölməmişdik. Biri yerdən dedi: – Danışığını bil, olar ölü deyillər. Bəli onlar ölü deyillər. Sadəcə, Vətən üçün qurbandılar. Ölməzdilər!
Bir gün atamdan xahiş elədim ki, məni Bakıya Şəhidlər xiyabana aparsın. Mən bir-bir hamını tanıtıyrdım sanki. Oxuyurdum Rafiqin kitabın təkrar. Eyni şəkillər. Nədən eyni? Onları ərsəyə gətirən ev-ev qapı-qapı tək, toplayan yazıçının hissini, həyacanını orda anlaya bilirdim. Yüz qırx yeddi şəhidi qırx gün içində bir yerə toplayıb, ərsəyə gətirmişdi. Qəlbinə sığdırmışdı sanki. Kitabın otuz illik təqdimatın izləyəndə belə o həyacanla danışırdı. Fərizə, İlham uyurdu Xiyabanın başlanğıcında. Fərizəni niyə başlanğıcda basdırdılar? İlham ondan öncəydi. O, dərmanı içincə getdi. Onun arxasınca. Bunu da fikirləşib yazar. Qeyrətli türk kişisi naməhrəmi də belə o dünyada fikirləşir. Mənim fikrim hələ də o Xiyabanda, qulağı çəkilən körpədəydi. Xəyalən. Larisa, İlqar mənim yaşıdlarım idi. Onlara sarı da baxdım. Bəlkə orda olar o körpə deyə. Mən də uşaq idim, axı. İndi şəhidin kim olduğun beş yaşlı uşaq da bilir.
Bu xalqın, bu millətin Xəlilrza Ulutürktək şairi, tək, bir balasını, Təbrizini Vətənə, bu elə qurban verən şəhid atası var! Azadlığı zərrə-zərrə, qıram-qıram yox, bütöv istəyən vətənpərvər oğlu, oğlanları var. Bəxtyarın o gecə mətbəxdə çay süzən nənəni necə canlandırdığını gördüm. Bəlkə İlqar körpəykən şəhid olmasaydı… Arpel və ya qırxdörd günlük müharibənin qəhrəmanı olacaqdı. Yazılmışdı qismətinə yaşından aslı olmayaraq. Elə o şənbə gecəsindən düşdük yola. Azadlıq! Azadlıq! – deyə-deyə. Vətən var olsun!
Bu gün yenə o kitabları sanki üçüncü dəfə təkrarladım. Daha dərindən anladım. Əliyalın, silahsız, çarəsiz, yaşından aslı olmayan qəhrəmanlarını o gecədən öz qanlarıyla Azadlığın qızıl hərflərlə yazmasını… Azadlıq! – deyə-deyə canlarından keçdiyini, əzalarını itirib bir Vətən olmasını xatırladım. O gecənin faciəsi heç vaxt unuzulmaz olacaq. Mən o vaxt Şəhidlər xiyabanında söz verdim ki, böyüyəndə mən də sizin üçün yazacam. Vətən adlı oğulların əziz xatirəsinə yazıb-yaratmaq arzusundayam. Bacara bildiyim qədər. Şəhidlərimzin hər birinin – Vətəni üçün canından keçənlərin ruhu şad olsun.
Zərifə
Maçaxı kəndi