İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektorunun birgə təşkilatçılığı ilə 09 dekabr 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, Təhsil Sektorunun metodisti Ülviyyə Zeynalova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Ruşan kənd tam orta məktəbin tarix müəllimi Sahil Əzimov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəblərin direktorları, müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə istedadların üzə çıxarılması olub.
İlk öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər və tarix müəllimi tərəfindən şagirdlər bir daha Ulu öndərin siyasi kursu, Azərbaycan dövlətinin və xalqının həyatında xilaskarlıq missiyası haqqında maarifləndiriliblər. Eyni zamanda Azərbaycan xalqı üçün ali və mənəvi dəyər daşıyan Ulu Öndərin istər ölkə daxilində, istərsə də ölkə xaricində adının qürurla və fəxrlə anılmasının hər birimizin vətəndaşlıq borcu olduğu, bu dəyəri yaşatmağın və qorumağın vacibliyi vurğulanıb.
Daha sonra məktəblilər tərəfindən kompozisiya təşkil edilib, onların ifasında şeir nömrələri dinlənilib.
Heydər Əliyev Mərkəzi daxilində həyata keçirilən ekskursiyadan sonra müsabiqəyə start verilib. Verilən bir saat ərzində şagirdlər öz fikir və duyğularını qələmə alıblar. İsmayıllı şəhər və kənd məktəblilərinin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələrinə əsasən qalib olmuş gənclər İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif ediləcəklər.