(Əvvəli ötən sayımızda)

Buna Bağırov neyləyə bilərdi. Məhkəmə salonundan xaric 15 dəqiqə ərzində, bunkerlərdə araşdırma aparan “Troyka” üçün göydəndüşmə tapıntı deyildimi?

Mir Cəfər Bağırovu xalq sevirdi. Bu sevgini o özü qazanmışdı. Müharibə dövründə ruslarla bir cəbhədə vuruşan soydaşlarımız dil bilmədikləri üçün çoxlu sayda rus şovinizminin qurbanı olmuşdular. M.C.Bağırovun müdaxiləsindən sonra yaradılan 5 Azərbaycan diviziyası ruslara 1941-45-ci illərdə cahanşümul qələbə qazandırdı. Berlində Reystaq üzərinə ilk Qələbə bayrağını 416-cı Taqanroq diviziyasının əsgəri azərbaycanlı balası Məmmədov sancmışdı. (Lakin ədalətsizlik edib onu rus Yeqorovun, gürcü Kantariyanın adına çıxdılar)

M.C.Bağırov arxa cəbhəni də həmişə diqqətdə saxlayırdı. Məsələn, Basqal kəndindən müəllimə Zəminə Məmmədova ona ünvanladığı məktubunda, ataları cəbhələrdə vuruşan uşaqların səfalət, aclıq və bit-birə içərisində yaşadıqlarını bildiridi. Bir müddətdən sonra Bağırov özü gəlir Basqala. Müəllimənin göstərdiyi bütün faktlar təsdiq olunur. Çox keçmir ki, Basqala içərisi un, şəkər, sabun, gündəlik təlabat malları daşıyan maşınların ardı-arası kəsilməyir. Başqa bir misal. Ağdam rayonunun kəndlərindən birində yaşayan bir əsgər ailəsi Bağırova kolxoz sədrinin onu pis niyətlə incitdiyini bidirir. Məktubda yazılanlar dəqiqləşdirilir. Bağırov Bakıdan birbaşa tarlaya gəlir. Rəhbərin gəlişindən sevinən kolxoz sədri, canfəşanlıq göstərib ona yaxınlaşmaq istəyəndə, Bağırov əlini cibindən çıxarmadan cibindəki tapanca ilə sədri qətlə yetiribmiş. Və s…

M.C.Bağırov ona kəsilən “güllələnmə” hökmündən sonra çıxış etdiyi “son sözündə”: “Məni güllələmək azdır. Məni 4 yerə şaqqalayın və o hissələri şəhərin giriş qapılarından asın. Çünki mən bu tulalarıma inanmışam”, deyib Markaryanı, Sumbatyanı, Qriqoryanı, Yemelyanovu və s. göstəribmiş.

M.C.Bağırova verilən “güllələnmə” hökmünün icra edilməsinə də, o vaxt məzuniyyətdə olan SSRİ Ali Soveti Sədri vəzifəsini müvəqqəti icra edən Ermənistan SSR Ali Sovetinin sədri imza atmışdır. (Bu da təsadüfdür?) Lakin, çox illər sonra Bağırovun Uzaq Şərqin əl çatmaz, ün yetməz xüsusi lagerlərinin birində 83 yaşadək yaşaması və orada ölərək “?” saylı məzarda dəfn olunması məlum oldu. Bu Böyük Azərbaycanlını ilk dəfə o məzarlıqda yad edib ruhuna dualar oxuyan ilk azərbaycanlılar Uzaq Şərq hərbi dairəsinin prokuroru (milliyyətcə azərbaycanlı olubdur) və həmin hərbi dairənin orqanı olan qəzetin əməkdaşı, sonradan “Xalq” qəzetinin baş redaktoru, daha sonra isə “Müsavat” qəzetinin köşə yazarı olmuş mərhum Mahal İsmayıloğlu olublar. Mahal müəllim bunları “Müsavat” qəzetində yazıb dərc etdirmişdir. Artıq M.C.Bağırovun nəşinin qalıqları neçə ildir ki, çox sevdiyi Vətəni Azərbaycana gətirilmiş və qəbristanlıqların birində dəfn edilmişdir. Ruhu şad olsun.

***

Bu, bir ingilis filosofunun ifadəsidir: “Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətləridir”. Mən tərəddüd etmədən bu ifadəni 1959-1966-cı illər arası Bakı şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri işləmiş Əliş Cəmil oğlu Ləmbəranskiyə şamil edirəm. Mənim bu qənaətim Əliş müəllim haqqında eşitdiyim xoş sözlər, onun xeyirxah əməlləri və bugünkü gözəl Bakımızın ilk Meri olmasıdır.

Yaşıdlarım yəqin ki, dənizkənarı bulvarın 1956-cı ildəki durumunu unutmayıblar. Küləkli havada Xəzərin şahə qalxmış dalğalarının qarşısını alan heç bir mühəndis texniki qurğu yox idi. Dalğalar çəkiləndən sonra sahil çoxlu sayda şişmiş balıq cəsədləri, mazutlu taxta-şalban qırıqları və saysız-hesabsız məişət tullantıları ilə dolu olardı. Natəmizlik baş alıb gedərdi. Sahildə gəzərkən üst-başımız çirkab sularla islanardı. Yaşıllıqlar yox dərəcəsində idi.

1959-cu ildə Bakı Sovetinə yeni sədr gəlmiş Əliş müəllim, ilk gündən şəhərin abadlıq işlərinə inamla girişdi. Dünyanın qabaqcıl və mədəni dövlətlərini gəzib ən son yenilikləri Bakıya gətirdi. Məişət tullantıları və üfunət girdabına çevrilmiş ərazini təmizlədib, ətrafında bağ salmaqla, bu gün də fəaliyyətdə olan “Venetsiya kanallarını” yaratdı. Şəhərə xüsusi gözəllik verən, dağüstü parkla sahili birləşdirən funikulyor tramvayı dəmiryol xəttini çəkdirdi. Tez bir zamanda Bakımız Neapolla müqayisə olunan bir şəhər səviyyəsinə çatdı.

Əliş müəllimdən qabaq bir çoxları bu vəzifədə çalışsalar da, Onun adı “Bakının İlk Meri” kimi tarixə düşüb. Görənlər danışardılar ki, Əliş müəllim hər gün, bütün şəhər yatandan sonra onu məhəllə-məhəllə, küçə-küçə gəzərmiş. Səliqə-sahmana, təmizliyə fikir verərmiş. İdarə və müəssisələrin adları yazılmış lövhələrin düzgün yazılışına diqqət yetirərmiş. Yabanı sözləri sevməzmiş, elektrik saatlarından tutmuş ən xırda detallara nəzər yetirərmiş. Əyilmiş tullantı yeşiklərini belə düzəldərmiş. Şəhərin abı havasına uyğun gəlməyən, şəhər mühiti ilə uzlaşmayan, şəhər mühitinə xələl gətirən bayağılıqları sevməzmiş. Hətta danışardılar ki, Əliş müəllim bir gün şəp-şəp və xalatda mağazaya girən bir qadını görmüş, onu dərhal oradan geri çıxartdırmış və 15 günlüyə ev dustağı etdirmişdi.

Əliş Ləmbəranski olduqca duyğulu və qayğıkeş insan olubdur. Bunu mən qaynatam timsalında söyləyə bilərəm. Belə ki, qaynatam gənc yaşlarında həqiqi hərbi xidmətdə olarkən, hərbi qayda-qanuna uyğun olaraq, ondan “əməyin müdafiəsinə hazır ol!” (QTO), normativini ödəmək üçün suda üzməsini tələb edirlər. O isə, üzməyi bacarmadığını israr edir. Buna baxmayaraq, komandiri qəflətən onu suya itələyir və gözlənilməz hadisə baş verir. Əsgər ağır ürək xəstəliyinə düçar olur və bu diaqnoz ilə, bir çox şeylərə, hətta növbədənkənar mənzil almaq imtiyazı ilə ordudan tərxis olunur. Lakin aradan çox illər keçməsinə və 4 uşaq atası olmasına baxmayaraq, bu imtiyazdan faydalana bilməyir, onu get-gələ salırlar. O, Baksovetə yeni sədr seçilməsi xəbərini eşidib onun qəbuluna yollanır. İş elə gətirir ki, kiçicik qızına və qoltuq ağaçlarına söykənə-söykənə sərt pilləkənləri qalxarkən, Əliş müəllimlə qarşılaşırlar. Əliş müəllimin təkidi ilə dərdini ona söyləyir. Əliş müəllim başını bulayır, “ay insafsızlar” deyə söylənir və: “Qayıt get, oğlum. Bir də əziyyət çəkib gəlmə. Özüm sənə xəbər göndərəcəm” deyir..

Doğrudan da, üstündən heç üç ay keçməmiş Əliş müəllim vədinə əməl edir. Əlilə Montin qəsəbəsində yeni tikilmiş binada üç otaqlı mənzil verir. Üstəlik, ailənin imkanlarını nəzərə alıb 4 uşağının hamısını təhsil almaları üçün, o vaxt çox çətin olan internat məktəbə düzəldir.

(Bu sətirləri yazarkən, İsmayıllı rayonunun Tircan kəndində yaşayan 90 yaşlı iki ahıl insan yadıma düşdü. 550-dən çox evi olan kənddə yalnız bu qocaların mənzilinə qaz xətti çəkilməyibdir. Səbəb ən yaxın qaz xəttindən 300 m. aralı olduğu halda, kağız üzərində 600 m. göstərilməsidir. Müraciət etmədikləri dövlət qurumları qalmayıb. Hamısı nəticəsiz qalıb. Halbuki, mavi yanacaqdan faydalanmağa hamıdan çox bu ailənin haqqı var. Ailə başçısı Piriyev Abdulkərim Kərim oğlu dənizdə ilk neft-qaz çıxaran işçilərdən birincisidir. O, Neftçi Qurban, Xoşbəxt Yusifzadə, Bəhmən Hacıyev, Bəxtiyar Məmmədov, Akif Cəfərov, Gülbala Əliyev kimi məşhur neftçilərlə eyni zamanda istehsalata gəlib, onlarla çiyin-çiyinə işləyənlərdəndir. 1960-cı ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin Sədri Səftər Cəfərovun imzası ilə “Fəxri neftçidir”. Üstəlik, neft-qaz sənayesi uğrunda 2.10.1997-ci ildə dənizdə baş vermiş vertalyot qəzasında 36 yaşında bir oğul da qurban veribdir. Görəsən Əliş müəllim sağ olsaydı bu ədalətsizliyə nə ad verərdi?)

Əliş müəllim ocağından daha bir töhvə. İllərlə uzanan mübahisəli bir məsələ üçün Yasamal rayon Xalq məhkəməsinə müraciət etməli olmuşdum. İşə Əliş Ləmbəranskinin oğlu Elman Ləmbəranski baxmalı oldu. İllərlə uzadılan işə ədalətli qərar verən Elman müəllimin də, qaynatamın dərddə olduğunu gördüm. Çox sarsıldım. Heç demə,nƏliş müəllimin özü də, 28 yaşında ikən, 1942-ci ildə cəbhədə yaralanmış, bu səbəbdən ordudan tərxis olunmuşdur. Çəliyə möhtac olan bu böyük İnsan, ömrünün sonuna kimi bədənində qəlpə parçaları gəzdiribmiş. Qəbrin nurla dolsun, Əliş müəllim!.

***

Bütün şairlərə böyük rəğbətim var. Onun məktəbi yoxdur. Şairlik, şəxsin el-obasına, millətinə bəslədiyi məhəbbətdən doğan can yanğısının təzahürüdir. Belə insanlar Allah dərgahında seçilib sevilənlərdir. Xüsusən mənsub olduğu millətin qəhrəmanlıqlarla dolu keçmişini, əzab və məşəqqətlərini, sevin və kədərlərini əsərlərində tərənnüm edən, gələcək nəsillərə çatdıran şairlər xalq tərəfindən daha çox sevilirlər. Bu gün, duyğu və düşüncələri ilə qəlbimə yatan, bədənimin bütün əriş və arğacına hopan belə vətənpərvər şairlərdən bir neçəsi haqda söz açmaq istəyirəm. Onlar Əhməd Cavad, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almas Yıldırım və s. kimi mübariz, çılğın, üsyankar mövqe tutan istiqlal şairlərinin ənənələrini yaşadıb davam etdirən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Arazdır. Bu günkü müstəqilliyimizin qazanılmasında onların yazdıqları od saçan, qan sızan şeirlərinin danılmaz təsiri olmuşdur.

Mən milli dərketmənin və milli oyanışımızın tarixini 1960-cı illərin ortalarından başlandığını hesab edirəm. O vaxt, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin 3-cü kurs tələbəsi ikən təhsildən ayrılıb aparıldığım üç illik həqiqi xidmətdən sonra qayıdıb təhsilimə yenicə bərpa olunmuşdum. Respublikada, eləcə də tələbələr arasında böyük milli coşqu hiss olunurdu. Mətbuat səhifələrində də bunu duymaq olurdu. Bəxtiyar Vahabzadənin “Şəki fəhləsi” qəzetində dərc olunmuş “Gülüstan” poeması tez bir zamanda ildırım sürətilə respublikaya yayıldı. Poemanın cığara kağızlarında çap edilmiş nüsxələri məxfi olaraq tələbələr arasında əldən-ələ gəzirdi. Şair bu poemasında tarix dərslərində bizə öyrədilməyən, mahiyyəti bizdən gizlədilən “Gülüstan Müqaviləsi”nin iç üzü açılıb xalqa göstərilirdi. 1813-cü il oktyabar ayının 24-də Gülüstan kəndində imzalanan bu müqavilə əsasında Azərbaycanımız rus və iran imperiyaları arasında bölüşdürülmüşdü. 1828-ci ildə isə Rusiyanın himayədarlığı altında ermənilər İrandan, Türkiyədən, Suriyadan və digər dövlətlərdən köçürülərək “Türkistan“ hərbi dairəsinin əhatə etdiyi Türkmənistan, Qazaxstan, Özbəkistan və Qırğızıstan respublikalarında hərbi xidmətim zamanı, bu respublikaların ilan mələyən səhralarına səpələnmiş saysız-hesabsız soydaşlarımızı görmüşdüm. Onlarla görüşüb söhbət etmişdim. Acı talelərindən xəbər tutmuşdum. Ermənilərin bolşeviklərlə birləşib millətimizin başına gətirdikləri müsibətlərdən mən ancaq orada xəbər tutmuşdum. İndi isə fəallaşan bir cəmiyyətdə hər şeydən halı olan 25 yaşlı yetkin cavan olaraq, geridə qala bilməzdim…

Gülüstan” poemasına görə uzun müddət təqib olunan Bəxtiyar müəllim, artıq öz sözünü demişdi. Milli coşqu 1967-ci ildə böyük təntənə ilə qeyd olunan “Bahar Bayramı” səviyyəsinədək gəlib çatdı. Bəxtiyar Vahabzadə, Şıxəli Qurbanov və s. el fədailərini qorxudub susdura bilmədilər.

Bir gün “Bakı” axşam qəzetinin 4-cü səhifəsində, o qədər də diqqəti cəlb etməyən, “Poeziya yarpaqları” başlığı altında kiçik bir şeir nəzərimi cəlb etdi. Müəllifi Bəxtiyar müəllim idi. Şeirin bir bəndi indi də yadımdadır:

Mən qədim bir mahnıyam

Xallarım əlvan-əlvan.

Musiqim Qarabağdır,

Sözlərimsə Naxçıvan.

Şeirin məzmunu belə idi ki, mənim heç kəsin torpağında gözüm yoxdur və torpağımın bir qarışını da kimsəyə vermərəm. Düşündürücü şeir idi. Mən özlüyümdə fikirləşdim ki, bu şeir əbəs yerə yazılmayıb, bunun arxasında nə isə bir məna var. Xeyli müddətdən sonra bəzi süzüntülərdən məlum oldu ki, demə ermənilər o vaxtkı Azərbaycan rəhbərliyinin zəifliyindən istifadə edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda 45 minlik “imza” ilə Moskvaya müraciət ediblərmiş. Həmin şeir də o müraciətə cavab olaraq yazılmışdır.

Ümumiyyətlə, Bəxtiyar müəllim, Mir Cəfər Bağırov və Mirzə İbrahimovdan sonra vətənimizin bütövlüyü uğrunda mübarizə aparan ziyalılardan biri idi. İri həcmli əsərlərindən tutmuş ən kiçik lövhələrinə kimi bütün yazılarında vətən sevgisi, torpaq yanğısı, millət təəssübkeşliyi duyulur.

Rübabə xanım Muradovanın yana-yana oxuduğu bir mahnının sözlərinə diqqət yetirək:

İşə bax, haqlıykən olmuşam nahaq,

Həmdəmim yanında qısadır dilim.

Uzaq səfərdəyəm, bilinmir ancaq

Sonuncu düşərgəm, axır mənzilim…

Sevdim, sevilmədim, alçaldım ancaq,

Bu eşqin özünə mən, mən olmuşam.

Sən bir ürəkdəki dönüklüyə bax,

Sevdiyim insana düşmən olmuşam.

Məni vurmaq üçün işə baxın ki,

Sevgim dost əlində qılınc olubdur.

Hamının başını ucaldan vətən

Mənimsə başıma qaxınc olubdur.

(Ardı var)

Vaqif Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir