Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Etibar Fazil oğlu Şirinovun anım günündə doğulduğu İvanovka kəndində küçələrdən birinə onun adı verilib.
Açılış mərasimində rayonun hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himni səsləndirilib.
Daha sonra şəhidin məzarı ziyarət olunub, məzarı önünə tər gül dəstələri qoyulub, ruhuna dualar edilib.
Küçənin açılışı mərasimində bildirilib ki, şəhid Etibar Şirinov torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi vuruşaraq qəhrəmancasına şəhid olub.
Şəhidlər qanları, canları ilə xalqımıza Qələbə sevincini yaşatdılar. Bizlər onlara hər zaman borcluyuq. Şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Azərbaycanda şəhid ailələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlərin səsləndirilməsi ilə başa çatıb.