Həyatda elə insanlar var ki, onların həqiqi ömrü dünyadan köçəndə, haqq dünyasına qovuşandan sonra başlayır, cismani yoxluğu bir o qədər də hiss olunmur. Bir əsrə yaxın yaşamış gözəl insan – alim-tədqiqatçı Qulam Məmmədlinin sözləri ilə desək, həyatın sonu təbiətin qanunudur. Lakin sonsuz həyat da var – İnsanı yaşadan mənalı həyat. Belələrinin həyatı onun qoyub getdiyi nəcib və xeyirxah əməllərdə, işlərində, sədası qulaqlardan getməyən səsində, yetirmələrinin sözlərində davam edir. Adətən, belələri haqqında “Kişi ömrü yaşadı”, “Eldən getdi”, “Az yaşadı, ləyaqətlə yaşadı” – söyləyir, özünə və ölənlərinə Allahdan rəhmət diləyirlər. Azərbaycan müəllimlərinin ahıl nəslinə mənsub olan 1923-cü ildə İsmayıllı rayonunun dilbər güşəsi, Tircan kəndində dünyaya göz açan Əlislam Xəlil oğlu Əliyev də belə insanlardan biri olmuşdur.
Həmişə dünyada gözəllik axtar,
Yaxşı ad almaqda əbədiyyət var
Nizami Gəncəvi
Onun haqqında kitab yazılmasını Gülnarə xanım Məlikovadan eşidəndə bir qədər fikrə getdim. Çünki onunla heç vaxt təmasda olmamış, amma yetirmələrinin xatirələrini eşidib dinləmişdim. Bu səbəbdən qərar verdim ki, mən də bilib eşitdiklərimi mümkün qədər daha çox adama çatdırım.
Yetirmələri barəsində vurğulayırlar ki, insan ömür sürdüyü dövrdə yaxşılıqları, elə pislikləri də özü üçün qazanır. Həqiqətən inanırsan ki, insanın cismani ömründən sonra mənəvi ömrü başlayır. Əlislam müəllimin ömrü kimi. O, görə-görə gəlmiş, öyrənə–öyrənə artıb inkişaf etmiş, kamilləşmiş, şəxsiyyət səviyyəsinə. Alicənablıq zirvəsinə yüksəlmişdi.
Doğma kəndin səkkizillik məktəbini bitirəndən sonra, ehtiyaca görə Tircan kəndində müəllim işlədi. Təşkilatçılığı və bacarığı sayəsində tezliklə ən yaxşı müəllimlərin səviyyəsinə yüksəldi, hamı tərəfindən sevildi.
İkinci Dünya müharibasi başlar-başlanmaz Ə.Əliyevi hərbi xidmətə çağırdılar. Qanlı döyüşlərin iştirakçısı oldu. Müharibənin sonuna yaxın yaralandı, hospitallara düşdü. Uzun, ağrılı müalicələrdən sonra tərxis olunub, arxa cəbhəyə göndərildi.
Əlislam müəllimdə əsl pedaqoqa aid bütün xüsusiyyətlər var idi. Ali təhsilinin olmaması özünü də sıxırdı. Odur ki, sənədlərini 1945-ci ildə Bakı Dövlət Universitetinə, tarix-fəlsəfə fakültəsinə daxil olmaq üçün təqdim etdi. Heç bir çətinliklə üzləşmədən tələbə adını qazandı. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirdi. Bir müddət Elmlər Akademiyasında çalışdı. 1961-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində (APİ-də) fəlsəfə kafedrasında işlədi. Onun zəngin təcrübəsi öz bəhrəsini verirdi. Əlislam müəllim sanki elə bu iş üçün doğulmuşdu. Əlislam müəllim onu tanıyanların, dərs dediyi tələbələrin, xüsusilə müəllim yoldaşlarının qəlbində əbədi yaşayan, həmişə ehtiramla yad edilən şəxsiyyətlərdəndir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix, fəlsəfə və onun tədrisi metodikası kafedrası müstəqil fəaliyyətə başladığı vaxtda Əlislam Xəlil oğlu Əliyev aspirant olmuş, ömrünün sonunadək bu kafedrada aspirant müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Yetirmələri, doğma kənd sakinlərinin çoxu Əlislam müəllimi bir ziyalı, məsləhətçi dost kimi, nümunəvi olduğunu söyləyirlər. Bu çalışqan insan ixtisasının gözəl bilicisi idi. Kafedraya gələn tədqiqat işlərini, dərslikləri, müxtəlif vəsaitləri oxumağı, onlara rəy verməyi xoşlayırdı. Onun hər hansı bir işdə sağlam mövqedən göstərdiyi qüsur və iradlar, verdiyi təklif və məsləhətlər işin xeyrinə olardı.
Yetirmələri söyləyirlər ki, Əlislam müəllim görünüş baxımından – özünə, geyiminə, səliqə-sahmanına diqqətə görə də seçilirdi. Dostluqda etibarlı, sədaqətli və səxavətli idi. Vətəni, xalqı, el-obasını sonsuz məhəbbətlə sevirdi.
Yaşasaydı yaxın vaxtlarda 100 illik yubileyində özü də olacaqdı. Amma nə etməli, həyatın öz qanunları var. Hər gəlişin bir gedişi var insan ömründə. Xoşbəxt o kəslərdir ki, yaxşı əməlləri, unudulmaz adları ilə xatirələrdə, yaddaşlarda zaman-zaman yaşayır.
Bilirəm, onun yüksən insani cəhətləri barədə yaxınları, dostları, tanyanlar hər zaman xoş xatirələr söyləyəcəklər. Deyilənləri təkrarlamadan mən də fikirlərimi müxtəsərləşdirib deyirəm:
Bu narahat dünyamızda yaxşıların xeyir-duası ilə rahat uyumaq da bir şərəfdir. Bu şərəfi sadəliyi, bacarığı, səmimiyyəti ilə qazanmış el ağsaqqalı dünyasını dəyişəmdə, vəsiyyətinə görə elə ürəkdən sevdiyi Tircan torpağına 1998-ci ilin iyun ayının 10-da tapşırıldı. İllər ötməkdə davam edir. Davamlı olan bir də odur ki, Əlislam müəllimin qəbri onu ehtiramla ananlar tərəfindən gül-çiçəklə, böyük sevgi ilə ziyarət olunmaqdadır. Onun el içində qazandığı hörmətdən hələ neçə-necə nəsilə pay çatacaqdır.
Həyatı nümunə olan insanları sağlığında, ölümündən sonra da təbliğ etmək, əziz tutmaq hər birimizə borcdur.
Yaxşıları sevək, onların şərəfli adlarını, hörmətlərini uca tutaq ki, qədirbilən xalqımıza xas mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdə borclu qalmayaq.
Hacıməmməd Məmmədov,
müəllim, yazıçı-publisist