İsmayıllı rayonunun Qalınçaq kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhid Fuad Nəcəfovun ad günündə Vətən övladlarının xatirəsinə inşa edilən “Qalınçaq şəhidləri” abidə-kompleksinin açılışı olub.
Açılış mərasimində RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan qələbədə Qalınçaq kəndindən olan şəhidlərin də rolunun olduğunu vurğulayıb, şəhid Fuadın döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib, abidənin inşasında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Tədbirdə Z.Qarayev adına Qalınçaq kənd tam orta məktəbin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Açılış mərasimindən sonra mərasim iştirakçıları şəhid Fuad Nəcəfovun ailəsində olub, şəhidin ev muzeyinə baxış keçiriblər.