Görkəmli yazıçı və əvəzsiz alim Mir Cəlalın “Açıq kitab” romanının müzakirəsi keçirilib.
Bu gün İsmayıllı rayon Mərkəzi kitabxanasında “Mütaliəçilər” kitab klubunun üzvlərinin təşkilatçılığı ilə görkəmli yazıçı və əvəzsiz alim Mir Cəlalın “Açıq kitab” romanının müzakirəsi keçirilib.
Müzakirə zamanı iştirakçılar romanın qəhrəmanları təhlil etdilər, hərə öz fikrini bildirdi və romandan sitatlar oxudular.
XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və “Açıq kitab” romanı toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir. Kəskin tənqidi-satirik ruhu ilə seçilən və sənətkarlıq baxımından qüvvətli “Açıq kitab” romanında isə dövrün əsas qüsuru kimi “gəldiyevçilik” əsl bədii-fəlsəfi ümumiləşmə səviyyəsində ifşa olunur.
E.Mikayılova