7 sentyabr 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan bədii fikrinin görkəmli siması, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 mart 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq Xalq yazıçısı İlyas Əfəndiyevin “Natəvan” pyesinin II hissəsinin motivləri əsasında hazırlanan “Xan qızı – Natəvan” tamaşası nümayiş olunub.

Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülmüşdür. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilmişdir. Natəvan obrazı əsərin mərkəzində dayanır. Natəvanın şəxsi həyatı və ictimai fəaliyyəti bir nöqtədə birləşir: O, dərin vətənpərvərdir. Natəvan kübar cəmiyyəti təmsil etsə də, möhkəm tellərlə sadə insanlara bağlıdır. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir. O bütün həyatını xalqının haqqının tanınması, sadə zəhmət adamlarının vəziyyətinin yüngülləşdirilməsi uğrunda mübarizəyə həsr edir.

Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sonda isə xatirə şəkli çəkdirilib.

Nurtən Əkbərli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir