Əvvəlcə mənfur düşmənlə qarşılaşmada güllə yarası aldığını eşitdik. Tez sağalmağın üçün dualar etdik. Lakin az sonra yayılan şəhidlik xəbərin gəldi. Bu xəbərlə sən əbədiyyətə, unudulmazlığa, el oğluna çevrildin Elnurumuz.
Böyük şair Məmməd Arazın heykəlləşmiş misraları düşdü həmin anda yadıma:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim!
Əzizlərin, doğmalarınla bərabər el, camaat vida mərasimində iştirak etdi. Mən də o izdihamda idim.
Yaxınlarını, doğmalarını qürurlu görmək təsəllim oldu. Səni böyük el məhəbbəti ilə əbədi uyuyacağın mənzilə – Sumqayıta yola saldıq. Ana torpaq, balam, oğlum deyə səni qucağına aldı. Ruhun şad, qəbrin nurlu olsun, Elnur.
Sən Vətən üçün əsl övlad, xidmət etdiyin orduda düşmənə layiqli cavab verən qəhrəman döyüşçü oldun.
Adından doğan nuru elinə, obana, Vətəninə yaydın.
Böyük arzuların vardı. Əfsuslar olsun ki, xain düşmən hiyləsinə tuş gəldin, arzuların yarıda qırıldı. Amma əminəm ki, iki azyaşlı övladın unudulmaz, nurlu adınla fəxr edib böyüyəcək, yarıda qalan arzularına həyat verəcəkdir. Əminəm ki, bu xalq, bu Vətən sizləri bir an belə unutmayacaq. Bütün zamanlarda siz yetişən nəslin qürur yeri, fəxri, fəxarəti olacaqsız, ölməzlərimiz!
Anan Sənubər xanımla uzun illər bir məktəbdə, müəllim işlədim. Sən Vətəni də ana qədər sevdin, bu müqəddəslər naminə şəhidliyi üstün tutdun.
Bundan belə oğul və qızlarımız mərdliyi, mətanəti, Vətənə sevgini Sizdən öyrənəcək. Müəllimin kimi fəxr edirəm ki, bizdən öyrəndiklərin dar məqamda gərəkli oldu. Allah sənə rəhmət eləsin, ölümü ilə ölməzlik qazanan oğul!
Sədaqət İsazadə,
təqaüddə olan müəllim