Dilimiz çox zəngin, çox qüdrətlidir.
Dil təkcə ünsiyyət vasitəsi yox,
Millətin millətlik vəsiqəsidir.
Daim bütün fəaliyyəti ilə: “Günümdə, dərsimdə, kitabımda, gündəlik nitqimdə səni sevmişəm, ay mənim tarixin eniş-yoxuşlarında, xalqın göz bəbəyi kimi qoruduğu şirin ünvanı, mənliyi, kimliyi, həyat pasportu olan mənim doğma dilim – Azərbaycan dilim”, – söyləyən, həyat idealı seçən bütün qəlbi ilə Azərbaycanlı olan hörmətli bir filoloq xanımdan, onun yaxşı işlərindən, xeyirxah əməllərindən yazmaq fikrinə düşdüm. Qələm də sevindi, ürək də. Çünki müəllimin şəxsi ləyaqətindən tutmuş biliyinə qədər, gördüyü çox işlər gözümün qarşısında baş verib. Əsl müəllim nə qədər çalışsa da, özünü gizlədə bilmir. Şagird həssaslığı, valideyin gözü, ictimaiyyət qiyməti “tərəzi”dir və hər şeyi doğru-düzgün deyir. Müəllimin nə dərəcədə humanist, ədalətli, qayğıkeş, qərəzsiz olması, fənnini necə tədris etməsi hər bir şagirdin verdiyi qiymətlə ölçülə bilər.
Odur ki, yazı qəhrəmanı haqqında düşünəndə, yazmaq qərarı verəndə özümdə dərin məsuliyyət hiss etdim, bir az da ehtiyatlandım. Ehtiyatlanırdım ki, gördüyü işin fövqündə ona layiq sözlər tapmaqda çətinlik çəkim, necə varsa, təqdim etməyi bacarmayım. Amma Söz və Qələm bu yerdə az da olsa, yardımçım oldu…
Bu, bir həqiqətdir ki, ziyalı cəmiyyətin gözü, düşünən beyni, yaradıcı qüvvəsi, maddi-mənəvi və intellektual göstəricisidir. O, ilk növbədə, öz fəaliyyəti ilə seçilən insan, sözübütöv, cəsarətli, əqidəsi və məsləki yolunda hər çətinliyə qatlaşan, yüksək mədəniyyətli, zəngin mənəviyyatlı bir şəxsdir. Biliyi, elmi, mənəviyyatı ilə seçilən, xalqın hörmətini qazanan bir insandır.
Haqqında böyük ehtiramla söz açmaq istədiyimiz pedaqoq və gözəl insan Rəna Manaf qızı Mirzəliyeva belə ziyalılarımızdandır. O, Azərbaycanımızda tanınan, hörmət-izzət sahibi olan ziyalı bir xanımdır.
İsmayıllı rayonunun Hacıhətəmli kəndində dünyaya göz açıb. Burada ayaq açıb, yeriyib, oxuyub orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. Tələbəlik illərində ümumrespublika elmi müsabiqələrində iştirak edib, tərifnamə və diplomlarla təltif olunub. Hacıhətəmli kənd və İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbində müəllim işləyib. Peşəsinə vurğunluğu, şagirdlərlə mütəmadi olaraq ünsiyyətdə olması onu işlədiyi pedaqoji kollektivlərə sevdirib…
R.Mirzəliyeva hal-hazırda İsmayıllı Rayon Təhsil Şöbəsinin metodistidir. Bir metodist kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Tərbiyə işinə cavabdeh olan pedaqoqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, istiqamətləndirilməsi, inkişaf etdirilməsi işini uğurla aparır, təşkil edir.
Harada olmasından, harada işləməsindən asılı olmayaraq, zəngin mütaliəsi, vəzifəsinə dərin məsuliyyətlə yanaşması, əsl vətəndaş mövqeyində durması, tələbkarlığı ona həmişə hörmət qazandırıb.
O, şagirdlərə doğma Ana dilimizi, ədəbiyyatımızı sevdirmək və dərindən öyrətməklə bərabər, onları qorumaq üçün var-qüvvəsini sərf edir. Eyni zamanda bütün həyatı boyu yetişən nəslin doğma Vətənə, cəmiyyətimizə layiq vətəndaş kimi yetişməsinə də böyük qayğı göstərmiş, standart təlim üsulları ilə işləməmiş, daim yenilik axtarmış, həmkarlarına da bunu tövsiyə etmişdir.
Həyat hər kəsə bir ömür yazısı, tarixi nəsib edir. Tanrı R.Mirzəliyevaya da sədaqətli ömür yolu, kamillik çağı bəxş edib. O, bu yolu üzüağ, alnıaçıq yaşaya bilib. Öz əməli ilə başqalarına nümunə olub, vicdanlı vətəndaş, ziyalı, müəllim – pedaqoq kimi seçilməyi, lazım olanda ətrafındakılara dayaq durmağı təmənnasız kömək göstərməyi bacarıb. Bütün bunlar və sadalaya bilmədiyim neçə-neçə məziyyətləri onu hamıya sevdirə bilmiş, yaşadığı və işlədiyi yerlərdə xüsusi hörmət sahibi etmişdir.
Rəna Manaf qızı Mirzəliyeva ona bəxş olunan ömrü mənalı və dəyərli yaşayır, təlim-tərbiyə etdiyi yüzlərlə şagird Azərbaycanımıza ləyaqətlə xidmət edir, dövlətimizin daha da çiçəklənməsi naminə ölkədə gedən quruculuq işlərində fəal iştirak edirlər. Keçmiş şagirdləri bu gün də onunla əlaqə saxlayır, öz minnətdarlıqlarını bildirirlər.
O həm də uzun illərdir ki, hər kəsin yaxından tanıdığı çox sadə, səmimi, savadlı, vətənpərvər və vicdanlı yazar xanımdır. 1970-ci illərdə rayonda çıxan “Zəhmətkeş” qəzetində ştatdankənar müxbir kimi tanınır və sevilirdi. Rəna müəllim elə insanlardandır ki, onunla ünsiyyət qurmaq adama xoş təəssürat oyadır. Amma möhkəm sərtliyi də var. Sözü üzə deyəndir. Odur ki, bu xüsusiyyətinə görə onu bəziləri xoşlamır. Dostlarına qarşı həssas və diqqətlidir. Kimsə, nə üçünsə ona müraciət etsə, bunlar diqqətdən kənarda qalmır. Sözünü qətiyyətlə deyir, haqqını nahaqqa qurban vermir. Hər yerdə, həmişə ədalətli olması, düzlüyün mövqeyində olması onu fərqləndirir.
Rəna Manaf qızı Mirzəliyeva müntəzəm olaraq yerli və Respublika mətbuatında sanballı yazıları ilə çıxış edir. Qələmi iti, yorulmaz bir jurnalistdir. Xalq şairimiz Musaq Yaqub, şair Oqtay İsmayıllı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu, şair-publistist Xalıq Yusiflinin, tarixşi-alim, şair-publisist Aydın Səlimzadə, istedadlı xanım şairə Solmaz Şirvanlı, gənc şair Tərlan Saleh, yumor “ustası” Aslan Aslanovun yaradıcılıqlarını araşdıraraq özünəməxsus şəkildə təhlillər aparmışdır. O, bu sahədə sanki bir tənqidçi, ədəbiyyatşünas kimi çıxış etmişdir.
“Hər ürəkdə bir Aydın”, “Atam mənə oğul deyib…”, “Dünya nə gözəl…” kitablarının müəllifidir.
R.Mirzəliyevanın dəmir iradəsinə, Vətənin dağına, daşına, adi bir kol-kosuna olan məhəbbətinə, bağlılığına hər kəs qibtə edə bilər. O, təpədən-dırnağa vətəncanlı, torpaqsevər, yurdsevərdir. Öz qəlbinin işığında yol gedən xanımlar xanımıdır.
Bildirirəm ki, Rəna Manaf qızı Mirzəliyeva yaradıcılığı ilə həyata əbədi vəsiqə almışdır. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Qızıl qələm” media mükafatçısıdır.
Rəna müəllim həm də gözəl ailə sahibidir: Həyat yoldaşı Allahyar inşaatçı-mühəndisdir.
Övladları Xalid, Xəzri və Səbinə ali təhsillidirlər. Xalid iqtisadçı, Xəzri dil-ədəbiyyat, Səbinə isə ibtidai sinif müəllimidir.
R.Mirzəliyeva mehriban ana, xanım-xatun nənə, qayğıkeş qayınanadır. Dörd nəvəsi var.
Son olaraq Rəna müəllimə uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayır, işlərində yeni-yeni uğurlar diləyirəm. Fikrimi qısa bir şeirlə bitirirəm:
Kəpəz vüqarlısan, şüarın ismət,
Daşır ürəyində elə məhəbbət.
Gözəllik insana Tanrı payıdır,
Sənə qucağını açsın səadət.
Doğsun sənin üçün günəş hər səhər,
Üzünü yuyasan şəfəq selində.
Neçə oxunmamış şeir, nəğmə var,
Qoy dilə gəlsinlər sənin dilində.
Hacıməmməd Məmmədov,
“Qızıl Qələm” media mükafatçısı