İsmayıllı rayonunun Maçaxı kəndi. Azərbaycan tarixində adı fəxrlə çəkilən bu kənd rayon mərkəzindən bir neçə kilometr aralıda, tarixlərə şahidlik etmiş Girdiman çayının sahilində yerləşir. Təbiətin gözəlliyindən, zənginliyindən bu məkanda dünyaya göz açanlara demək olar ki, yetərincə pay çatmışdır. Kəndin uzaq və yaxın keçmişinə dəyər verməklə, 4 il əvvələ müraciət etməli oluram…
Bu kənddə doğulub boya-başa çatmış hərbi xidmət yoldaşımın, Rüfət Vahabzadənin qardaşı Mikayıl 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuşdu. Kəndin yeniyetmə cavanları bu xəbərdən sarsılmadılar, qisas hissi ilə böyüdülər. 2020-ci ilin sentyabr ayının 27-dən başlayan və 44 gündən sonra möhtəşəm QƏLƏBƏ ilə başa çatan müharibədə kəndin yetirməsi, gizir Əşrəf Məmmədli Mikayılın keçdiyi yolu təkrarladı. Vətən uğrunda, onun müqəddəs torpaqlarının yağı tapdağından xilası üçün gedən döyüşlərdən birində şəhidlik zirvəsinə qalxdı.
Əşrəfin şəhidlik xəbəri bu kənddə həyata göz açan Vətən oğullarının igidliyini əyani şəkildə sübut edən əks-səda oldu…
Böyük Qələbədən bir neçə gün sonra dostum Tərlan Həsənovla Əşrəf qardaşımızın ailəsinin qonağı olduq. Şəhidin atası Elman əmi bizi çox mehribanlıqla qarşıladı. O, bir gündə iki qardaşını qəbrə qoyan, dərdini içində gizlədən, qürurlu, dözümlü insandır. Anası isə bu ağır dərdə dözməyib dünyasını dəyişib…
Əşrəfin dəfn olunduğu kənd qəbiristanlığına üz tutduq. Evdən Girdiman çayının günçıxanında yerləşən qəbiristanlığa uzanan yol boyu Elman əmi ötən günlərdən danışdı:
Balalarım, dağ cüssəli oğul itirmişəm. Allahın qismətidir. 1995-ci ildə iki qardaşımı bir gündə torpağa tapşırdım. Bu itki belimi qırmışdı. Övlad itirmək isə çox boyük dərddir… Təsəllim odur ki, qazanılan tarixi Qələbədə Əşrəfin də payı var. Əşrəf çalışqan, dözümlü oğul idi. Əlində sənəti də vardı. Amma həqiqi hərbi xidmətini başa vurandan sonra yenidən orduya qayıtmağa üstünlük verdi. Sərhəd qoşunlarının xüsusi təyinatlıları kursundan uğurla keçdi. Peşəkar snayper-atıcı idi. Komandirləri bildirirlər ki, onun şəxsi hesabında 90-dan çox erməni əsgər və zabitinin məhv edilməsi qeydi var.
Elman əmi Əşrəf üçün indi daha çox darıxdığını deyir. Görüləsi çox işimiz vardı. Amma… Qismət…
Ailənin bir oğlu da hazırda hərbi xidmətdədir. Elman əminin kiçik oğlu Eliyarla şəkil çəkdiririk. Atası deyir ki, o da şəhid qardaşı doğulan gündə anadan olub. Hər cəhətdən Əşrəfə çox bənzəyir. Elman əmi özü isə birinci Qarabağ münaribəsinin od-alovundan keçib, tank heyətində olub…
Dərin, qürurverici hisslərlə Maçaxıdan çıxırıq. Düşünürük ki, övladı şəhid olmuş ata-anaların əlləri gündə dəfələrlə öpülməlidir. Şəhidlərimizə uca Yaradandan rəhmət diləməli, ailələrinə, doğmalarına və əzizlərinə gündəlik qayğı göstərməliyik. Onu da qeyd edim ki, söhbətimiz zamanı Elman əmi Sərhəd Qoşunları rəhbərliyindən razılıq etdi, demək olar ki, hər gün əlaqə yaradıb nəyə ehtiyac olduğunu soruşurlar.
Sonda Elman əmi bildirdi ki, Əşrəf son nəfəsinə qədər döyüşüb. Şəhid olduqda belə silahı sinəsinə sıxıb, əlindən buraxmayıb.
Maçaxı kəndinə səfərimiz, şəhidin ailəsinə baş çəkməyimiz Elman əmimiz üçün böyük təsəlli oldu. Məni və dostum Tərlanı isə xeyli duyğulandırdı. Bu qərara gəldik ki, Elman əmi kimi qürurlu atalar, Mikayıl və Əşrəf kimi igid oğullarımız var olduqca Vətən qüdrətli və basılmazdır…
Sahil Əzimov