Ulu Öndərin anım gününə
Ruhuna salavat, Ulu öndərin,
Yetirib zamanın böyük Liderin.
Şükr olsun Rəbbimə, gülür gözlərim,
44 gün içində Qələbə çaldıq,
Biz bu Zəfər ilə göyə ucaldıq!
Sevindi, çox şükür, ruhu Öndərin,
Dünyaya car oldu Zəfər xəbərin.
Alındı Şuşam da, həm Kəlbəcərim,
İgid ərənlərlə Qələbə çaldıq,
Şəhidlər ruhuyla göyə ucaldıq!
Qorxub çəkilmədi hərb meydanından,
Keçdi igidlərim şirin canından,
Əmr aldı Ordumuz Komandanından,
Xaindən, yağıdan torpağı aldıq,
Düşmənlər üstündə Qələbə çaldıq!
Millətin atası – Ulu öndərim,
Adını ucaltdı Şahım – Liderim.
Güldürdü qaçqının ağlar gözlərin,
Birləşib bir olduq, Qələbə çaldıq,
Yeni tarix yazıb, göyə ucaldıq!
Yetdi vəziyyətin şükür yerinə,
Xalq elə bağlandı öz Liderinə,
İlham döndü ƏSRİN CƏNGAVƏRİnə,
Əsir torpağları yağıdan aldıq,
Zəfər, Qələbəylə tarixdə qaldıq!
Keçirdik Vətəndə Zəfər bayramı,
Gördük Ərdoğanla qoşa İlhamı,
Ruhuna “Şad olsun!” söylədi hamı,
Solmazam, ay ellər Qələbə çaldıq,
Şəhidlər ruhuyla göyə ucaldıq!!!
12 dekabr 2020-ci il
Solmaz Şirvanlı
Cənab Prezident
Yurdumun sevimli rəhbəri oldu,
Ordunun ən igid əsgəri oldu.
Dünyanın dilinin əzbəri oldu,
Haqqın carçısıdır, cənab Prezident!
Ali Baş Komandan, millətə dayaq,
Hər bir çətinliyi qarşılayaraq.
Hansı ölkə rəhbəri var bu sayaq?
Lider yolçusudur cənab Prezident!
Meydan oxudunuz haqsız cahana,
Ramili gətirdiz Azərbaycana.
Sizin qədər millət sevən insana
Təşəkkür sonsuzdur, cənab Prezident!
Siması daima gənclərə örnək,
Hər sözü, söhbəti ədəbi dərnək.
İlham Əliyevi zirvədə görmək,
Xalqın arzusudur, cənab Prezident!
Elnarə Günəş
Əsgərim
Zəfər təntənəsi münasibətilə
Layiqsən hər hörmətə,
Hər şərəfə, hər şana.
Sübut etdin haqqını
Sən bu haqsız dövrana.
Aldın qisasımızı,
Qaytardın yazımızı.
Neçə min arzumuzu
Yetirdin qəlbə, cana.
Dözüb otuz il qəmə,
Haqsız ötən hər dəmə…
Göndərdin cəhənnəmə
Yağını yana-yana.
Torpağı sən aldın, sən,
Zəfəri sən çaldın, sən.
Tarixdə sən qaldın, sən,
Şanın sığmaz dastana!
Şəhid olsan da sağsan,
Varsan, yaşayacaqsan!
Əbədi od, ocaqsan,
Nurun çatır hər yana.
Şirtək girib savaşa,
Hünərlə çıxdın başa!
Alqış sənə, qardaşa,
Həm dosta, Komandana!
Olsa bir də duman, çən,
Ümidimiz sənsən, sən!
Nə vaxt çağırsa Vətən,
Çıx, yenə çıx meydana!
…Sənsən gücüm, hünərim!
Sənsən böyük zəfərim!
Sənə qurban, əsgərim,
Cansan Azərbaycana!
10 dekabr 2020-ci il
Nazir Ziya Talıstanlı
Zəfər nəğməsi
Bizimdir bu növraq, bizimdir bu çağ,
Qələbə çalırıq zəfər çalırıq.
Ölüm də olacaq, qan da olacaq,
İntiqam alırıq, qisas alırıq.
Özgə torpağında yoxdur gözümüz,
Qismətdə nə varsa o bizə bəsdi.
Hər daşın üstündə qalır izimiz,
Əsassız danışmaq daha əbəsdir.
Bizim yurdumuzdur bu çəmən, bu dağ,
Burda sakin olmaz hər yoldan azan.
Bizimdir min ildir çatılan ocaq,
Bizimdir üstündə qaynayan qazan.
Bu namərd düşmənə arxa çox olub,
Olsa da işləri düz gətirməyib.
Burda babaları qulaqsız qalıb,
Hələ nəvələri dərs götürməyib.
Ordumuz düşməni zəmi tək biçib,
Şuşa da bizdədir, Xankəndimiz də.
Şükür 30 illik zülmətdən keçib,
Axır ki ağardı DAN kəndimizdə!
Düşmən cavabını alıb çəkildi,
O öz məzarını özü qazıbdır.
Türkün haqq işinə Allah vəkildi
Türkün tarixini Allah yazıbdır!!!
7 noyabr 2020-ci il
Cəbrayıl Hüseyn
Azərbaycanım
Gözləri yollarda qalan analar,
Həsrətdən çöhrəsi solan analar,
Kövrəlib gözləri dolan analar,
Şükür ki, bu dava qurtardı, bitdi,
Düşmən önümüzdə diz çökdü, itdi.
Canını cəbhədə qoyan igidlər,
Yağının gözünü oyan igidlər,
Düşmən dərisini soyan igidlər,
Ehtiram göstərir sizə yurdumuz,
Yaşasın şərəfli, şanlı ordumuz.
Ali Baş Komandan verdi dərsini,
Kəsdi namərdlərin bənd, bərəsini,
Uçurtdu göylərə hər tikəsini,
Çıxdı azadlığa bütün Qarabağ,
Hər zaman, her yerdə olsun üzun ağ.
Yığıldı yollardan həsrətli gözlər,
Azadlıq ruhunda yazıldı sözlər,
Tənə şilləsindən qurtardı üzlər,
Şəhid, Qazilərlə fəxr edirik biz,
Üzüağ, başıdik yol gedirik biz.
Rüstəməm, dikəldi vüqarımız da,
Ucaldı göylərə bayrağımız da,
Dünyaya nur saçdı çırağımız da,
Qayıtdı özümə şöhrətim, şanım,
Sən xoşbəxt olasan, Azərbaycanım!
Rüstəm Məbudoğlu
Nə gündəsən, a dünya
Fitnə-fəsadın görüb, hamı düşür üstünə,
İstinə qızınan da, qaralan da tüstünə.
Əzilən də, əzən də yaman durub qəsdinə,
Gündə min cür töhmətlə, dəstəylə yağın gəlir,
Mənim də özümə yox, sənə yazığım gəlir.
Yıxdığın dahilərin bil, sayı, hesabı yox,
Diz üstə çökdürdüyün məzlumların daha çox.
Zalımların pulu bol, yazıqların gözü tox,
Özünü toxda bir az, sənə yazığım gəlir.
Niyə beləsən, dünya? Bir ayıl, özünə gəl,
Nə yaxşılıq eləmə, nə də kimsəyə əngəl.
Namərdə qılınc verdin, alicənaba çəngəl,
Otuz il dözüb durdum, indi xoş çağım gəlir,
Nə gündəsən a dünya, sənə yazığım gəlir.
Erməni quldurların atdırdın Qarabağa,
Vicdanını, əhdini satdırdın Qarabağa.
Demə ki, biz türkləri çatdırdın Qarabağa,
Üstünə Baş Komandan, İlhamım, Şahım gəlir,
Azərbaycan ordusu, cəngavər axın gəlir,
Artıq Qarabağ bizim, sənə yazığım gəlir!
oktyabr 2020-ci il
Sadiq Babaoğlu
Qismət ola mənə də
Tapşırılıbdır mənə bərkdən-bərk, Haqq tərəfdən,
Bəlanın qarşısına pərdə, sipər olmağım.
Göstərmişəm gücümü əlim çatana qədər,
Olubdu, var mənim də dərdə çəpər olmağım.
Gözlərində səhəri, qaralmasın gündüzü,
Mənim kimi dərd ilə, qəmlə keçməsin sözü.
Tapıb aparmışam ki, sevinsin, gülsün üzü,
Olub itəndən ötrü xəbər-ətər olmağım.
Niyə qiyməti enir, gəlir oyun başına,
Niyə ləl ucuzlaşır – gəlmir bu iş xoşuma.
Sarımtıl elə şeylər var ki, çıxıb qarşıma,
Sevindirməyir məni mənim zərgər olmağım.
İş elə gətirib ki, boş olubdu qələmdan,
Qələm tapmamışam ki, yazam ələ gələ can.
Çətin günlərdə mənə görünməyibdir asan,
Nisgil dolu, qəm dolu şerə dəftər olmağım.
Qürur yeri sayılam, fəxr olam Vətənə də,
Xalq yanında səhv işim olmaya bir dənə də.
Yazıla qismətimə əbədilik mənim də,
Ola səmada pərvin, göydə ülkər olmağım.
Tamam Nur Tağlabiyanlı
18 dekabr 2019-cu il
Gedəlim
Şuşanın həsrəti yandırdı məni, gəl, gedəlim,
Mənimlə həmrəy olan, uzat mənə əl, gedəlim.
Yağı hiyləgərsə də haqqı yeyilmiş aslanam,
Sanma bir tülkü ola bizlərə əngəl, gedəlim.
Dişimiz, dırnağımızla düşmən üstə getmişik,
Canımızdan Vətənin hər daşı əfzəl, gedəlim.
Bu Vətən mülkünə bir aşılmaz sipər olalım,
Sıra Qafqaz dağıtək duraq müsəlsəl, gedəlim.
İşimiz haqq işidir, Quranla bayraq götürək,
Öpüb göz üstə qoyaq, gəzsin əlbəəl, gedəlim.
Ali Baş Komandanım incələyir məqamını,
Milləti ayan edir gündə müfəssəl, gedəlim.
Namusu qalxan edib qeyrəti qından sıyıraq,
Tərlanam, yön Qarabağ, ordu mükəmməl, gedəlim.
Tərlan Saleh
Desənə
Torpaqlarımızın işğaldan azad olması münasibətilə
Göz yaşardan muştuluqlu xəbər varmı, desənə?
Azad olan yurd yerindən əsər varmı, desənə?
Son qoyuldu otuz ilin həsrətinə nəhayət,
Bu möhtəşəm zəfər kimi zəfər varmı, desənə?
Xankəndinin, Xocalının üzü güldü bu gecə,
Belə aydın, şəfəq saçan səhər varmı, desənə?
Ağdam qeyrət, Gəncə hikmət, Bakı dövlət ocağım,
Başqa yerdə Laçın, ya Kəlbəcər varmı, desənə?
Yer üzündə şəhər var ki, gözəllikdə tayı yox,
Təbriz, Şəki, Şuşa kimi şəhər varmı, desənə?
İnciməsin adlarını çəkmədiyim el-oba,
Azərbaycan elatından məgər varmı, desənə?
Roman, sən də bil zəfərin ləzzətini, dadını,
Şirinlikdə ona çatan şəkər varmı, desənə.
Roman Səfərov
Əsgər
Anan ayaq basıb gəzdiyi yerlər
Sənin qoruduğun vətəndi, əsgər.
Mətin ol, möhkəm ol, igidlər, ərlər,
Sənin qoruduğun vətəndi, əsgər.
Heç zaman arxada qalmasın gözün,
Düşməni məhv elə, qoy gülsün üzün.
Hər kəsə bir örnək cığırın, izin,
Sənin qoruduğun vətəndi, əsgər.
Tanrı pənahında qorusun sizi,
Qələbə müjdəli sevindir bizi.
Bir gün əyiləcək düşmənin dizi,
Sənin qoruduğun vətəndi əsgər.
Nailə Yırğançaylı
Zəfər vaxtıdır
Fərəhdən don geysin ellər, obalar,
Bu gün şərəfli gün, zəfər vaxtıdır!
Bayrağa bükülmüş şəhid məzarı,
Ucalan bayraqla şahlıq taxtıdır.
Torpağın köksündə qanla yazılmış,
Tarixin üzlərə gülən bəxtidir.
Birləşən yumruqla başlar əzilmiş,
Bu gün şərəfli gün, zəfər vaxtıdır!
Sıraya düzülüb qüdrətli ordu,
Döyüşdə qalibdi, hünərlə çıxdı.
Qeyrətdən alınmaz bir qala qurdu,
Bu gün şərəfli gün, zəfər vaxtıdır!
Mehriban İbrahimova
Soyumaz
Ürəyim gecə-gündüz,
Odlu çıraq, soyumaz.
Sinəmdə Vətən eşqi
Yanar ocaq, soyumaz.
Düşmən çətin yaşaya,
Yol gedəcək Şuşaya.
Arzum çatsın dünyaya,
Vətən eşqi siyumaz.
Çox görüb ölən-itən,
Heç hə deyil ona tən.
Ana qoynudur Vətən,
Bu gen qucaq soyumaz.
Düşmən olsun azarlı,
Ordumuzdur vüqarlı.
Qışda soyuq məzarlı,
Şəhid qəbri soyumaz.
Surə Ziyadqızı
Könlüm
Bir az səndən oldu, bir az da məndən,
Elə yavaş-yavaş incidi könlüm.
Əridi tənəli baxışdan, sözdən,
Dünyada ən zərif incidi könlüm
Taleyi tikanlı gözəl çiçəyin,
Qəlbi qara olan üzdən göyçəyin,
İşi düz gəlməyən bir ağbirçəyin
Halına alışdı, səngidi könlüm.
Yatan hisslərimi oyatmaq olmaz.
Ruhumu bir daha boyatmaq olmaz.
Sanma ki, ilişə, tor atmaq olmaz.
Düşmənin önündə süngüdü könlüm.
Yolu yol edənin yolun kəsmədi.
Xəfif mehə döndü, əyri əsmədi.
Gedəcək yerinə heç tələsmədi.
Vaxt vardı toyuma ləngidi könlüm.
Nə vaxtdır torpağım yad əldə əsir.
Qəzəbim böyüyüb səbrimi kəsir.
Qələbə əzmiylə ora tələsir.
Döyüş meydanında cəngidi könlüm.
Nazilə Səfərova
Bayrağım
Ay ulduzlu bayrağım,
Səni əzizləyirəm.
Sevə-sevə Laçında,
Yolunu gözləyirəm.
Sevinc yaşat sən bizə,
Şəfəq saç ömrümüzə.
Qoy tikanın ox olsun,
Batsın sevməyən gözə.
Yaraşıqsan əlimə,
Adın düşüb dilimə.
Ey üç rəngli bayrağım,
Verdin fərəh qəlbimə.
Ucal zirvələrə sən,
Sarsılsın yağı-düşmən.
O müqəddəs adını,
Yayaram dünyaya mən.
Sevir səni Xuraman,
Qələmim vermir aman.
Gözəl gələn günlərə,
Qəlbən edirəm güman.
Ey şərəfim, şöhrətim,
Sənsən gücüm, qüdrətim.
Boldur sənə hörmətim,
Sənsən adım, ismətim.
Dalğalan ay çiçəyim.
Gülür sənlə ürəyim,
Sonsuz bir zirvədəsən,
Sandım səni mələyim.
Yaraşığım, baş tacım,
Sən gülsən olmaz acım.
Vətənimdə bil səni
Sevir qardaşım, bacım.
Xuraman Baxışova