Yurdumun qeyrətli, namuslu oğlu,
Şücaət, qələbə, zəfərdir yolu,
Aqildir, müdrikdir, uludan ulu,
Yenilməz sərkərdəm, Baş Komandanım!
Düşməni məhv edib əzib, sındıran,
İblisə, faşistə qanlar udduran,
Yağının başından zərbələr vuran,
Vətən keşiyində sayıq duranım.
Yenilməz sərkərdəm, Baş Komandanım!
Gözündə işıq var, qəlbdə məhəbbət,
Sözündə bütövlük, inam, cəsarət,
Dünyanı heyrətə salıb, nəhayət,
Sabahım, gündüzüm, açılan danım.
Yenilməz sərkərdəm, Baş Komandanım!
Yeni tarix yazır igid əsgərim,
Dünyaya səs salıb haqlı zəfərim,
Vətən bölünməzdir – Ordum sipərim,
Qarabağ tarixim, yurdum, ünvanım.
Yenilməz sərkərdəm, Baş Komandanım!
El ona arxadır, güc alıb xalqdan,
Yapışıb ədalət, halaldan, haqdan,
Müqəddəs kitabım, sübhi-azanım.
Yenilməz sərkərdəm, Baş Komandanım!
Yumruq tək birləşib bu xalq, bu Vətən,
Düşmənin boynuna keçirib kəfən.
Heydər zəkasından göyərib, bitən,
Qələbəm, zəfərim, fəxarət anım.
Yenilməz sərkərdəm, Baş Komandanım!
Mələk yuxusuyla
İkinci Qarabağ müharibəsində şəhid olmuş gənc müəllim Famil Əhmədovun əziz xatirəsinə
Müəllim adının şərəf simvolu,
Doğma el-obaya yurddaş Familim!
Öyrətdi gənclərə Vətəni sevmək,
Yollandı cəbhəyə birbaş Familim!
Gülümsər çöhrəsi ay işığıydı,
Özü məclislərin yaraşığıydı,
Savaşı ədalət, haqq savaşıydı,
Əsgərə, zabitə sirdaş Familim!
Qəlbində sönməyən Vətən yanğısı,
Onun xilasıydı istək-arzusu,
“Görən niyə getdi?”-dedi çoxusu,
Hamıya qəlb dostu, qardaş Familim!
Girdi döyüşlərə yurd savaşına,
Od-alov ələdi düşmən başına,
Əl verdi yaralı can qardaşına,
Tökdü gözlərindən qan-yaş Familim!
İblisə, şeytana uddurdu qan,
Söylədi bu canım Vətənə qurban,
Mələk yuxusuyla, ey Azərbaycan.
Oldu şəhidlərə yoldaş Familim!
Murad Məhərrəmov
12 noyabr 2020-ci il
Ay-ulduzlu bayrağım
Təmizlənir yağılardan o müqəddəs torpağım,
Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!
Xarı-bülbül, qəribsəyib bükmə daha boynunu,
Cıdır düzü, qayıtmışıq, bizlərə aç qoynunu.
Uca səslə şaqqıldayıb kükrə, Xaçın, qoy bunu,
Yağı düşmən anlasın ki, tətikdədir bayrağım,
Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!
Nəğmə deyir həzin-həzin şirin sulu bulaqlar,
Çəmənlərdə topaldıqaç oynayırlar uşaqlar.
Şər qarışır, axşam olur, yandırılır çıraqlar,
Kəklik uçan, maral qaçan dağlar olub oylağım,
Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!
Bahar çağı örüşlərdə qoyun-quzu otlayır,
Qız-gəlinlər ocaq üstə sacəppəyi qatlayır.
İgidlərin nərəsindən düşmən bağrı çatlayır,
Çiçəklənir boz yamaclar, həm düzüm, həm yaylağım,
Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!
Türklüyümü təsdiq edən mavi rəngin – asiman,
Qırmızı rəng – şəhidlərin ürəyindən axan qan.
Yaşıl rəngin İslam rəngi – odur iman, din, Quran,
Qeyrətini tutdu uca həm aranım, həm dağım,
Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!
Roman Səfərov
Qarabağ
Şükür Tanrıya ki, tapdı bağlanan
Qapısının açarını Qarabağ!
Düşməninin başı, təpəsi üçün,
Daşdan edər divarını Qarabağ.
Qoydu Baş Komandan möhürün, qolun,
Təmizlədi əsgər torpağın, “kol”un.
Görəcək tezliklə küçənin, yolun,
Şüşə kimi, hamarını Qarabağ.
Qalmayıb geridə acı həytatım,
Çəkmişəm dərd-qəmin mən də min qatın.
Gedəndə görəcək alnımın çatın,
Əllərimin qabarını Qarabağ.
Hazırlaşır Laçın toya, düyünə,
Kəlbəcər, Qubadlı şadlanır yenə.
Zəngilan, Cəbrayıl çıxıb ağ günə,
Qışa salıb baharını Qarabağ.
Qoymaz daha kandarına yamanı,
Gördü işğalçını, tanıdı “yan”ı.
Azadlığı haqda olan fərmanı,
Alıb ələ qərarını Qarabağ.
Tamam Nigaran (Nur Tağlabiyanlı)
20 noyabr 2020-ci il
Nankor qonşuya
Hara gəldi soxuldun sən,
Ona-buna vurdun ziyan.
Tülkü kimi hiyləgərsən,
Xainlikdir fikrin, mayan,
Ay filanyan!
Torpaq verdik sən nankora,
Yurdsuz idi daşnak baban.
Tarixlərə vurdun yara,
İrəvanı qoydun viran,
Ay filanyan!
Anlamadın nədir qeyrət,
Əvvəlin də sonun da yan.
Yox kimsədə bu məharət,
Hər nəyin var saxta, yalan.
Ay filanyan!
Cumdun qonşu torpağına,
Yoxmuş sənin zərrə həyan.
Qatıb səni qabağına,
Əcəb qovur “İti qovan”.
Ay filanyan!
Sədaqət İsazadə,
təqaüddə olan müəllim
Yetər ki dincəlsin, gülsün bu torpaq
Şəhid polkovnik-leytenant Ruslan Tağıyevə ithaf
Alındı Qarabağ, azaddır Şuşa,
Ruhuna borcluyam bu hünər üçün.
Doğan günəş ilə verib baş-başa,
Yurda dönəcəksən hər səhər, hər gün.
Qovub otuz illik ağrı-acını,
Qələbə sözünü yazdın qanınla.
Aldın başımızın şanlı tacını,
Bizi yumruq etdin son ünvanınla.
Qırx dörd gün – ömürdə bir an kimidir,
Sənin şəhidliyin əbədiyyətdir.
İndi soydaşların yurd hakimidir,
Azadlıq, şəhidlik nurlu niyyətdir.
Ata, məğrur dayan, ağlama, ana,
Şəhidlik yetənin payına düşməz.
Oğullar can verdi Azərbaycana,
Onlarsız bu eldə bir an ötüşməz.
Alındı yağıdan cənnət Qarabağ,
Söndü ürəklərin niskili, ahı.
Yetər ki dincəlsin, gülsün bu torpaq,
Övladlar şən görsün gələn sabahı!
Gözəl balam, Səbinəm
Qanad açıb uçuram,
Böyüyüb mənim nəvəm.
Sənə qucaq açıram,
Gözəl balam, Səbinəm.
Dərslərindən “5” aldın,
Tələbə adın əziz.
Gözümüzdə ucaldın,
Fəxr etdik səninlə biz.
Həyat üzünə gülsün,
Yetəsən hər arzuna,
Tanrı özü yar olsun,
Səntək Vətən qızına.
Əməllərin nümunə,
Nəslimizdə hər kəsə,
Xoşbəxt olar kim sənə
Oxşar olsa, bənzəsə.
Qəlbimiz dönər dağa,
Eşidəndə adını.
Xoş işə et sadağa
Ürəyinin odunu.
Şərqiyyə Balacanlı
Kenqurunun xisləti
Aslanı şah seçdilər,
O gün yeyib-içdilər.
Bu arada kenquru,
Göründü kefiduru.
Gəlib baş əydi hərif,
Aslanı etdi tərif.
Sonra başladı qeybət,
Çox danışdı bədniyyət.
Aldı böyük vəzifə,
Dedi: Baxacam kefə.
Çıxar-çıxmaz qapıdan,
Rüşvət aldı hamıdan.
Hər nə gəldi gopladı,
Xeyli sərvət topladı.
Dimdik, şəst ilə gəzdi,
Düzü şərlədi, əzdi.
Xəbər tutantək aslan,
Qovdu onu yanından.
Baxmadı göz yaşına,
Daşı saldı başına.
Tənha qaldı kenquru,
İtdi gözünün nuru.
İşə keçmədi feli,
Yaman əyildi beli.
Xəbər yayıldı bir gün,
Kenquru yumub gözün.
Yığışıb narazılar,
Dərin quyu qazdılar.
Qozbeli dəfn edirlər
Gülə-gülə getdilər,
Bilsin bədniyyət bunu –
Pisdir pisliyin sonu.
Yaşar Nuriyev