REDAKSİYAMIZIN SON MƏKTUBU…
Yenə o bağ, yenə Mikayıl olaydı, bir də qonşu olaydıq…
Zamanın vurduğu yaranı yalnız zaman sağaldır deyirlər. Tale, zaman bizə elə yaralar vurdu ki…
Həyatın sərt silləsinə dözdük. Anasızlığın, yetimliyin əzabına sinə gərdik. Onsuuz da zamanında
aprel bizə bir açı yaşatmışdı…
Aprel yenə gəldi. Sənsiz aprel. Arxada qaldı sənsiz dörd ili xatirələrinlə yaşadıq, səni andıq. Donmuş xatirələrinə baxaraq, göz yaşı tökərək. Acı, son aprelini bir də yaşadıq…
Sənin dünyaya gəlişin ən böyük sevincim, gedişin ən ağır kədərim, sağalmaz yaram oldu. Əziz balam, sənin yoxluğun faciəmdir.
Sən şəhidsən, Aprel döyüşlərinin qəhrəman oğullarından birisən. Bu qəhrəmanlar haqqında ötən dörd ildə çox deyilib, çox yazılıb. Onları xalq tanıyır, anır və hörmətlə yad edir. Bütün şəhidlərimiz kimi.
Mikayıl haqqında yazmağı düşünürdüm, amma cürət edib əlimə qələm ala bilmirdim. O mənə övladım qədər əzizdir. Haqqında yazmaq nə qədər asan görünsə də, yazmaq çətinliyi daha ağırdır. Onu məndən yaxşı kim tanıya bilərdi ki?
Dünyaya gəlişi gözümün önündə olub. Qram-qram, zərrə-zərrə böyüyüb. Dünyaya yeddiaylıq gəlmişdi. O qədər balaca idi ki, adam toxunmaqdan belə qorxur, nəsə olar deyib düşünürdü. Tez-tez gedərdim bu körpənin görüşünə. O, həyata gəlişi ilə bir ocağa, illərlə işığı sonmüş bir evə nur gətirdi. Üzülməkdə olan əlaqələri möhkəmləndirdi, birlik gətirdi elə bil. Bu körpə sanki qohumlar arasında körpü oldu.
Məni Mikayıllı qan qohumluğu bağlamasa da, qonşu idik, sadəcə, mehriban qonşu. Nə olaydı, yenə qonşu olaydıq.
Fəsillər dəyişdi, illər keçdi. O, məktəbə getdi. Məktəb yolunda gediş-gəlişini gördüm, hay-küyünü, çaldığı fitin səsini eşitdim. Payızda tökülən yarpaqları balaca ayaqları altında xışıldadar, qışda gecədən yağan qar üstünə ləpirləri ilə naxış tökər, yazın ilk gəlişində açılan güllərdən dəstə bağlayıb məktəbə gedərdi. Hara baxsam, onu, o çılğını görərdim. Hara getsə, qoltuğunda kitab olardı.
Onun ilk müəllimi mənim atam, Ağayüsif müəllim olub. Atam həmişə Mikayılla fəxr etdiyini deyər, ondan ağız dolusu danışardı.
Uca Tanrı ona uzun ömürdən başqa hər şeyi veribmiş, demə. Gözəllik, təmiz qəlblə bərabər elmə, idmana, musiqiyə dərin marağı vardı. O, fənlərə fərq qoymaz, dərslərini əla oxuyardı. Universitetə daxil olduğu və tələbə kimi dərsə getdiyi günlərdə çox sevinmişdim. Özünün necə sevindiyini sözlə ifadə etməkdə acizəm.
O, müəllim olacaqdı. Müəllim olmuşdu, lakin müəllimlik etmək qismətində deyilmiş. Arzuları, xəyalları uşaqlara elm, savad verməklə bağlı idi. O istəmirdi ki, sinifdə bircə uşaq belə pis oxusun. Paxıllıq hissi yad idi ona. Məktəbi çox sevirdi. O, dərs demədi. Amma dərs demək istədiyi uşaqlar, yetişən nəslin oğul və qızları ondan dərs aldı – Vətəni sevmək, dar ayaqda canını Vətən yolunda qurban vermək dərsi…
O fədakar eloğlu qələmi qoyub, silaha sarıldı, Vətən eşquni hər şeydən uca tutdu.
Əziz Mikayılım, sən də Müşfiq kimi: Vətən! – deyib hayqırdın. Nədənsə, səni ona bənzədirəm. Sən də onun kimi nakam bir ömür yaşadın. Yerini-yurdunu, kəndini çox sevirdin. Üçrəngli bayrağımızın vurğunu idin. Himnimiz, hərbi marş mahnıları dilinin əzbəri idi…
Son görüşümüz sən hərbi xidmətə yola düşəndə oldu. Son dəfə hərbi andı qəbul etdiyin gündə telefon danışığımız oldu. Səsin hələ də qulağımdadır. Görüşərik, özünüzə yaxşı baxın! – dedin.
Sən yalan danışmazdın, Miki! Görüşə bildikmi?! O görüş elə bir görüş oldu ki. Nə biz səni görə bildik, nə sən bizi. O vaxtdan səni düşünmədiyimiz gün yoxdur. Canımızda, qanımızdasan. Amma yanımızda deytilsən. Ürəyim doludur. Elə bu ruhda, bu yanğı ilə haqqında kitab yazsam da sözüm qurtarmaz…
Yurdumuza aprel, bahar gəlib. Bu baharda da ağaclar sənsiz çiçəklədi, güllər sənsiz açıldı. Sən gülü-çiçəyi çox sevərdin. Sənsizliyin ağırlığını daşımaq çox çətindir. Bağa, bağçaya çıxanda yadıma sənli anlar, sənli günlər düşür. Köks ötürüb, Mikayıl da burda, yanımızda, bu güllü-çiçəkli bağ-bağçada olaydı deyirəm.
Səsli-küylü məhəlləmiz indi səsinə səs verə bilmir. Deyib-gülüb, ucadan danışan, zarafatlaşan da yoxdur daha məhəllədə. Sənsizlik sanki səsimizi də alıb özümüzdən. Amma düşüncələrim deyir ki, yenə o bağ olaydı, bir də qonşu olaydıq…
Bu yazını o qədər də asan yazmadım. Amma yazmalı idim, sənə borclu idim. 4 il əvvəl şəhidlik xəbərini eşitdiyim anlara qayıtdım. Ruhuna bəllidir nələr çəkdiyim, əziz balam!
Arzuların, ümidlərin yarıda qalmasının nə olduğunu yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, Vətən yolunda ölənlər ölməzlik qazanır.
Aprel ayı atana bir acı hələ uşaqkən yaşamışdı. Onda atan anasını itirmişdi. 2016-cı ilin apreli Vətən yolunda səni apardı.
Maçaxının builki baharı uca adına hörmətdən asfaltlaşdırılmış yolla gəldi.
Vahabzadə Mikayıl Yaqub oğlu, şəhidliyinin 4-cü baharında açan gül-çiçəyin sənə salamları var!
Zərifə Vahabova,
Maçaxı kəndi