Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
3 oktyabr 2019-cu il tarixdə Gənclər və İdman İdarəsi (Gİİ) və İsmayıllı Peşə Tədris Mərkəzinin (PTM) birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında gənclərlə maarifləndirici tədbir keçirilib. Tədbirdə İsmayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov, Gİİ-nin rəisi Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Lətifə Əliyeva, Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəis əvəzi Əkbər Musayev, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov iştirak ediblər.
Tədbiri İsmayıllı PTM-nin direktoru Zaur Muradov açıb. Görüşün mahiyyəti barədə qısa məlumat verib. Çıxışlardan öncə narkomaniyanın fəsadlarından bəhs edən qısametrajlı filim nümayiş etdirilib.
İsmayıllı rayon Gİİ-nin rəisi Taleh Salehov keçirilən maarifləndirici görüşün mahiyyəti haqqında ətraflı danışıb. RPŞ-nin əməkdaşı R.Orucov qeyd edib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadır. Narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyub, dövlətçiliyimizi daha da möhkəmləndirmiş olarıq. Gələcəyimiz kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir.
UADM-nin direktoru L.Əliyeva və İsmayıllı RİH-nin nümayəndəsi B.Xələfov tədbir iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıblar.
Qeyd olunub ki, erkən yaşda evlilik qurulan ailələrin normallığına müxtəlif formalarda ciddi mənfi təsir göstərir və bu da öz növbəsində ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Çıxışların sonunda erkən nikah probleminin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumatlar verilib.
“Yol hərəkətinin təhlükəsizliyi” barədə maarifləndirici fikirləri İsmayıllı RPŞ-nin DYP bölməsinin rəis əvəzi Ə.Musayev çatdırıb. O, tədbir iştirakçıları ilə küçə və yollarda təhlükəsizlik vərdişləri, “Yol hərəkəti haqqında” Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə maarifləndirici söhbət aparıb.
İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara İsmayıllı Gİİ tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb.
B.Xələfov