(Olmuş əhvalat, hekayə şəklində)    

Kənd toylarının birində yeyib-içmək bitdikdən sonra masaları yığışdırıb meydanı yalnız rəqs etmək üçün boş saxlamışdılar. Axşamüstü kənd camaatı evlərinə gedib ev işlərini bitirdikdən sonra yenidən toy həyətinə qayıtmış, yer tapıb oturanlar oturmuş, yer tapmayanlar da ayaq üstə oynayanları seyr edirdilər.

Artıq toyun necə deyərlər ən pik həddi idi. Belə ki, əsas oyun göstərən cavanlar bəhsə girib oynayır, sürətli mahnıları, ələlxüsus zərb alətlərində ifa edən musiqiçilər isə heydən düşmüşdülər. Belə bir məqamda toy evinin qohumlarından olan orta yaşlı bir kişi yorğun halda masabəyinə yaxınlaşıb:
– Bəsdir də, tozunuzu tökdüz. Bir muğam oxusun qulaq asaq – deyərək göz işarəsi ilə müğənni xanıma işarə etdi. Kişinin sözünü yerə salmadılar. Xanım müğənni bildiklərindən – bir-iki qəzəldən hərəsindən bir misra oxuyub keçdi “Şəhrəbanu” mahnısına. Kişi ayağa qalxıb asta-asta hərəkət edərək oynamağa başladı. Mahnının elə ilk “ay Şəhrəbanu” yerində ayağını necə tərpətdisə biraz böyük olan ayaqqabısı ayağından çıxıb müğənni xanımın qulağının dibindən keçərək arxada oturan qavalçalan oğlanın sifətinə dəydi. Gözlənilməz bu hadisədən çaşan oğlan özünü saxlaya bilməyib stuldan aşıb arxaya yıxıldı. Yaxınlıqda olan cavanlar tez yaxınlaşıb qaldırmaq istəyəndə, yerdən şir kimi nərə çəkərək qalxan qavalçalan əl-qol atmağa başladı. Sən demə, yorğunluqdan başını aşağı salıb nağaranı dınqıldadan oğlanın nə baş verdiyindən xəbəri yox imiş və elə bilmiş ki, bunu döyürlər. Elə ilk silləsi də kəndin dəliqanlılarından birinə dəydi. Və bunu demək olar ki, hamı gördü…

Bahooo! Qırğın düşmədi toya. Vuran kim, vurulan kim, ayıran kim. İt yiyəsini tanımır. Kimsə çıxış yolu kimi işığı söndürdü. Kənarda dayananlar əllərindəki alışqanla ortalığa az-az işıq salsalar da sürətli hərəkət etdiklərinə görə kimin kim olduğunu bilməyənlər kimə gəldi yumuruq, sillə atır, heydən düşənlər isə ortalıqdan çıxmağa çalışırdılar. Birdən kənarda kiminsə yüksəkdən qışqırığı eşidildi:
– Ay camaat, qoymayın yanır…
Camaat toy həyətindən çıxıb qonşunun evinə tərəf qaçmağa başladı. Qonşunun ot tayası necə yanırdısa bütün kənd işığa qərq olmuşdu. Belə yansa, az müddətə alov tövləyə keçə bilərdi. Su gətirən kim, yaba ilə alovu döyəcləyən kim, tövlənin dam örtüyünü qıran kim…
Fürsətdən istifadə edən musiqiçilər az bir zamanda avadanlıqlarını yığıb maşınlarına oturub aradan çıxırlar. Alovu söndürən camaat yenidən toy həyətinə qayıtmaq istəyəndə görürlər ki, lələ köçüb, yurdu qalıb. Toyxanada da tək “Şəhrəbanu” mahnısıyla oynayan kişidir, o da  ayaqqabısını axtarır…
Hə, bu arada, sən demə, qoşanağara çalan vəziyyətin gərgin olduğunu görüb çadırın altından çıxıb keçib qonşu həyətə. Qonşunun həyətində ot tayasını görəndə ağlından keçib ki, tayanı yandırsın, camaatın başı qarışsın, bunlar da aradan çıxa bilsinlər…

hruz Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir