Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə hər il dünyada 5 milyondan artıq insan tütünçəkmədən, 600 min insan isə tütün çəkən insanların tütün tüstüsünün ikincili təsirindən həyatlarını itirir. Çox təəssüf ki, hər tütün çəkən şəxs tütündən gələn bəlanın ondan yan keçəcəyini güman edir. Əslində isə bu zərərli təsirlə sağlamlığını aşkar təhlükəyə atmış olur.
Tədqiqatlarla müəyyənləşdirilmişdir ki, siqaret tüstüsündə 4000-dək kimyəvi maddə vardır. Onların 250-si zərərli maddədir, 50-si isə konserogen (xərçəng törədən) maddələrdir. Tütün tüstüsündə olan qətran, nikotin kimi maddələr, zərərli qazlar və radioaktiv maddələr insanda ağ ciyər, ağız boşluğu, dodaq, qırtlaq xərçənginin əmələ gəlməsinə səbəb olur. Bundan başqa, tütün çəkənlərdə mərkəzi sinir sistemi daimi gərgin vəziyyətdə olur, beyinə qanın, bununla da oksigenin daxil olması çətinləşir. Ona görə də tütün çəkənlərin əqli iş qabiliyyəti aşağı düşür və yaddaşları zəifləyir.
Nikotin qan damarlarının sıxılmasına, arterial təzyiqin yüksəlməsinə, ürək döyüntülərinin artmasına və qan damarlarının arterosklerozuna səbəb olmaqla miokart infarktına, insultlara, vaxtından tez qocalmaya səbəb olur.
Tütün çəkmək nəticəsində həzm prosesinin çətinləşməsi, dişlərin saralması baş verir, mədə yarasının əmələ gəlməsi riski artır. Öskürmə, xronik bronxit və ağ ciyərlərin emfizeması yaranır.
Tütünçəkmə uşaq və yeniyetmələrdə, qadınlarda, yaşlı adamlarda daha ağır fəsadlar törədir. Xüsusən tütün tüstüsü hamilə qadınların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Tütünçəkmə ilə insanlar həm də ətrafda olanlar, o cümlədən ailə üzvləri üçün də təhlükə törədirlər. Belə ki, siqaret çəkənin yanında durmaq və ya onunla təmasda olmaq nəticəsində tütünün zərərli maddələri insan orqanizminə daxil olur ki, bu da passiv tütünçəkmə adlanır.
Bütün bu göstərilənləri nəzərə alan ÜST insan sağlamlığını tütünçəkmənin bəlalarından qorumaq üçün mübarizə konvensiyası ilə dünya ölkələrinə müraciət etmişdir. Ölkəmizdə də, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 01 dekabr 2017-ci il tarixli 887-VQ nömrəli Azərbaycan Respublikası qanununu qəbul edilmiş, buna müvafiq olaraq Nazirlər Kabineti tərəfindən bir neçə tələb və qaydalar hazırlanmışdır.
Tütünçəkməyə qarşı mübarizə məqsədi ilə qəbul edilmiş göstərilən sənədlərin icrasını təmin etmək bir sıra Dövlət orqanlarına, o cümlədən Səhiyyə Nazirliyinə həvalə edilmişdir. Nazirliyin tədbirlər Planına müvafiq olaraq rayon GEM-nin mütəxəsisləri təhsil və tərbiyə, habelə səhiyyə müəssisələrində, onların ərazilərində monitorinqlərə başlamışlar. Bu araşdırmanın dövlət tabeliyində olan digər təşkilatlarda da davam etdirilməsi, tütünçəkmənin insan orqanizminə zərəri barədə geniş səhiyyə maarifi işləri aparılması nəzərdə tutulmuşdur.
Bütün bunlar insanların tütünçəkməyə qarşı ictimai mübarizəsinin köməkliyi ilə onun təhlükəsini azaltmaq məqsədini nəzərdə tutur.
Buna görə də tütünün asılılığına düşməmək üçün onu çəkməyə başlamayın. Əgər artıq siqaret çəkirsinizsə, onu tərgitməklə həm özünüzün, həm də yaxınlarınızın sağlamlıqları və həyatları üçün böyük hədiyyə etmiş olarsınız.
Xanlar Qənbərov,
İsmayıllı GEM-nin rəisi