Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu bizim millətimizin iftixarıdır.
Heydər Əliyev
İsmayıllı rayonunun Gəndov kənd ümumi orta məktəbində 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Vahabzadə Mikayıl Yaqub oğlu, həmçinin Qarabağ uğrunda gedən döyüşlərdə elə aprel ayında şəhid olmuş Gəndov kəndi yetirmələrinin unudulmaz xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin direktoru Xuraman Qurbanova açdı. O, tədbir iştirakçılarını salamladıqdan sonra şəhidlərimizin unudulmadığını, daim xatirəmizdə yaşadıqlarını bildirdi və ölümləri ilə əbədiyyətə qapı açan soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlar haqqında danışdı. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vətənimizin yüzlərlə oğlu müstəqilliyimizin, milli azadlığımızın, torpaqlarımızın erməni hərbi təcavüzündən qorunması uğrunda mübarizədə şəhid olmuşdur. Lakin onların şəhidlik zirvəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir və onun iradəsini sındırmaq mümkün deyil. Bəli, bu, bizim Mikayıl, Ağayar, Nizami, Qulam kimi şəhidlərimizin əzmkarlığından, Vətən sevgisindən irəli gəlir. Xalqımız daim şəhidlərin adını yüksək tutur və onlara öz ehtiramını göstərir.
Gəndov kənd ümumi orta məktəbində şəhidlərin ruhunu şad etməyə səy göstərən şagirdlərin hazırladıqları kompozisiyanı tədbir iştirakçıları rəğbətlə qarşıladılar. Şagirdlərin insanı riqqətə gətirən çıxışları sanki yanan ürəklərə su çiləyirdi.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin İsmayıllı filialının sədr müavini Kamil Dadaşov, Təzəkənd kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağalar Bədəlov, Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova və şəhid ailələri iştirak edirdi.
Qonaqlar sonda şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdən razılıq edib, məktəbin şagird və müəllim kollektivinə dərin minnətdarlıqlarını bildirdilər. Belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etdilər.
Yekunda məktəbin dərs hissə müdiri İlham Səmədov şəhid ailələrinə ölkə səviyyəsində prezident İlham Əliyevin, rayonda İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun göstərdiyi diqqəti yüksək insani borc və mühüm Dövlət siyasəti kimi dəyərləndirərək onlara dərin minnətdarlığını bildirdi, tədbirdə zəhməti olanlara təşəkkür etdi. O, tədbir iştirakçılarına çatdırdı ki, şair Süleyman Rüstəmin dediyi kimi, şəhid adını daim uca tutmaq hər birimizin ali vətəndaşlıq borcudur.
Ey insanlar!
İgidləri xatırlayın,
Öz qanıyla qalibiyyət dastanını
Yazanları xatırlayın.
Bu torpağı ana kimi
Qucanları xatırlayın.
Ölümüylə əbədiyyət qapısını
Açanları xatırlayın.
İnanırıq ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə düşmən tapdağında olan torpaqlarımız rəşadətli ordumuz tərəfindən geri qaytarılacaq və şəhidlərimizin ruhu rahatlıq tapacaq.
Ceyhun Əsgərov,
Gəndov kənd ümumi orta məktəbinin ədəbiyyat müəllimi