26-28 aprel 2017-ci il tarixində Niğde Ömer Halisdemir Üniversiteti, Qazax Dövlət Qızlar Pedagoji Üniversiteti (Almata, Qazaxıstan), Bakı Avrasya Üniversitesi (Bakı, Azərbaycan) iş birliyi ilə Niğde Ömer Halisdemir Üniversitetində reallaşan IV Türk Dünyası Araşdırmaları Simpoziumunda (TÜDAS) Azərbaycandan olan təmsilçilər arasında İsmayıllılar da var idi.Elm işığında Türk Dünyası ilə bağlı çalışan elm adamlarını görüşdürərək fikir mübadiləsinə nail olmaq, yeni araşdırmalar və polemikaların önünü açmaq, Türk Dünyası ilə bağlı elmi ədəbiyyatın zənginləşməsinə xidmətini göstərmək məqsədi ilə ilk olaraq 2014-cü ildə Niğde Üniversitetinin ev sahipliyi ilə gerçəkləşdirilən simpoziumdan sonra davamı 2015-ci ildə Qazax Dövlət Qızlar Pedagoji Üniversitetinin ev sahipliyi ilə Almatada və Bakı Avrasya Üniversitetinin ev sahipliyi ilə 2016-c ildə Bakıda keçirilmişdi.
Simpozium açılış tədbiri ilə başladı. Açılışa müxtəlif ölkələrdən olan çox sayda dəvətli qatıldı. Digər təmsilçilərin olduğu kimi, Avrasiya Universitetinin konsert proqramı da böyük maraq və coşqu ilə qarşılandı. Simpozium çərçivəsində TÜRKSOY Rəssamlar Buluşmalarında ortaya çıxan əsərlərin yer aldığı TÜRKSOY Resim Sergisi sənətsevərləri görüşdürdü.
Simpoziumda Türk Dünyasını maraqlandıran dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, sənət, beynəlxalq əlaqələr, bölgə problemləri, iqtisadiyyat, din, fəlsəfə, sosioloji, turizm, qadın çalışmaları və s. kimi istiqamətlərdə işlənmiş elmi məqalələr təqdim olundu.
İsmayıllı təmsilçilərindən Rövşən Şirəliyev “Babadağ ziyarəti və əski türk qam-şaman adət-ənənələri”, Rəqibə Qasımova “Azərbaycan və Türkiyə ailə-nikah hüququnda bəzərliklər və fərqliliklər”, bu sətirlərin müəllifi Sevda Qasımova “Türk toplumlarında ər-arvadın bir-birinə xitab mədəniyyəti”, Könül Baxışova isə “Azərbaycanda islamaqədərki dövrə aid dəfn və yas mərasimlərinin izləri” mövzusunda elmi məqalələrini təqdim etdilər. Turan Yazqan panelinə həmyerlimiz Rövşən Şirəliyev sədrlik etdi.
Sosial proqram çərçivəsində Niğdə şəhərində olan “Gümüşlər” monastrı, Niğdə muzeyi və Nevşehrdə bütün dünya turistlərini cəlb edən Kapadokya ziyarət olundu.
V Uluslararası Türk Dünyası Araştırmaları Simpoziumu, 2018-ci ilin mayında Qazax Dövlət Qızlar Pedagoji Üniversitetinın ev sahibliyi ilə Qazaxıstanın Almata şəhərində keçiriləcəkdir.
Sevda Qasımova,
şəhər 3 nömrəli məktəb-liseyin direktor müavini