Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
Qürbətdə vətənçün yanar, kim olsa,
Vətənin vətəndə bilək qədrini .
***
Hamıya pay verib ömürdən bir az,
Məndədir, səndədir müəllim ömrü.
***
Yaxşı adamları qoruyaq gəlin,
Bədxah niyyətləri, əyri nəzəri,
Düzlük qorxusuyla öldürmək olar.
Dişlərində zəhər gəzdirənləri
Yarpız qoxusuyla öldürmək olar.
***
Dost sözü bir çəmən ətri,
Namərd sındıracaq xətri.
Bir-iki bədxahdan ötrü,
Xeyirxah eldən incimə.
***
Namərd əllərinin izləri var,
Mənim də könlümün yarasında.
Bir məxluqdur,
Şeytanla insan arasında –
Namərdlər
***
Sərçeşməni bulandırıb özləri,
Bizi yeyən yalquzaqlar nə idi?
***
Bədxahları xar görmüşəm,
Ocağı kül, otu həşəm.
Mən çoxdandır gül əkmişəm,
Sən tikan əkdiyin cama.
***
İlahi, sən məni qaytar yoluma,
De ki, rəhm edirəm çaşan quluma.
****
O kimdir ki, o ağlasa, gülərəm,
Hiyləsini gözlərindən bilərəm.
Düşmən olsa, öhdəsindən gələrəm,
Dost olmasa mənə quyu qazanım.
****
Məsləksiz adam var, yaşar birtəhər,
Yoxdur ki, tapıla üz bişərəfdə.
Tərəzi gözünə girsə tərəflər,
O quyruq bulayar ağır tərəfdə.
***
Yeri bağlı, göyü bağlı,
Kibrit çöpü olsan belə.
Bir kimsənin çırağını
Yandırmamış söndünsə, heç.
Topladı: V.Salehov