Qasırğalar, zəlzələlər, sunamilər, sellər və digər təbiət hadisələri zaman-zaman öz dağıdıcı, məhvedici xarakteri ilə təbiətə və insanlara böyük fəlakətlər gətirmişdir.Təbiət nə qədər amansız olsa da, onun qoynunda yaşayan insan qədər amansız ola bilməz. Müharibələr öz dağıdıcı, məhvedici xarakteri ilə bəşəriyyətə daha böyük faciələr yaşatmışdır. Dünyanın tarixi elə müharibələr tarixidir desək yanılmarıq. Siyasətin zorakı forması olan müharibələr tarixində ən dəhşətlisi İkinci dünya müharibəsi olmuşdur. 50 milyondan artıq insanın məhvi ilə nəticələnmiş bu müharibə təəssüflər olsun ki, Azərbaycandan da yan keçməmişdir. Elə bir ailə tapmaq olmaz ki, bu müharibənin ağrı-acısını yaşamamış olsun.
XX əsrin ən dəhşətli faciəsi olan bu müharibə SSRİ adlanan böyük imperiyanın ən ucqar kəndinə də müsibət gətirmişdir. Uşaqlıq illəri Birinci dünya müharibəsi illərinə təsadüf edən, sonra vəhşi bolşevik-daşnak soyqırımı ilə üzləşən, gəncliyi qırmızı sovet terroru insanların amansızcasına mülkiyyət hüququndan məhrum edilən illərə, 1930-32-ci illərdəki amansız aclıq illərinə, 1937-ci illərin repressiyalar dövrünü yaşayan o dövrün insanları heç nəfəs dərməmiş, dünyanın siyasi güclərinin toqquşmasından yaranan dəhşətli müharibə ilə üzləşməli oldular. SSRİ ümummilli vətənə çevrilmişdi. Səfərbərliyə cəlb olunan insanlar bu müharibənin səbəbini bilmədən belə vətən uğrunda düşmənə qarşı vuruşmağa yollanırdılar. İkinci dünya müharibəsinin 5 illik dövrünə siyasətçilər Böyük Vətən müharibəsi adını verdilər. Bunun ideoloji əsası da var idi, imperiya əsl iç üzünü gizlədərək əsarətdə olan xalqların da vətəninə çevrilmişdi.
Vətən müharibəsi beləcə keçmiş İsmayıllı kəndindən də yan keçmədi. Onlarla insan səfərbər olunaraq müharibəyə aparıldı, neçə-neçə ailələr başsız, analar, qadınlar gözü yaşlı qaldı. Bildiyimdən, eşitdiyimdən doğulduğum, böyüyüb, boya-başa çatdığım doğma İsmayıllı kəndindən müharibəyə aşağıda adlarını çəkəcəyim yurddaşlarımız getmişdi: Cəbi Qəniyev, Sərxan Əsədov, Sədi Əsədov, Ağalar Mirzəliyev (bu sətirlərin üzünü görmədiyi qardaşı), Kamil Hacıyev, Sədi Abdulov, Şahlar Abdulov, İsmi İsayev, Arazxan Mirzəliyev, Şükür Ağayev, Məsim Maxsudov, Salam Məmmədov, İsmayıl İsmayılov, Sərxan İsgəndərov, Mahmud Salmanov, Məhəmmədəli Ağayev, Mahmud Mahmudov, Həsən Həsənov, Cümşüd Mehdiyev, Heybət Şəfaqətov, Şahbala Teymurov, Atasoltan Ağayev, Hacıəhməd Muradov, Fətulla Muradov, Sərxan Muradov, Soltan İsgəndərov və daha neçə-neçə yaddan çıxan, unudulan insan bu müharibənin iştirakçıları olmuşlar. Ağalar Mirzəliyev, Kamil Hacıyev, Salam Məmmədov və Həsən Həsənov döyüş bölgələrində həlak olmuşlar. Yeri gəlmişkən, qeyd edim ki, ən böyük qardaşımız Ağalar Mirzəliyev haqqında aparılan axtarışlar heç bir nəticə verməmişdir. Son məktubu 1943-cü ildə Ukraynadan gəlmişdi. Kamil Hacıyevin ailəsindən heç kim qalmamışdır. Salam Məmmədovun oğlu mərhum Cavad Məmmədov rayonumuzun tanınmış təsərrüfat rəhbərlərindən biri, digər oğlu Zakir Məmmədov geologiya-mineralogiya elmləri namizədi, tanınmış neftçidir. Həsən Həsənovun varisləri bu gün də şəhərimizin Aşağıbaş hissəsində yaşayır və ərazidəki kiçik bağlardan birinə indi də “Həsən bağı” deyirlər.
Hər bir insanın öz döyüş yolu, taleyi olmuşdur. Uzun illər qonşuluğumuzda yaşayan Atasoltan Ağayev 1938-ci ildə hərbi xidmətə yola düşmüş, 1939-cu ildə Sovet-Fin müharibəsində iştirak etmiş, İkinci dünya müharibəsində Berlinədək döyüş yolu keçmişdir. Bundan əlavə, Yaponiyanın “Kvantun” ordusuna qarşı da vuruşmuşdur. A.Ağayev 1946-cı ildə sağ-salamat Vətəninə, doğma yurduna dönmüşdür. Atasoltan kişi 90 ildən artıq ömür sürmüşdür. Bu pəhləvan cüssəli kişinin 11 övladı olmuşdur.
Digər bir həmkəndlim –“ Sədi Abdulov 1941-ci ildə müharibəyə getmiş, məşhur Vlasovun ordusunda döyüşmüş, bütün diviziya ilə almanlara əsir düşmüşdür. Əsirlik həyatını Fransada keçirmişdir. Azərbaycana qayıtdıqdan sonra həbs olunaraq Sibirə sürgünə göndərilmişdir. 1950-ci illərin əvvəllərində həbs müddəti bitdikdən sonra doğma yurduna dönmüşdür. Eyni taleyi onun əmisi oğlu Şahlar Abdulov da yaşamış, lakin o Sibirdən geri dönməmiş, ömrünün sonuna qədər Qazaxıstanın Almata şəhərində yaşamışdır.
Orta məktəb illərində hər il may ayının 9-da müharibə iştirakçıları ilə görüşlərimiz olurdu. Ən çox yadımda qalan qonşumuz, mərhum Cəbi Qəniyevin danışdığı xatirələr idi. Cəbi dayı 1911-ci ildə İsmayıllı kəndində anadan olub. 1941-ci ildə müharibəyə göndərilmişdir. 1942-43-cü illərdə iki dəfə yaralanmış, sağaldıqdan sonra yenidən döyüşlərə qatılıb. 1944-cü ildə Polşada daha ağır yaralanır və sağ ayağını itirir. Bir həftə almanların nəzarət etdiyi zonada yaralı qalır. Söhbət əsnasında deyirdi ki, yaralı ikən alman zabiti avtomatı sinəsinə söykəyib kimliyini soruşur. Yəhudi olmadığını öyrəndikdən sonra öldürmür və çıxıb gedir. Bu formada ağır yaralı olduğunu görən alman yəqin ki, onsuz da öləcəyini düşünüb və gülləni əbəs yerə işlətməməyi qərara alıb. Sovet qoşunları oranı aldıqdan sonra onu Polşadakı hərbi xəstəxanaya aparırlar və əməliyyat nəticəsində sağ ayağı tamamilə kəsilib götürülür. Elə həmin ildə də evə buraxılır. Pəhləvan cüssəli bu kişi iki ayaqla gedib tək ayaqla qayıtmışdı. Sonralar uzun illər İsmayıllı rayon Sosial Təminat Şöbəsində baş mühasib işləmişdir. Boylu-buxunlu bu insan indi də gözlərim önündədir. Qoltuq ağacı ilə 3 kilometr yolu hər gün rayon mərkəzinə piyada gəlib gedərdi. Övladları rayonun ən tanınmış simalarından olmuşlar. Böyük oğlu Cahan Qəniyev İsmayıllı və Kürdəmir rayonlarında hərbi komissar işləmiş, polkovnik rütbəsində istefaya çıxmışdır. Bəlkə onun hərbiçi ixtisası seçməsinə atasının cəbhə xatirələri səbəb olub. Cavid rus dili müəllimi işləmiş, respublikanın Əməkdar müəllimi adına layiq görülmüşdür. Xalid Qəniyev mühəndis idi. RİH başçısının birinci müavini, Ehsan isə rayon rabitə qovşağında xüsusi xidmət əməkdaşı olmuşdur. Evin kiçik oğlu Xamid hazırda fərdi əməklə məşğul olur. Keçmiş döyüşçünün əsgər pencəyi, əsgər çantası, təltif olunduğu medallar İsmayıllı Tarix və Diyarşünaslıq Muzeyində saxlanılır.
Müharibənin od-alovlarından çıxan kişilər öz intizamları, dünya baxışları ilə həmişə fərqlənirdilər. Kəndimizdə tez-tez rastlaşdığımız, sinəsi medallı kişilərdən biri də Arazxan Mirzəliyev idi. Müharibənin dəhşətlərini görmüş bu insan ömrünün sonuna kimi kolxozda briqadir, anbar müdiri işlədi. Altı övlad atası idi. Həmin o intizamın, sərt xarakterinin nəticəsi idi ki, çox gözəl övladlar böyütmüşdür. Böyük oğlu Rizvan Orucov uzun müddət İsmayıllı rayonunda ticarət təşkilatlarında rəhbər vəzifələrdə işləmişdir.
Hər bir müharibə iştirakçısının sonrakı taleyinin özü də bir tarixçədir. Təəssüflər olsun ki, adlarını sadaladığımız bu veteranların heç biri artıq həyatda yoxdur. Nəsillər dəyişir, adlar unudulur. Unutmamalı, yaddaşlarda yaşatmalıyıq bu insanları. Müharibələr bitməyib, heç bir xalq, ölkə bu müharibələrdən sığortalanmayıb. Necə ki, bu gün ölkəmiz 25 ildir ki, müharibə şəraitindədir. Sərhəd zonalarında hər ay itkimiz var. Düşmənə bir neçə qat artıqlamasilə cavab verilsə də, bu itkilər davam edir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə hər bir kəndimiz, obamız qurbanlar vermişdir. Mahiyyət eynidir –“ təcavüzə, erməni faşizminə qarşı vuruşlarda insanlar canlarını qurban verir, sağlamlıqlarını itirir, ailələr əzablara düçar olurlar. Bugünkü erməni faşizmi heç də Hitler faşizmindən geri qalmır. Faşizmin əks tərəfi, alternativi insanlıqdır, sülh, dinc yaşayış, əmin-amanlıqdır. Bizlər də zamanından asılı olmayaraq faşizmə qarşı vuruşan hər kəsi ehtiramla yad etməli, sülh üçün çalışmalıyıq. M.K.Atatürk demiş: Yurdda sülh, cahanda sülh!
Rövşən Şirəliyev