Hər bir həssas, duyğulu insanın daxili aləmi bənzərsiz, sirli-sehirli dünyadır. Bu dünyaya səyahət etmək üçün onlarla səmimi söhbət etmək də bir o qədər maraqlıdır.
Məhz buna görə də qəlbi vətənpərvərlik, səmimilik, xeyirxahlıq, mübarizlik, zəhmətsevərlik, kimi nəcib xüsusiyyətlərlə süslənmiş, həyatın sınaqlarında qalib çıxan, özünün də daşıyıcısı olduğu
milli mənəvi dəyərləri ilə etik anlayışları özünəməxsus şəkildə ifadə edən, xalqın gözündə el-obanın ləyaqətli insanlarını yüksəltməyə çalışan, var-dövləti formalaşmış, cilalanmış müdriklik
kimi bəşər övladına verilən ən qiymətli töhfəni şərəflə daşıyan, təkcə bir rayonun, Azərbaycanı deyil,bütün türk dünyasının da ağsaqqalı sayıla biləcək bir ziyalının (Təsadüfi deyil ki, onun haqqında vaxtilə
respublika mətbuatına göndərdiyim yazılardan birini “Türk dünyasının ağsaqqalları”
qəzeti də dərc etmişdi.), yazıçı-publisist Miryavər Hüseynovun həmsöhbəti olmaq mənim üçün qürurverici bir hadisə idi.
Nəfis tərtibatla çapdan çıxmış “Basqal və basqallılar” kitabı münasibətilə təbrik edəndən sonra
söhbətimizi bir az uzaqdan başladım.
– Maraqlıdır, 83 yaşlı bir yazar gününə necə başlayır?
– Vərdiş etmişəm: Sübh namazına saatın oyadıcısını qurmadan qalxıram. Həyat yoldaşım, üç oğlum, gəlinlərim, nəvələrim də ibadət əhlidirlər. Namazdan, səhər yeməyindən sonra televizya
kanallarından təxminən bir saat xəbərləri izləyirəm. Bir qayda olaraq, şou verlişlərinə baxmıram.
Yazı proqramını əsasən yatağa girməzdən əvvəl, bəzən yatağda ikən planlaşdırıram. İradəmi toplayıram ki, yazmaq tənbəlliyi baş verməsin. Bu tənbəllik fiziki durğunluqdan daha qorxuludur. Üç ildən artıqdır ki, hər gün saat 11-dən fasilələrlə axşam saat beşə kimi məqalələr üzərində işləyirəm. Həyat-bacada da az-çox iş
görürəm.
– İnsanlıq tarixi təsdiq edib ki, müdriklik kisəsi heç vaxt kasadlaşmır. Sizin ən nəcib xüsusiyyətiniz
elə bundadır ki, bu kisənin ləyaqətli daşıyıcılarındansınız və artıq fərdilik çərçivəsindən çıxaraq ictimailəşmiş bir ziyalısınız. Dünyaya gəlmə missiyanız da bununla sıx bağlı olduğu üçün hər yaşanan
günə şükür edirsinizmi?
– Məndən tez-tez bizimkilər – qohumlar, dostlar, özgələr əhvalımı, səhhətimi soruşanda bərk
ağrınsam da, hərarətim olsa da şükranlıqla: “Yaxşıyam” –“ cavabını verirəm. Nəzərimə düşgün olub fəaliyyətdən, yaşamaq həvəsindən bezikməyi gətirirəm. Bax, budur dəhşət!
– Uşaqlıq və gənclik illərini necə keçirmisiniz?
– Əvvəla mənə həyat verən valideyinlərimi xatırlamaq istəyirəm. (Həyatın müəyyən mərhələsində həm
də atanı əvəz edən) Anam – Sona xanım Hacıbağır qızı əsl zadəgan xislətli qadın olub. Gözü, könlü tox, əli səxalı, hamı ilə gülər üzlə, şirin dillə danışan böyük insan idi. Anam az savadlı idi. (Onsuz da analar oxumamış alim olurlar). Uşaqlarının hamısının hər dəqiqəsini izləyirdi. Dostlarımın kim olması, kiminlə oturub-durmağım ilə daim maraqlanırdı. 1978-ci ildə 80 yaşında
qəflətən vəfat edəndə nəinki uşaqlarını, həm də qonşuları və qohumları bərk kədərlənmişdi.
Atam –“ Məşədi Seyid Rəsul ağa ərəb, fars, rus dillərində mükəmməl təhsil almışdı. Uşaqlarının da əsaslı təhsil alması, yaxşı sənət sahibi olması üçün özünü oda-közə vururdu. Gah
Bakıya, gah da Şamaxıya köçməli olmuşduq. Ailəmizdə yeddi uşaq böyüyürdü –“ beş qız və iki oğlan.
1927-ci ildə anadan olmuş böyük qardaşım Ağaseyid müharibənin ağır illərində Şamaxı Pedoqoji
Texnikumunu əla qiymətlərlə bitirmiş və işləməyə başlamamış sətəlcəm xəstəliyindən qısa
müddətərzində vəfat etmişdir. Zemfira adlı ən kiçik bacım beş yaşında qızılca xəstəliyindən dünyasını dəyişmişdi.
Sabit Rəhmanın Kərəmovu (“Toy kimindir” komediyasının qəhrəmanı) altı aylığında yeridiyi kimi, mən də altı yaşında artıq çətinlik çəkmədən, höccələmədən qəzet, kitab oxuyurdum. Yeddi yaşında birbaşa Basqal orta məktəbinin 3-cü sinifinə qəbul olunmuşam. Uşaqlığım müharibə illərinə təsadüf edib. Atam 26 mart 1942-ci ildə 67 yaşında qəflətən vəfat etmiş və biz bundan sonra
bacılarımın aldıqları məvaciblə dolanmışıq.
Bununla belə, həm məktəbdə, həm də qəsəbə klubunda keçirilən ictimai tədbirlərdə iştirak edir, qələbəyə əminlik ifadə edən şeirlər söyləyir, daim yaşıma uyğun olmayan, böyüklər üçün nəzərdə
tutulan kitabları mütaliə edərdim.
– Müəllim peşəsi seçdiyinizə görə özünüzdən razısınızmı?
– 16 yaşım olanda –“ 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutuna (indiki Slavyan Universiteti) qəbul olundum. Bakıda yaşamışdıq, odur ki, rus dilini müəyyən qədər bilirdim. Ciddi çalışdım və həmin institutu 1950-ci ildə fərqlənmə diplomu ilə bitirən dörd nəfər
məzundan biri oldum. Müəllimliyə rayon mərkəzində yeganə tədris müəssisəsi olan, Əməkdar
müəllim, tanınmış təhsil işçisi İsrayıl Həsənovun direktor olduğu orta məktəbdə başladım. Orduda xidmət edib qayıtdıqdan sonra Basqal orta məktəbində rus dili müəllimi kimi pedaqoji işimi
davam etdirdim. 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunun rus dili və
ədəbiyyatı şöbəsini (qiyabi yolla) qırmızıdiplomla bitirdim. 61 il qüsursuz müəllim işləməyim bu
sənətə sonsuz məhəbbət və hörmətimdən irəli gəlib.
– Necə oldu ki, yazmağa başladınız?
Basqalın yaxşı vaxtlarında, yay zamanı buraya dincəlmək üçün gələn vaxtilə burada oxuyub sonralar şöhrətli alim rütbəsinə kimi yüksəlmiş həmvətənlərimizi görəndə, onların söhbətinə qulaq asanda məndə qürur hissi yaranır və onları hər yerdə tanıtmaq həvəsi güclənirdi. Lakin o zaman Respublikada cəmi on-on beş qəzet çıxırdı və yalnız peşəkar jurnalistlər belə yazılar təsadüfdən-təsadüfə dərs etdirə bilərdi. Yazmağa “Azərbaycan pioneri“, “Molodyoj Azerbaydjana”, “Azərbaycan gəncləri”, “Yeni İsmayıllı” qəzetlərində, lap yeniyetməlik yaşlarından başlamışam və bu vərdiş məndə daha geniş, daha əsaslı yazmaq həvəsini möhkəmlətdi.
– Yazmadığınız gündə özünüzü necə hiss edirsiniz?
– Aylarla ürəyimdə gəzdirdiyim fikirləri yaza bilməyəndə, daxilən çox əsəbiləşir, həyəcanlanıram. Sanki ürəyimdən ağır bir daş sallanır. Vallah, bəzən yazmaq, başladığım zarisovkanı, oçerki başa çatdırmaq xatirinə xəstəlik yatağından qalxmış və inandırım sizi ki, azar-bezarı tamam yaddan çıxarmışam.
– Basqal sizin üçün nədir? Başqa yerdə doğulsaydınız belə yaza bilərdinizmi?
– Basqala mən onun adicə sakini kimi baxmıram. Təsəlli üçün çox vaxt deyirlər: “Yaxşı ki, o tənəzzüllü illər keçmişdə qaldı”. Г‡ox təəssüf ki, qəlbən bağlandığım yurdumun keçmişini nastolji hislər ilə xatırlayıram. Basqalın otuzuncu, qırxıncı və sonrakı tərəqqi illərini gördüyümdən indi onun boşalmasını, əhalisinin işsizlikdən müxtəlif şəhərlərə baş vurmasını mən şəxsi faciəm kimi qəbul edirəm. Onun yerləşdiyi coğrafi mövqe, keçdiyi keşməkeşli tarix Basqalı əsrlərin şahidi edib. Keçdiyi yol Azərbaycan tarixinin bir parçası, şanlı səhifəsidir. Bu yer öz ilkin maddi-mədəniyyət abidələri ilə tarixi prosesi günümüzə qədər keçib gələn azsaylı yaşayış məskənlərindən biridir. Onun hər dağında, daşında, kərpicində canlı bir tarix yaşayır. Basqal həm də xalqımıza bir çox elm, dövlət, mədəniyyət xadimi, tanınmış yazıçılar, şairlər bəxş etmişdir.
Əfsuslar olsun ki, bu gün canım qədər sevdiyim doğma elimdəki tarixi abidələr baxımsızlıq ucbatından dağılıb gedib, Basqalın emblemi olan toxuculuq sənəti yalnız yaddaşlarda qalıb, Şirvan mahalında ən gur ticarət mərkəzlərindən biri sayılan bazarımız tamamilə ləğv olub. Bir sözlə, əvvəllər böyük həvəslə buraya tamaşaya gələn adamlar üçün heç bir maraq yeri qalmayıb.
– Bu günün zirvəsinə necə çatmısınız?
– Bir pedaqoq kimi üzərimə düşən vəzifəni dərindən başa düşməyim, müəllim kimi şagirdlərimi ürəkdən sevməyim, onların təlim-tərbiyəsinə ürəkdən bağlanmağım mənə başucalığı gətirib. Bir yazar kimi də çalışmışam ki, el-obama, vətənə şöhrət gətirən həmyerlilərimə qəlbimdə
bəslədiyim minnətdarlıq duyğularını, düşündüklərimi özümlə axirət dünyasına aparmayım. Г‡ünki bu vaxta qədər belə şöhrətli tarix haqqında sistemli şəkildə söhbət açmaq heç kimin ağlından keçməyib. Belə bir missiyanı ilk dəfə Tanrı mənə bəxş etdiyinə görə şükranlıq hissi duyuram. İnanıram ki, sözlə ucaltdığım bu tarixi qala tarix boyu qalacaq, hamının müraciət obyekti olacaq. Bu, mənə azca da olsa mənəvi rahatlıq gətirir.
– Taleyinizdən razısınızmı?
– Tanrının mənə bəxş etdiyi hər şeydən razıyam. Həyat həmişə məni dəyərli insanlarla rastlaşdırıb. İnsanları incitməkdən, kobud və qaba hərəkətlərdən xoşlanmıram. İnsan qəlbini qırmaq, elə ona ən böyük pisliyi etmək deməkdir. Atalarımız yaxşı deyib:
Könül ki var şüşədir,
Sınsa, onu kim yamar?
Ən böyük yaxşılıq da insan qəlbini dikəltmək, onunla mehriban, səmimi rəftar etməkdir. Arzulamışam ki, insanlar həmişə mehriban olsunlar. Onların üzündən təbəssüm əskik olmasın.
– Xasiyyətinizdə bəyənmədiyiniz cəhətlər olubmu?
– Mən yumşaq, həlim xasiyyətli adamam. Bəzən sərt olmaq istəyirəm, ancaq bacarmıram. Taleyin mənə verdiyi xasiyyəti dəyişə bilmirəm. Dəyişmək istəsəm də bacarmıram. Bu da doğrudur ki, insanın ən az dəyişən cəhəti onun xasiyyətidir. Yenə atalar sözü yada düşür:
“Südlə gələn, sümüklə çıxar”.
Son vaxtlar bir az səbirsiz olmuşam. Yəqin bu da qocalığın fəsadlarından biridir. (Gülür)
Ancaq insan həmişə yaddan çıxarmamalıdır ki, ətrafdakılara yaxşı mənada gərəkdir. Bir ürək ki, başqalarına lazım deyil, o heç mənə gərək deyil. Pis cəhətin varsa, onun üzərində işləməlisən. “Domokl qılıncı” ifadəsi ilə bağlı rəvayət edirlər ki, qədimdə hökmdar olan Domokl çox qəzıbli
olanda birdən yerindən sıçrayır, sonralar özünün də peşmançılıq hissi keçirdiyi qərarlar qəbul
edirdi. Bu xasiyyətdən yaxa qurtarmaq üçün o, taxtının üstündə at tükünə bərkidilmiş iti bir qılınc
asdırır ki, qəzəbli olub qəfil ayağa qalxanda qılınc onun başına işləsin. Bununla da, özünün mənfi
xasiyyətindən azad olur.
(Ardı var)
Rəna Mirzəliyeva,
“İsmayıllı yazarları” ədəbi ictimai birliyinin üzvü