Adi iş günlərindən biri idi, otağa sağlam görünüşlü, boylu-buxunlu, baxımlı gənc bir kişi girdi. Ədəb-ərkanla, görünüşünə uyğun salamlaşdı və elə buna münasib də qarşılandı. Və… kaş salam vermədən, dinməz dönüb gedəydi, haqqındakı bu ilk təəssüratı ilk cümləsi ilə alt-üst etməyəydi: “Sosial yardımımı kəsiblər, 4 uşağım çörəksiz qalıb, mənə kömək edin, yardımımı (!) versinlər, balalarımı saxlayım da”. Bir anda, cəmi bircə anda dağ boyda (bənzətmə üçün vüqarlı dağlarımızdan üzr istəyirəm) gənc gözümün önündə cılızlaşdı, kiçildi, kiçildi…” Haçandan-haçana özümü ələ aldım, düşündüm, bəlkə xəstədir, işləməyə imkanı yoxdur, bəlkə görkəmindən hər əlində 40 kiloqramlıq mişar daşı aparana bənzəsə də əslində gücü-qüvvəsi tükənib, bəlkə əkib becərməyə torpağı yoxdur, bəlkə, bəlkə…
Yardımla böyüyən balalarAdi iş günlərindən biri idi, otağa sağlam görünüşlü, boylu-buxunlu, baxımlı gənc bir kişi girdi. Ədəb-ərkanla, görünüşünə uyğun salamlaşdı və elə buna münasib də qarşılandı. Və… kaş salam vermədən, dinməz dönüb gedəydi, haqqındakı bu ilk təəssüratı ilk cümləsi ilə alt-üst etməyəydi: “Sosial yardımımı kəsiblər, 4 uşağım çörəksiz qalıb, mənə kömək edin, yardımımı (!) versinlər, balalarımı saxlayım da”. Bir anda, cəmi bircə anda dağ boyda (bənzətmə üçün vüqarlı dağlarımızdan üzr istəyirəm) gənc gözümün önündə cılızlaşdı, kiçildi, kiçildi…” Haçandan-haçana özümü ələ aldım, düşündüm, bəlkə xəstədir, işləməyə imkanı yoxdur, bəlkə görkəmindən hər əlində 40 kiloqramlıq mişar daşı aparana bənzəsə də əslində gücü-qüvvəsi tükənib, bəlkə əkib becərməyə torpağı yoxdur, bəlkə, bəlkə… Aramızda keçən dialoq bu “bəlkə”lərin üzərinə soyuq su çilədi. Məlum oldu ki, “pəhləvan” cüssəli bu qardaşımız kənddə yaşayır, geniş həyətyanı sahəsi də var, əmlak payı da, hələ öz atasının və qayınatasının gənc ailəyə kömək üçün verdikləri az-para mal-qara da. Amma qardaş nə mal-qaranın sayını artırmaqda maraqlıdır, nə torpaqlarını əkib becərməkdə. Başqa iş təklifinə də maraq göstərmədi:
– Sosial yardımdan başqa yalandı, mala, torpağa ümid yoxdur, canavar yeyər, quraqlıq olar, əkdiyin bitməz, sosial yardım rahatlıqdır, hər ay alıb rahat dolanırsan.
– Elə bilin, sosial yardımınızı da “canavar yeyib”, neyləyəcəksiz?!
Bayaqdan üzünə məzlum görkəm verib, məzlum-məzlum danışan həmsöhbətimin siması da, səsi də bir anda dəyişdi:
– Mənim sosial yardımımı yeyən canavarın gərək beş ağzı olsun. Bəyəm bu ölkənin yeyəsi yoxdur?! İcra başçısına yazaram, baxmaz Prezidentə yazaram. Ondan sonra özləri yalvarıb verərlər o yardımı mənə.
Qardaş sosial yardımın ömürlük verilən bir müavinət yox, ailəyə dəstək üçün qısamüddətli yardım olduğu barədə eşitmək belə istəmədən çıxıb getdi, yəqin ki, kömək üçün başqa qapı döyməyə. Amma onları dünyaya gətirən, onlara həyat verən atadan, o kiçik dövlətin onların gözündə hələ ki (!) böyük olan başçısından yemək, paltar gözləyən uşaqlar bütün gün düşüncəmi, xəyalımı zəbt etdilər. Məni geriyə – öz uşaqlığıma qaytardılar.
… Г‡ox da uzaq olmayan o yaxın keçmişdə məktəblərdə valideyn himayəsindən məhrum və imkansız ailələrin uşaqlarına dövlət hesabına paltar yardımı –“ köynək, şalvar, don, ayaqqabı –“ verərdilər. Bunun üçün direktorun otağına çağırılan uşaqlar adətən əliboş, gözüyaşlı dönərdilər sinfə – bu balaca uşaqlar balaca boyları, böyük ürəkləri ilə yamaqlı, köhnə paltarla məktəbə gəlməyə razı idilər, ancaq yardım deyilən o təzə paltarı alıb geyinməyi şənlərinə sığışdırmırdılar, əksinə ona rəva görüldükləri üçün ağlayırdılar. Yekunda yarıxoş-yarızor o paltarlar kiməsə verilirdi, amma o kimsə o paltarı bir dəfə də məktəbə, sinfə geyinməyi özünə sığışdırmazdı. O zamanlar uşaqlar heç də indikindən pis oxumurdular, heç “hazırlıq”, “müəllim yanına” getmək də yox idi o vaxtlar: müəllimlər bütün bildiklərini, öyrədə bildiklərini elə dərsdə, o 45 dəqiqədə uşaqlara öyrədir, indiki kimi “özəyi” “hazırlığa” saxlamırdılar. Və uşaq da dərsdən sonrakı asudə vaxtını valideynləri, baba-nənəsi ilə birlikdə ev təsərrüfatının inkişafına yönəldərdi. Bunun həm maddi, həm də mənəvi faydası olurdu: uşaqda əməyə vərdiş yaranırdı, uşaq öz əlinin zəhməti ilə dolanmağın mümkün olduğunu öyrənirdi, bax elə bu səbəbdən də yardıma ehtiyac duymurdu. Anaya, nənəyə kömək edən, vaxtının çoxunu onların ətrafında keçirən qız analıq, ataya, babaya kömək edən, evin idarəsində onlarla əlbirliyi göstərən oğul bir kişilik yolu keçmiş olurdu, ailə dərsi alırdı, ailə təcrübəsi keçirdi. İndi dərs, ardınca da “hazırlıq” uşaqların bütün vaxtını əlindən alır, nə anadan analıq, nə atadan kişilik dərsi almağa zaman qalmır. Biz geriyə dönməyi arzulamırıq, ancaq analarımızın üzü düymədən olan çubuq gəlinciklərlə, atalarımızın odun parçasından yonduqları oyuncaq qılınclarla böyüyən o qızlarımız, oğlanlarımız daha yaxşı ana, ata olmağı, nümunəvi ailə qurmağı, övladlarını əlinin zəhməti ilə böyütməyi, yaxşı vətəndaş olmağı və yaxşı vətəndaş yetişdirməyi daha yaxşı bacarırdılar və heç də bugünkü nəsildən savad, dünyagörüşü baxımından geri qalmırdılar.
Bu gün nə dəyişib axı?! Bu suala çoxları tək bir cavab verir: indi XXI əsrdir… Nə olsun, əsr dəyişib, lap yaxşı. Biz ki, XXI əsrə kosmosdan, kökümüzdən qopub gəlməmişik, biz Azərbaycanlıyıq axı, dünyada nümunə göstərilən, qəbul edilən, dəyər verilən milli adət ənənəmiz var, milli dəyərlərimiz var, bu dəyərlərə söykənən nümunəvi ailə təcrübəmiz var. Ümummilli lider Heydər Əliyev həmişə fəxrlə deyərdi ki, dünyada Azərbaycan ailəsindən gözəl ailə yoxdur. Bu gün də fəxr ediləsi, nümunə götürüləsi ailələrimiz çox-çoxdur. Lakin itirdiklərimiz və itirməkdə olduqlarımız da az deyil!

Yardımla böyüyən balalar

Ailələrlə işləməyə başladığımız ilk illərdə ailədə xüsusi qayğıya ehtiyaclı şəxsin olmasını biz ən böyük ailə problemi kimi dəyərləndirirdik. İş təcrübəmiz artdıqca, ailələrlə, insanlarla daha sıx ünsiyyətdə olduqca başqa nəticəyə gəldik: bu gün ailə problemlərinin yaranmasının, boşanmaların, münaqişələrin artmasının əsas səbəbi milli kökdən, milli mentalitetdən uzaq qalmamız, ailə dəyərlərinə yetərincə önəm verməməyimiz, nümunəvi ailə təcrübələrindən faydalanmamaq (bəzən hətta o təcrübəyə ötən əsrin, köhnəliyin qalığı kimi baxmağımız), əsasən də elə bu səbəblərdən gənclərin ailə həyatına kifayət qədər hazırlıqlı olmamalarıdır. Kişi kimi kişilərin, kişilərinə hər işdə arxa, dayaq olan, həyat yoldaşını evin, ailənin böyüyü kimi qəbul edən, övladlarına, ətrafına belə təqdim etməyi bacaran qadınların sayı azaldıqca ailə problemləri çoxalır. Əlinin zəhməti ilə ailəsini, balalarını saxlayan kişilərin sayı bu gün yardım üçün qapıları döyməkdən yorulmayan, aşağı, yuxarı təşkilatlara durmadan sosial yardımla bağlı şikayət edənlərin fövqündə hiss olunacaq qədər azalır. Nəticədə, ailədə ikihakimiyyətlilik yaranır, qadınına, övladlarına özünü kişi, ata kimi tanıtdıra, qəbul etdirə bilməyən ər istəmədən, arzulamadan çıxış yolunu içkidə, intiharda, narkotikada tapır, ya da zorakılığa əl atır, ailə münaqişələri, zorakılıqlar, boşanmalar çoxalır. Dilimizin əzbəri müasirlik, güvəndiyimiz XXI əsr, uşaqların oyuncağına çevrilən cib telefonu, gənclərin əyləncə, istirahət yeri olan internet klublar, qadınlarımızın maraqla seyr etdikləri bayağı seriallar, yüngül həyata səsləyən şoular, ailələrimizin “çörək ağacı”na çevrilən sosial yardım bu gün çox ailə dəyərlərini əlimizdən alır və itirdiklərimizin yaratdığı boşluğu problemlər doldurur.
Sosial yardımın keçid dövründə, müharibə zamanı, qaçqın və köçkünlərimizin problemlərinin həllinə kömək məqsədlə qısa bir müddət üçün tətbiq olunması başa düşülən idi. Lakin bunun illərlə davam etməsi, bir vaxtlar məktəblərdə imkansız ailələrin uşaqlarına verilən paltarı qəbul etməyi şənlərinə sığışdırmayan sələflərimizin xələflərini yardıma, ələbaxımlılığa öyrədir, sosial yardım kartı girən evdə kişilər ikinci plana keçir, evin kişisi, pul gətirəni, maliyyə ağası sosial yardım kartı olur. Sosial yardım insanları havayı gəlirə dadandırmaqla, onları zəhmətdən, torpaqdan, əlinin əziyyəti ilə dolanmaqdan uzaqlaşdırır. İnsanların psixologiyası korlanır, ailənin və ölkənin iqtisadiyyatına ziyan dəyir. Bu yardımdan bir ailə faydalanır, yardım ala bilməyən onlarla ailənin ürəyinə isə yardım alan qonşusuna, ona yardım verməyənlərə və dövlətə qarşı narazılıq toxumları cücərir, hansı ki, əvvəllər olduğu kimi yardım yox, uşaqlara müavinət ödənilsə bu kimi halların heç biri olmaz. Hamı buna normal baxacaq, heç bir şikayət, əlavə söz-söhbət yaranmayacaq və dövlət də uşağına daha artıq sahiblənə, onun hüquqlarını daha yaxşı qoruya biləcəkdir.
Mən bilmirəm bu sosial yardım layihəsi haradan, hansı ölkədən gəlib, bildiyim odur ki, insanların mənəviyyatının, ölkənin iqtisadiyyatının zəiflədilməsinə yönəldilmiş bir ideoloji, iqtisadi silahdır bu və dost işi deyil. Siyasətçilərimiz, iqtisadçılarımız sosial yardımın faydasını və zərərlərini araşdırsalar, əminəm ki, onlar da “SOS” siqnalı çalar, sosial yardıma “yox” deyərlər. Amma təəssüf ki, belə bir araşdırma aparmaq əvəzinə, Milli Məclisdə sosial yardımın altı aylıq yox, iki il müddətinə verilməsi barədə müzakirələr gedir. Unuduruq ki, uçulan bir binanı, dağılan bir yolu ən qısa müddətdə – bir günə, bir həftəyə, uzağı bir aya yenidən tikmək, qurmaq olar. Tərbiyədə, xüsusən ailə tərbiyəsində itirdiklərimizi, unutduğumuz, arxa çevirdiyimiz milli mənəvi dəyərləri, ailə dəyərlərini bərpa etməyə on illiklər belə yetməyəcək. Biz bu gün məktəblərdən, müəllimdən çox şey gözləyirik. Unuduruq ki, tərbiyənin bünövrəsi ailədə qoyulur. Ulularımız “Uşağı bələ, tərbiyəsini yaxşı elə” deməklə uşağın tərbiyəsinə doğulduğu gündən başlamağı nəsihət edirdilər.
Qiymətli vaxtını sərf edib bu yazını oxuyan soydaşlar, gəlin milli dəyərlərimizi, ailə dəyərlərimizi qoruyaq, ölkəmizi istəməyənlərin sosial yardımla, zorakılıq yayan cizgi və bədii filmlərlə, milli mentalitetimizə zidd seriallarla, şoularla millətimizi kökündən uzaqlaşdırmasına, bizi bizdən etməsinə imkan verməyək. Övladlarımızın tərbiyəsində öz ulularımızın təcrübəsindən faydalanaq, onları dünyaya gəldikləri andan müəllim, həkim, mühəndis, alim kimi görməkdən öncə gələcəyin anası, atası kimi görək, ailədə yaxşı tərbiyənin bünövrəsini qoyaq ki, sonra məktəb, müəllim də o yaxşı bazanın üzərində alınmaz qala inşa edə bilsin. Unutmayaq ki, böyütdüyümüz yaxşı övladlar yekunda bizim xoşbəxt qocalığımız, güclü ailələr, o güclü ailələrin toplumu isə daha güclü Azərbaycan dövləti deməkdir!
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir