“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. “Gənclər Paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın Gənclər Paytaxtı bir il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.
Seçim 2 mərhələdə həyata keçirilib. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb. Bu il “Gənclər Paytaxtı”nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 26 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülüb, onlardan 11-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi, internet səsverməsi vasitəsi ilə həyata keçirilib. 24 yanvar 2015-ci il tarixdə start götürən səsvermə 1 fevral 2015-ci il tarixdə saat 23.59-da yekunlaşıb.
Gənclər paytaxtının seçildiyi şəhərin adının açıqlandığı anı izləmək üçün onlarla gənc əllərində dövlət bayrağı İsmayıllı rayonunun mərkəzində toplaşıb.
İsmayıllının “Gənclər paytaxtı” elan edildiyi an möhtəşəm atəşfəşanlıq olub.
Müsabiqədə iştirak edən Göygöl, Astara, Masallı, Qax, Qəbələ, Mingəçevir, Sumqayıt, Naxçıvan, Qusar, Şəki şəhər və rayonları sırasından İsmayıllı 56,1 faiz səs çoxluğu ilə 2015-ci ilin Gənclər paytaxtı seçilib.
2015-ci ilin “Gənclər Paytaxtı”nın adı 2 fevral 2015-ci il tarixdə Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə rəsmi elan edilib və Gənclər paytaxtının simvolik açarı İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova təqdim edilib.
Azərbaycanın “Gənclər Paytaxtı”nın seçilməsində yaşadığı yerindən, yaşından, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqla iştirakının təmin edildiyi səsvermə www.genclerpaytaxti.az internet saytı vasitəsilə həyata keçirilib.
Г‡inarə Bəhərçinli