Hər kəsin bu dünyada öz qisməti, öz ömür yolu var. Bu dünyada hər kəs öz ömrünü yaşayır, öz arzu və istəyini həyata keçirir. Hər kəs də yaşadığı zamanın tələblərini, meyarlarını yerinə yetirməyə çalışır. Tanrının ona bəxş etdiyi qisməti ilə təkrarsız ömrünün ilmələrini hörür. Hərə özünəməxsus əməlləri ilə ömrünə min cür naxış vurur. Həmin naxışlar onu yaşadır ona stimul verir, çətin gündə dayaq olur həmin insana. İnsan ömrü o zaman mənalı olur ki, öz ailəsi, cəmiyyət və dövlət qarşısında üzüağ və alnıaçıq olsun, xeyirxah və faydalı əməlləri ilə iz qoysun, böyüklü-kiçikli hamının rəğbətini qazansın.
Hər kəsin bu dünyada öz qisməti, öz ömür yolu var. Bu dünyada hər kəs öz ömrünü yaşayır, öz arzu və istəyini həyata keçirir. Hər kəs də yaşadığı zamanın tələblərini, meyarlarını yerinə yetirməyə çalışır. Tanrının ona bəxş etdiyi qisməti ilə təkrarsız ömrünün ilmələrini hörür. Hərə özünəməxsus əməlləri ilə ömrünə min cür naxış vurur. Həmin naxışlar onu yaşadır ona stimul verir, çətin gündə dayaq olur həmin insana. İnsan ömrü o zaman mənalı olur ki, öz ailəsi, cəmiyyət və dövlət qarşısında üzüağ və alnıaçıq olsun, xeyirxah və faydalı əməlləri ilə iz qoysun, böyüklü-kiçikli hamının rəğbətini qazansın.
Ömrünü şam kimi yana-yana nura döndərən, həmin nuru şagirdlərinə paylayan, müəllimliyi həyatının mənası hesab edən Dürdanə müəllimə də belələrindəndir.
Dürdanə müəllimə 1965-ci ildə Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonun Cülyan kəndində anadan olmuşdur. 1971-ci ildə İsmayıllı şəhər 3 nömrəli məktəbə ilk qədəm basanda düşünməzdi ki, bu təhsil ocağı onun gələcəkdə əsl müəllim kimi püxtələşməsində böyük rol oynayacaq. Sevimli müəllimi Saleh müəllim onun istedadını elə ilk gündən duydu.
Valideynləri onun riyazi bacarığını görüb deyirdilər ki, sən gözəl riyaziyyat müəllimi olacaqsan. 3 nömrəli məktəbin direktoru, sonradan İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri işləyən Fərman Bəşirov bu çəlimsiz qızın böyük istedadını görüb onu çoxlarına nümunə çəkərdi. Orta məktəbdə təhsil alarkən Respublikanın əməkdar müəllimi Saleh Həsənov Dürdanə Babayevanın riyaziyyata olan böyük marağını görüb onunla xüsusi məşğul olardı. Tədris olunan fənlərin hamısına bərabər səviyyədə maraq göstərən, müəllimləri Fərman Bəşirov, Saleh Həsənov, Cavid Qəniyevin timsalında müəllimliyə çox maraq göstərən Dürdanə Babayeva 1981-ci ildə məktəbi əla qiymətlərlə bitirdi.
1981-ci ildə sənədlərini indiki Azərbaycan Pedaqoji Universitetinə verdi və ali məktəbə qəbul olundu. Tələbəliyin ilk günündən yaxşı oxumuş, müəllim və tələbə dostlarının dərin rəğbətini qazanmışdı. Hər il imtahan sessiyasından sonra əla və yaxşı qiymətlərlə oxuduğuna görə ailəsinə və oxuduğu məktəbə təşəkkür məktubları göndərilirdi.
1985-ci ildə APİ-nin riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirib Quşencə kənd orta məktəbində müəllim işləməyə başladı. 1986-1988-ci illərdə İsmayılı şəhərindəki Aşağıbaş məktəbində (indiki şəhər 6 nömrəli) müəllim işlədi. Cəmi üç il kifayət etdi ki, Dürdanə müəllim öz pedaqoji bacarığını tam mənası ilə ortalığa qoya bilsin. Hələ çox gənc olan Dürdanə müəllim İsmayıllı rayonu üzrə “Ən yaxşı gənc müəllim” müsabiqəsinin qalibi oldu və Fəxri fərmanla təltif olundu.
1988-ci ildən 2007-ci tədris ilinə kimi – düz 18 il təhsil aldığı doğma məktəbdə müəllimlik fəaliyyətini davam etdirib.
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin qabaqcıl iş təcrübəsi, müəllimlərin yüksək peşəkarlığı, həm də özünün təhsil aldığı doğma məktəb Dürdanə müəllimin əsl pedaqoq kimi yetişməyində böyük rol oynamışdır. Öz peşəsinə vurğun olan yüksək peşəkarlıq qabiliyyəti ilə seçilən Dürdanə müəllim dərslərində səmərəli təlim metodlarından bacarıqla istifadə edir, şagirdlərdə öyrənməyi öyrətmək zəminində təlim vərdişləri aşılamağa, onlarda riyazi təfəkkür formalaşdırmağa çalışırdı. Məsələ və misalları tez və müstəqil həll edib nəticə çıxarmağa yönəldirdi.
3 nömrəli məktəbdə işləyərkən hər il riyaziyyat fənnindən ən azı 4-5 şagirdi fənn olimpiadalarının rayon turunda I-III yerləri tuturdu. Həmin şagirdlərdən 3 nəfər – Rizvan Bağırov, Pərvanə Ağayeva, Bəxtiyar Rüstəmov Respublika olimpiadasında iştirak etmiş 1 nəfər IV yeri, digərləri həvəsləndirici yerləri tutmuşlar. Dürdanə Babayeva bu uğurları RTŞ və məktəb rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmiş və o, Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
O riyaziyyat fənninin tədrisində sinifdənxaric işlərə də böyük əhəmiyyət verir. Keçirdiyi riyaziyyat gecələrindən rayonun digər məktəblərinin müəllimləri də çox şey öyrənirlər. Fənn bülletenləri riyaziyyat fənninin şagirdlər tərəfindən sevilməsində böyük rol oynayır. Hər tədris ilində dərs dediyi 3 nömrəli məktəbin məzunları riyaziyyat fənnindən daha yüksək bal toplayaraq ali məktəblərə qəbul olunurdular. D.Babayeva buna görə də RTŞ-nin, İsmayıllı Rayon İcra hakimiyyətinin və İsmayıllı bələdiyyəsinin Fəxri fərmanları ilə dəfələrlə təltif olunmuşdu. 2003-2007-ci illərdə İsmayıllı şəhər 3 nömrəli məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib.
Tələbkarlıq və ciddilik olmayan yerdə nüfuz da, hörmət də olmur. Dürdanə müəllimi başqalarından fərqləndirən digər cəhət məhz tələbkarlığıdır.
2007-2008-ci tədris ilindən İsmayıllı şəhər 5 nömrəli məktəbdə çalışan Dürdanə müəllimin uğurları daha çox və yadda qalan olub. Dərs dediyi və sinif rəhbəri olduğu sinifdən həmin il 20 nəfərdən 13 nəfər şagird ali məktəbə qəbul olunub. Həmin il 2 nəfər şagirdi 600-dən çox bal toplayıb. Riyaziyyat fənninin tədris faizi digər fənlərdən yüksək olub. Sinif rəhbəri olduğu digər sinfin şagirdi Badam Bədəlova
5 nömrəli məktəbin tarixində ilk “Qızıl medal” alaraq yüksək balla ali məktəbə qəbul olunmuşdur.
2012-2013-ci tədris ilində onun riyaziyyatı tədris etdiyi XI A sinfindən 3 nəfər
600-dən çox bal toplayıb.
30 ilə yaxın pedaqoji fəaliyyətində Dürdanə müəllim qabaqcıl həmkarlarından, ağsaqqal müəllimlərdən çox şey öyrənmiş, görüb götürmüşdür.
Müasir dövr və yeni fənn kurikulumu müəllimdən öz şagirdlərinə daha dəqiq və qayğıkeş, həssas olmağı, onlara tələbkar münasibət bəsləməyi tələb edir. Şagirdlərə qayğı məqsədini güdən tələbkarlıq əsasında yaranan münasibət şagirdlərinin daim qəlbində yaşayır.
Dürdanə müəllim yaradıcı, daim axtarışlar aparan, yeniliyi duyan, öyrənən və tətbiq edən, həmkarlarının iş təcrübəsindən faydalanan müəllimdir. O, yüksək elmi-nəzəri və praktik biliyə malikdir. Rayonun ümumtəhsil məktəblərinin gənc müəllimlərinə öz qabaqcıl iş təcrübəsini öyrədir, onlardan köməyini əsirgəmir. Yaxşı riyaziyyat müəllimi kimi təlimdə şagirdyönümlülük, nəticəyönümlülük prinsiplərinə daha çox riayət edir. O, fənn metodbirləşməsinin işində də fəal iştirak edir. Fənn kurikulumu ilə dərs keçdiyi siniflərdə yenilikləri necə tətbiq etdiyini müəllimlərlə bölüşür. Faydalı təklif və rəylər mülahizələr irəli sürərək həyata keçirir.
2013-cü il 5 Oktyabr Müəllim günündə Dürdanə müəllimin əməyinə yenə layiqli qiymət verildi. Rayon İcra Hakimiyyəti və RTŞ-ın hər fənn üzrə ən yüksək nəticə əldə etmiş müəllimlər üçün təsis etdiyi mükafata sahib oldu. Riyaziyyat fənninin tədrisi səviyyəsinə və nəticələrinə görə Dürdanə Babayeva rayonda yenə birinci oldu.
Dürdanə müəllim bu gün də gənclik eşqi ilə çalışır ki, şagirdlər məktəbə yaxşı əhval-ruhiyyə ilə gəlsin, öz biliyini artırmağa çalışsın, hər dərsdə proqram metodlarından əlavə nə isə öyrənsinlər. Şagirdlərinin bilmədiyi düstur və tərif qalmasın. Məsələ və misalların ən səmərəli üsulla həlli yolunu tapa bilsinlər. Başa düşmədiklərini anlamadıqlarını soruşub öyrənsinlər.
Dürdanə müəllim xoşbəxt taleli müəllimdir. İki övlad böyüdüb, boya-başa çatdırıb. Hər ikisi ali təhsillidir. Biri onun yolunu seçib. Müəllimdir. Bir nəvəsi var.
Öz ömür yolunda inamla addımlayan Dürdanə müəllim bir də ona görə xoşbəxtdir ki, həmişə onu yaşadacaq, xatırlayacaq, zəhmətini qiymətləndirəcək, elmin-texnikanın sirlərini gələcək nəsillərə ötürəcək davamçıları var. Dönüb arxaya baxdıqca fəxr ediləsi neçə-neçə müəllim, mühəndis, həkim məhz onun riyazi bulaq çeşməsindən su içib.
Dürdanə müəllim bu gün də elə həvəslə jurnalı götürüb sinfə gedir ki, hamı onun gənclik eşqi ilə qaynayan ürəyinə, savadına, elminə heyran qalmaya bilmir. Böyük uğurları isə hələ qabaqdadır.
Böyük iş təcrübəsi olan Dürdanə müəllimin keçdiyi həyat yolu pedaqoji fəaliyyətə təzəcə qədəm qoyan gənc müəllimlərimizə ən yaxşı örnəkdir.
Yasəmən Ağayeva
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi