Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə insanın qətlə yetirilməsi və yaralanması sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir

Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə onun sayı 60 min nəfərə çatırdı) döyüş tapşırığını yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (hərbi ekspertlərin hesabatından: sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazilərin evlərinin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var, binalar mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi avtomat-pulemyot atəşinə tutacaqlar…)
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRi DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19:30 radələrində Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Gecə isə qoşun şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-si saat 7-də çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, ovaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:
“Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır!… Məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”…
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi…
1990-cı il Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvar ayının 20-si minlərlə insan, suverenlik uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının xatirəsini yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi əbədi yaşayacaqdır!
Nizami Rövşənoğlu,
Vəng kənd tam orta məktəbinin xarici dil müəllimi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir