Sevgilimlə öz bağıma getdim. Bağı pərvərdigarın cənnəti kimi gördük. Sevgilim söylədi: “Bura bağ deyil, cənnətdir ki!” Dedim: “Behiştə bənzər səfalı bir bağdır. Bura yer üzünün behiştidir, o isə göylərin. Bu nəqddir, o isə nisyə. Bu aşkardır, o gizli”.
Qətran Təbrizi
Həmin il Şamaxıda qeyri-adi gözəl bahar başladı. Novruzgülü qarın altından çıxan kimi onun dalınca dağ silsilələrinin ətəklərindən tutmuş ta üfüqə qədər hər yer coşqun bir atəşənliklə yerdən boylanan dağ lalələri, xoruzgülləri ilə al-əlvan atlas dona bürünmüşdü. Göylər al şəfəqlə elə boyanmışdı ki, sanki səmaya da lalələr səpələnmişdi. Lalələr şəhərin şimali-qərbindəki Xınıslı tarlalarında alışıb yanır, dağların döşündə parlaq alov dilləri kimi qığılcımlar saçırdı. Dağlar təzə yaşıl libas geyinir, yalnız zirvələrdə dərələrin, uçurumların gözü işləməyən dərinliklərində ağappaq qar parıldayırdı. Bu qarlar günəş şüaları altında gümüş kimi şəfəq verir, göz qamaşdırırdı. Düzən və dağlarda qoyun sürüləri otlayır, quzular ərköyün uşaqlar kimi oynaqlayırdı. Qoyunların mələrtisi, çobanların hay-küyü Padardan, Göylərdən, Sündüdən düzənliyə köçməyə hazırlaşan döşdə yerləşən otlağa da gəlib çatırdı. Sarıtorpaq məhəlləsindəki evlərin qərb qurtaracağında başlayan düzən çiçəklərinin dənizi günəşə doğru can atan təzə yaşıl otlar içərisində toy paltarı geyinmiş gəlinə bənzəyirdi. Çəmənlər məxmər kimi zövq oxşayırdı.

Bu yerlərin baharıBu yerlərin baharı

Sevgilimlə öz bağıma getdim. Bağı pərvərdigarın cənnəti kimi gördük. Sevgilim söylədi: “Bura bağ deyil, cənnətdir ki!” Dedim: “Behiştə bənzər səfalı bir bağdır. Bura yer üzünün behiştidir, o isə göylərin. Bu nəqddir, o isə nisyə. Bu aşkardır, o gizli”.
Qətran Təbrizi

Həmin il Şamaxıda qeyri-adi gözəl bahar başladı. Novruzgülü qarın altından çıxan kimi onun dalınca dağ silsilələrinin ətəklərindən tutmuş ta üfüqə qədər hər yer coşqun bir atəşənliklə yerdən boylanan dağ lalələri, xoruzgülləri ilə al-əlvan atlas dona bürünmüşdü. Göylər al şəfəqlə elə boyanmışdı ki, sanki səmaya da lalələr səpələnmişdi. Lalələr şəhərin şimali-qərbindəki Xınıslı tarlalarında alışıb yanır, dağların döşündə parlaq alov dilləri kimi qığılcımlar saçırdı. Dağlar təzə yaşıl libas geyinir, yalnız zirvələrdə dərələrin, uçurumların gözü işləməyən dərinliklərində ağappaq qar parıldayırdı. Bu qarlar günəş şüaları altında gümüş kimi şəfəq verir, göz qamaşdırırdı. Düzən və dağlarda qoyun sürüləri otlayır, quzular ərköyün uşaqlar kimi oynaqlayırdı. Qoyunların mələrtisi, çobanların hay-küyü Padardan, Göylərdən, Sündüdən düzənliyə köçməyə hazırlaşan döşdə yerləşən otlağa da gəlib çatırdı. Sarıtorpaq məhəlləsindəki evlərin qərb qurtaracağında başlayan düzən çiçəklərinin dənizi günəşə doğru can atan təzə yaşıl otlar içərisində toy paltarı geyinmiş gəlinə bənzəyirdi. Çəmənlər məxmər kimi zövq oxşayırdı.
Həsən kişi bu gün qəlbən bağlandığı çörək ağacı olan toxucu dəzgahından ayrılıb ən çox sevdiyi bahar fəslinin ilahi bəxşeyişlərini seyr etmək üçün beş yaşlı oğlu İbrahimin əlindən tutaraq ağaclara, kollara tamaşa etmək qərarına gəlmişdi. Ürəyi bu ecazkar təbiət səhnəsinə baxdıqca fərəhdən əsirdi.
Döşdəki ağac budaqlarına elə bil ki, narın qar ələnmişdi. Ağ çiçəklər hələ yarpaqsız budaqları örtmüş, onları Şamaxıda dəbdə olan ağ qaymağı xaradan gəlinlik paltarı geyindirmişdi. Yerdəki ot hələ dizdən aşağıya çatırdı. Bahar öz töhfələrini hissə-hissə təqdim edir, fəslin lütfü, nəvazişi insanı valeh edir, oxşayırdı.
Balaca İbrahim də bu füsunkar mənzərəni heyrətamiz fəhmlə hiss etmişdi. Anası Seyid Fərruxun əzizləməsinə baxmayaraq uşaq müstəqilliyə can atırdı. Pəl-ağac, top-top oynayanlara baxar, təklikdə bu oyunları təqlid etməyə çalışardı. İndi də o, atasının əlini buraxıb otların içərisində görünməz oldu. Mayallaq aşdı, çəngə-çəngə yonduğu üçyarpaq yoncanın bihuşedici ətrindən onun körpə duyğusu xoşlandı.
Toxucu idi Həsən kişi – kəlağayı toxucusu. Gəzintiyə də sol biləyinin üstünə bağlanmış ipək pürüzü ilə gəlmişdi. Toxuculara şərbaf da deyirlər. Şərbaflar pürüzdən toxucu dəzgahına şaquli şəkildə çəkilmiş ipək-çillə telləri qırılan zaman onları birləşdirib yapışdırmaq üçün istifadə edirlər.
Kəlağayı şərbaflığını Həsən kişi atası Hacı Ələkbərdən, o da öz növbəsində Basqalda yaşayıb işləyən toxucu Məşədi Nəmətdən öyrənmişdi. Həsən kişi əlavə olaraq boyaqçılıq sənətinə də yiyələnmişdi. Bu sənət olduqca çətin, diqqət, səbir tələb edirdi. Şərbaf Həsən Basqalda qaldığı müddət ərzində artıq mahir usta kimi yetişmişdi. Onun boyadığı ağzəmin, qarazəmin, soldurma, heyratı, noxudu və başqa növ kəlağayılar təkcə Azərbaycanda yox, yaxın Şərq ölkələrində də bəyənilirdi.
Basqallılar hətta ipək kilkəsinə də bərəkət kimi baxırlar, xarab olmuş kiçik-böyük ipək toplarını murdar yerə atmaz, yerə düşəndə öpüb gözləri üstə qoyarlar. Toxucular hesab edirlər ki, ipək kəlağayıçılıq sənəti müqəddəs, pak, bərəkətli sənətdir. Rəvayətə görə böyük Yaradan Eyyub peyğəmbəri müxtəlif bəlalarla imtahana çəkmiş – övladlarını, var dövlətini növbə ilə əlindən almış, onun bədənini büsbütün yara etmiş, yaralarına iri-iri qurdları daraşdırmışdır. Eyyub peyğəmbər qeyri-adi dözümlülük göstərmiş, bütün İbtilaya Allaha şükür etməklə cavab vermişdir. Hətta, ətini yeyən, qanını soran qurdlardan biri yerə düşəndə onu qaytarıb yarasının üstünə qoyar və deyərmiş: “Ay yazıq, hara düşürsən? Allah mənim bədənimi sənin üçün yemə çevirib”. Kəlağayı toxucuları yəqin ediblər ki, həmin qurdlar ipək qurdu baramanın əcdadı olublar.
Həsən kişi Şamaxıda sayılıb seçilən nəslin varisi olub. Həm özü, həm atası Hacı Ələkbər Şirvan elində öz alicənablığı, müdrikliyi, dərin biliyi, elmi ilə məşhur olan insanlar kimi tanınıb. Ərəb, fars dillərini mükəmməl biliblər. Hər şəraitdə ləyaqətini mühafizə edən Həsən Hacı Ələkbər oğlunun Şamaxıdan çox-çox uzaqlarda da sözü keçərmiş. Bu nüfuzu sübut etmək üçün Hacı Mirismayıl ağanın qızı Seyid Fərrux xanımın Həsən ilə izdivacını göstərmək olar.
Hacı Mirismayıl bütün ölkədə tanınmış, fikirləri ilə hesablaşılan çox böyük hörmət və ehtiram sahibi olmuşdur. Peyğəmbər nəslindən olduğu üçün seyyidə bir qızla evlənmək niyyəti mənim bibim Seyid Əsbət xanımla ailə qurmaqla baş tutub. Həmin nikahdan onlarla görkəmli alim, bir çox elmi kəşflər edən, nailiyyətlər qazanan insanlar, ictimai xadimlər yetişmişdir.
Bu qohumluq həm də 1902-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələ, həmçinin 1905-1908-ci illərdə erməni qırğını Şamaxı-Basqal əlaqələrini daha da yaxınlaşdırmışdı. Onlarla Şamaxılı sənətkar Basqalda sığınacaq taparaq oraya köçmüşdü. Onlardan bəziləri ara sakitləşəndən sonra Şamaxıya qayıtmış, bəziləri isə həmişəlik Basqalda qalmışlar.
1902-ci ildə atam Məşədi Seyidrəsul ağa evləri yerlə yeksan olmuş bacısı oğlu Mirheydər ağa Hacı Mirismayıl oğlunu və onun arvadı Sürəyya xanımı Basqala köçürtmüş və onların normal yaşaması üçün öz evində şərait yaratmışdır. 1905-ci ilin payızında sonralar tanınmış ictimai və dövlət xadimi Kazım İsmayılov (əslində Mirkazım Mirismayılov – Tofiq İsmayılovun atası) bizim evimizdə anadan olmuşdur.
1918-ci il hadisələri zamanı isə arvadı basqallı, anam tərəfindən bizə yaxın qohum olan Əbdülhüseyn Mirzəmmədtağı oğlu Əlizadə öz kiçik uşaqları, sonradan bütün SSRİ məkanında məşhur olan akademiklər, bir neçə dəfə Stalin mükafatı laureatları Ələşrəf, Ağasəməd, Firudin Əlizadələri götürüb Basqala köçüb və üç il yarım ərzində orada yaşayıblar. Bir detalı da qeyd etməyi vacib bilirəm. müxtəlif ağır ictimai-siyasi hadisələrdən sonra iki böyük dünya şöhrətli akademikin və görkəmli ictimai xadim Firidun Əliyevin anası olmaq böyük şərəf idi. Ələşrəf Əlizadənin, onun sədaqətli ömür gün yoldaşı Qəmər xanımın və onların oğlu, akademik Sənan Əlizadənin xatirələrindən belə məlum olur ki, basqallı Naib xanım əri Əbdlühüseynin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən sonra öz müdrikliyi, təmkini, ləyaqəti ilə təkcə ailəsinin deyil, bütün Əlizadələr tayfasının yol göstərəni, məsləhətçisi, ağbirçəyi olmuşdur.
Naib xanım övladlarına qayğı göstərdiyi kimi, nəvələrinə də elə qayğı göstərmiş, onların təlim-tərbiyəsi ilə yorulmadan məşğul olmuşdur. Uzun ömür sürmüş Naib xanım hətta övladları yaşa dolub oğul-uşaq sahibi olduqdan sonra belə onun məsləhəti ilə oturub-durar, ona böyük hörmət bəsləyirdilər.
Mən həyatdan vaxtsız getmiş Sənan Əlizadə ilə (akademik Ələşrəf Əlizadənin oğlu) möhkəm dost idim. Bir neçə dəfə onun son zamanlardakı iş yerində – İçərişəhərdə, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasında görüşmüş, çapdan yeni çıxmış iki kitabımı avtoqrafımla ona hədiyyə etmişdim. Akademik, geologiya-mineralogiya elmləri doktoru, professor Sənan Əlizadə öz sadəliyi, təvazökarlığı ilə mənə əllinci illərdə iftira ilə repressiyaya tuş gəlmiş ailələrindən, özlərinin sonrakı taleyindən söhbət açmışdı. Bu qeydlərim mənə “Basqal əcdadlarımızın əks-sədasıdır” kitabının üzərində işləyərkən lazım oldu.
Sənan Əlizadə Bakı Şəhər Sovetinin sədri də (1990-92) işləmiş, az müddət ərzində böyük işlər görmüş, şəhərdə xeyli quruculuq işlərini həyata keçirmişdir. Bakının, görkəmli yerlərini, meydan və döngələrini bəzəyən, memarlıq üslubu ilə göz oxşayan bulaqlar saldırmışdı. İlk dəfə bütün neft sənayesinə dair idarələri birləşdirərək Neft Konsorsiumunun prezidenti işləmişdir.
Əlizadələr ailəsi professor İbrahim İsmayılzadəni öz ailə üzvü hesab edər, onun mənən böyüməsinə görə sevinər, çox vaxt “əmi oğlu” kimi ona müraciət edər, daim lazımi köməklik etmək təklifi ilə onu ruhlandırardı.
1983-cü ilin may ayında Ələşrəf, Ağasəməd və Sənan Əlizadələr Basqala sonuncu dəfə gələndə bizim evdə də qonaq oldular. Rəhmətlik Ələşrəf müəllim mənə əzəli və əbədi düşmənimiz olan ermənilərin bir qəddarlığı və xəyanətindən yanıqlı hekayət danışdı:
– 1918-ci ildə ailəmiz Basqala köçəndən iki ay sonra atam Əbdülhüseyn aranı sakitləşmiş bilərək, gizlətdiyi iki kiloya yaxın qızılları gətirmək üçün Şamaxıya gedir. Sən demə, Mədrəsə erməniləri onu güdürmüş. Yolun Mədrəsəyə haçalaşdığı yerində üç silahlı erməni qəflətən atamın üzərinə atılır, onu qəddarlıqla öldürür, qızıllarını götürülər…
… Şamaxı – Basqal əlaqələri lap qədimdən indiyə qədər davam edir.
Həsən kişi kəlağayı sənətinə basqallılar kimi hörmətlə yanaşırdı. Lakin o, kiçik İbrahimi məşhur alim kimi görmək istəyirdi.
Bahar tənəzzöhündən zövq alandan sonra Həsən kişi İbrahimi qucağına alıb kəsmə yolla “Bilici” bulağının yanından Sarıtorpaq məhəlləsindən enib Minaxordakı evlərinə yollandı.

Bu yerlərin baharı
Miryavər Hüseynov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir