İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir, yalnız əməksevər, zəhmətkeş insanlar əvəzolunmaz, möhtəşəm işlərə imza ataraq, bir şəxsiyyət kimi mövcud olduqları cəmiyyəti inkişafa doğru apara bilir. Mənən zəngin, elmi potensialı yüksək, dərin zəkalı insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla böyük bir işin ərsəyə gəlməsinə səbəb olurlar.
Hər bir insan üçün qiymətli olan böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Bu gün Azərbaycanımızda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi var.
İncə qəlbli, bacarıqlı tibb işçisi
Həyatda tutduğu yüksək mövqeyə, xalqına xidmətləri ilə şərəflənən zəngin və maraqlı bir ömür yaşayan, nəcib insan Sovetxan Əhmədalı oğlu Muradalıyevin həyatına nəzər salanda iftixar hissi keçiririk. Tanıyanlar, doğmaları, dostları və davamçıları onu qənimət adamlardan hesab edirlər. Orta tibb işçisi olmasına baxmayaraq, Sovetxan Muradalıyev işlədiyi müddətdə minlərlə insanın əlindən tutub ayağa qaldırmış, onlara həyat bəxş etmişdir.
Muradalıyev Sovetxan Əhmədalı oğlu 1943-cü ilin iyunun 10-da Quşencə kəndində anadan olmuşdur. 1951-ci ildən Quşencə kənd orta məktəbinin birinci sinfinə qəbul olunaraq, 1961-ci ildə oranı yaxşı və əla qiymətlərlə bitirmişdir. Həmin il Şamaxı Şəhər Tibb Texnikumunun feldşerlik fakültəsinə qəbul olunur.
1964-cü ilin fevral ayından tam feldşer ixtisası alaraq təyinatla İsmayıllı mərkəzi xəstəxanasına göndərilir. İvanovka kənd xəstəxanasında əmək fəaliyyətinə başlayır. Bir il sonra ehtiyaca görə Qoşakənd həkim məntəqəsinə müdir vəzifəsinə təyin olunur. İki il sonra yenidən İvanovka kəndinə dəyişdirilir. 1971-ci ildə İvanovka kənd xəstəxanasında rentgenoloq aparatlarında işləmək, bu sahənin sirlərini öyrənmək üçün Bakı şəhərinə, altıaylıq təkmilləşdirmə kursuna göndərilir. Kursu əla qiymətlərlə başa vuran Sovetxan 1971-ci ilin avqust ayından rayon xəstəxanasına rentgen kabinetinə rentgen texnik üzrə işlə təmin olunur, eyni zamanda xəstəxanada statistika şöbəsinə də başçılıq edir.
Sovetxan müsəlləh əsgər kimi xalqın sağlamlığının keşiyində durmaqla yanaşı, yaradıcılıq sahəsində də inamla addımlayaraq rayonda çıxan “Zəhmətkeş” qəzetində məqalələr çap etdirir. Qısa bir zamandan sonra o, qəzetin ştatdankənar müxbiri kimi tanınır. O, rayon qəzetinin redaksiyasında 0,5 okladla fotomüxbir kimi də bir müddət fəaliyyət göstərib.
Sovetxan Muradalıyev ömrünün 50 ilini insanların sağlamlıq keşiyində durmaqdan qürur duyur. Bu müddət ərzində onun səhiyyə təşkilatçısı kimi yüksək bacarığı özünü daim biruzə vermişdir. Həmişə diaqnozun müəyyənləşdirilməsi və müalicənin aparılması işində yüksək nəticələr əldə etmişdir. Onun ilk yardımda qeydə aldığı diaqnozlar axıradək təsdiqləmişdir.
1974-cü ildə Sovetxan səhiyyədəki xidmətlərinə görə “Sosializm yarışının qalibi” döş nişanı ilə təltif olunub.
Haqqında yazılmış məqalələrin birində ömrünün əvvəlki illəri belə səciyyələndirilib. “Sovetxan Muradalıyev əla qiymətlərlə oxuyardı, yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. Tələbə ikən texnikum divar qəzetinin redaktoru, tələbə həmkarlar ittifaqı komitəsinin üzvü idi. Oxuya-oxuya, çalışqanlığı, işgüzarlığı, ictimai işlərdə fəallığı ilə seçilən Sovetxan o dövrün ən yüksək tələbə təqaüdünə layiq görülmüşdü”.
Sovetxan Muradalıyevin gözəl tibb işçisi olması ilk növbədə onun vətənpərvərliyindən, insansevərliyindən qaynaqlanır. Onu fərqləndirən cəhətlərdən biri də təşəbbüskarlığı, daim yeniliyə can atmasıdır. Bunların nəticəsi olaraq, 1977-ci ilin iyununda o, “SSRİ Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.
1978-ci ildə Quşencə kəndindəki feldşer-mama məntəqəsi əhalisinin sayına görə həkim məntəqəsinə çevrildi. Sovetxan həmin məntəqənin müdiri təyin olundu. 1979-cu ildə rayonlararası mülki-müdafiədə “Tibb işçilərinin əsas vəzifələri” mövzusunda yarış keçirildi. Yarışda Sovetxanın rəhbərlik etdiyi komanda birinci yerə layiq görüldü. Komandanın rəhbəri S.Muradalıyev “Mülki-müdafiə əlaçısı” döş nişanı ilə təltif olundu.
O, xəstəni şəfqət və qayğı ilə əhatə etməyi bacarır. Ətrafdakılar onun bu nəcibliyinə həmişə heyran qalırlar.
İşlədiyi müddətdə qeyri-adi hadisələrlə rastlaşdığını deyən Sovetxan bu hadisələrdən bir neçəsini bizlərə danışdı. Onlardan ikisini oxucularla bölüşürük:
– Bir gün 8-9 yaşlı uşağı burun qanaxması ilə məntəqəyə gətirdilər. Uşağı müayinə etdim. Heç nə yoxmuş kimi pnevmaniya diaqnozu ilə uşağa müalicə etməyə başladıq. Qanaxma dayanmırdı. Odur ki, xəstəni burun, udlaq müayinəsindən keçirtdim. Çox nadir hadisə ilə rastlaşdım. Uşağın yumşaq damağının arxasında, burun-udlaq nahiyəsində qara rəngdə zəlinin sallanmasını müşahidə etdim. Xeyli götür-qoy etdikdən sonra bir stəkan suda xeyli duzu əritdim. Duzlu suyu uşağa içirtməyi və ağız boşluğunda saxlamağı məsləhət gördüm. Bir müddətdən sonra uşağa duzlu suyu ağzından yavaş-yavaş boşaltmağı tapşırdım. Duzlu suyun təsirindən zəli uşağın damağından qopdu və xaric olundu…
Bir dəfə də uşaq gec əriyən konfet udmuşdu. Konfet uşağın tənəffüs yoluna düşərək onda boğulma yaratmışdı. Bunu o dövrdə xaric etmək çətin bir proses idi. Ani fikirdən sonra uşağı başıaşağı çevirib döş qəfəsini sıxmaqla ağ ciyərdən havanın xaric olması vəziyyətinə gətirdim. Bununla da konfet tənəffüs yolundan çıxarıldı.
İşlədiyi müddətdə bu cür qəribə hadisələrlə dəfələrlə rastlaşan Sovetxan hər dəfə vəziyyətdən məharətlə çıxaraq xəstələrə yeni həyat, sağlamlıq bəxş edib. Onun üçün ad-san, şan-şöhrət, mükafatlardan önəmli sağlamlığına yenidən qovuşan bir insanın xeyir-duasıdır.
O, yalnız tibb işçisi kimi deyil, ümumiyyətlə, bir insan və şəxsiyyət kimi çevrəsində olanların hamısına yaxşılıq etməyi bacarır. Ələlxüsus da məsləhətə, qayğıya, köməyə ehtiyacı olanları unutmur, onlardan bacardığını əsirgəmir.
Rayon Mərkəzi Xəstəxanası 2004-2005-ci illərdə Amerikanın ACQUİRE proyekti əsasında “Ailə planlaşmasında səhiyyə işçilərinin və icmanın təlimatlandırılması” proqramında pilot rayon kimi iştirak etdi. Rayonun beş kəndi qrant layihəsinə təqdim olundu. Sovetxan da bu layihədə iştirak etdi və uğur qazandı. Layihə əsasında Quşencə kənd həkim məntəqəsi də əsaslı təmir edildi. Yaxşı işinə görə Sovetxan Muradalıyev ACQUİRE layihə rəhbərinin xüsusi təşəkkür məktubunu aldı.
Sovetxan Muradalıyevin Vətən və xalq qarşısındakı xidmətləri həmişə yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif təşkilatlar tərəfindən Fəxri fərman, diplom və pul mükafatları ilə, 1980-ci ildə səhiyyə işində yüksək göstəricilərinə görə “Sosializm yarışının qalibi” döş nişanına, 1987-ci ildə ikinci dəfə “Mülki müdafiə əlaçısı”, 2007-ci ildə “Əmək veteranı” döş nişanlarına layiq görülüb.
Sovetxan Muradalıyev həmçinin yorulmaz ictimaiyyətçidir. O, 1995-ci ildə Quşencə kənd Xalq Deputatlar Sovetinin deputatı seçilmişdir. Uzun müddət 48 saylı Quşencə məntəqə seçki komissiyasında üzvlük edib. Hal-hazırda 61 saylı Zoğallıq kənd seçki məntəqəsinin sədridir.
O, incə qəlbli insan, həssas tibb işçisidir. Tibb işçisi adını, vətəndaş mövqeyini həmişə uca tutur. Həkim adına sadiqdir. O, bildiklərini həmkarları ilə həmişə paylaşmış, bir sözlə, tibb işçisi adını uca tutmağa çalışmışdır.
Sovetxan Muradalıyev həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Ruhəngiz xanım da tibb işçisidir. Böyük oğlu Arif stomotoloqdur. İkinci oğlu Vüqar Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının məzunudur, doğma rayonumuzda, İcra Hakimiyyətində çalışır. Böyük qızı Sevinc əczaçıdır, kiçik qızı Kamalə tibb bacısıdır.
Ailədə on bir nəvə böyüyür. Təcrübəli tibb işçisinin nəvəsi Raqub Qarazadə Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirərək, Fransada magistraturanı bitirmiş, hal-hazırda Bakı şəhərində Fransa şirkətində çalışır.
Yaşının müdrik çağında Sovetxan Muradalıyev öz işini yenə də gənclik eşqi ilə davam etdirir. Həmişə olduğu kimi, işinin öhdəsindən yüksək səviyyədə gəlir.
Gənclik illərini, bütövlükdə ömrünü insanların sağlamlığına həsr etmiş Sovetxan Muradalıyevin özünə də möhkəm cansağlığı arzulayırıq.
H.Məmmədov