Hüquqi dövlətin qurulmasını özünə inkişaf yolu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz olmaqla yanaşı, həm də şərəf işimizdir.

Dövlətinə, xalqına sadiq orqanDövlətinə, xalqına sadiq orqan

Hüquqi dövlətin qurulmasını özünə inkişaf yolu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz olmaqla yanaşı, həm də şərəf işimizdir.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyət rəhbərliyinə yenidən qayıdışından sonra qanunsuz silahlı dəstələr tərəfindən törədilən dövlət çevrilişlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, günahsız insanların cinayət məsuliyyətinə cəlb olunmasına yol verilməsində, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranmasında prokurorluğun da xidmətləri əhəmiyyətlidir.
Dövlətinə, xalqına sadiq orqan
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda, ilk dəfə olaraq, ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Əsas Qanunda Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu inkişaf yolu seçməsinin təsbit edilməsi, hakimiyyətin bölünməsi prinsipinin öz əksini tapması və bu müddəaların həyata keçirilməsi yolunda ümummilli lider Heydər Əliyevin cəsarətli, reallığa uyğun yüksəlişi şərtləndirən addımları qısa müddət ərzində ölkəmizi dünyanın sivil dövlətləri sırasına çıxartdı.
Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Prokurorluq haqqında” qanunların, demokratik cəmiyyətin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun yeni məcəllələrin və digər qanunların, normativ-hüquqi aktların qəbulu hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük rol oynamışdır.
Dahi rəhbər Heydər Əliyevin 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluq orqanlarına verdiyi yüksək qiymətin təzahürü olan: “Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamları hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur. Yeri gəlmişkən, göstərək ki, Azərbaycanın milli prokurorluq orqanları mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu seçmiş, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun təmin edilməsinə, cinayətkarlıqla mübarizə işinə mühüm töhfə vermişdir. Xalq Cümhuriyyətinin süqutundan sonrakı 70 il ərzində də Azərbaycan Prokurorluğu təşkilati cəhətdən təşəkkül tapmış, yüksək peşə hazırlığı əldə etmişdir.
Prokurorluğun peşə bayramının təsis edilməsi də məhz ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, bir əsrə yaxın müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Lakin ümummilli lider Xalq Cümhuriyyəti dövründə Bakı dairə məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarını əsas götürərək 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsini reallaşdırmış və bununla da prokurorluğa dövlət qayğısını rəsmi qaydada bir daha təzahür etdirmişdir.
Məqsədi demokratik və hüquqi dövlət qurmaq olan xalqımızın səyləri nəticəsində, bütün ölkə miqyasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən başlayaraq hərtərəfli islahatların həyata keçirildiyi belə bir şəraitdə prokurorluğun məqsədli şəkildə həmin proseslərdən kənarda qalması, həmin illərdə yığılıb qalmış problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməməsi, qanunsuzluq hallarına qarşı mübarizədə barışdırıcı mövqenin formalaşması bu məsələlərə dövlət başçısı səviyyəsində müdaxilə edilməsinə zəmin yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2000-ci il tarixdə respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən görüşdə məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunları pozmaqla cinayətkarlara havadarlıq edilməsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yuvarlanması, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi qoyuldu.
Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra ölkəmizdə aparılan möhtəşəm yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi, dövlət başçısının həmin görüşdəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da xalqımızın ümummilli lideri Heydər Əliyevin təklifi ilə 2002-ci ildə “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən verildi.
Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluğa möhtərəm Prezident İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanı ilə idarənin Əsasnaməsi təsdiq edilmiş və 2005-ci ilin yanvar ayının 1-dən etibarən, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qüvvəyə mindikdən sonra idarə öz fəaliyyətinə başlamışdır. Ümumiyyətlə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əsas vəzifələri korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxıb araşdırma aparmaq; korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayıb ibtidai istintaq aparmaq; həmin cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görmək; korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlamaqdan ibarətdir. Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yaradılmış, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, idarənin əməkdaşları təlim, seminar və bu səpkili digər beynəlxalq tədbirlərdə yaxından iştirak etmişlər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətini digər dövlət orqanları, hüquq-mühafizə orqanları, həmçinin korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya ilə əlaqəli surətdə həyata keçirir.
Məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesində qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi kimi müstəsna əhəmiyyət kəsb edir.
Ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradılmasında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında digər hüquq mühafizə orqanları ilə yanaşı prokurorluq orqanlarının mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur.
Fərid Dadaşov,
İsmayıllı rayon Prokurorluğunun müstəntiqi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir