Ta qədimdən azərbaycanlı ailələri çoxuşaqlı olub. Ən azı 5-6, hətta, 10 və daha çox uşağı olan ailələr çoxluq təşkil edirdi. Ailələrin maddi çətinlikləri olsa da, uşaqların sayı az olmazdı. Məlum məsələdir ki, belə ailələrdə böyüyən uşaqlarda kollektivçilik, qayğıkeşlik, işgüzarlıq və başqa müsbət keyfiyyətlər formalaşırdı. Böyüklər kiçiklərə qayğı göstərir, ev və təsərrüfat işlərində valideynlərinə köməklik edirdilər. Təssüf ki, bugünkü ailələrdə hətta 5-dən çox uşağın olması möcüzə kimi görünür. Buna baxmayaraq, məqsədimiz oxucuları böyük bir ailə ilə tanış etməkdir…
Bir ailə ilə tanışlıqBir ailə ilə tanışlıq

Ta qədimdən azərbaycanlı ailələri çoxuşaqlı olub. Ən azı 5-6, hətta, 10 və daha çox uşağı olan ailələr çoxluq təşkil edirdi. Ailələrin maddi çətinlikləri olsa da, uşaqların sayı az olmazdı. Məlum məsələdir ki, belə ailələrdə böyüyən uşaqlarda kollektivçilik, qayğıkeşlik, işgüzarlıq və başqa müsbət keyfiyyətlər formalaşırdı. Böyüklər kiçiklərə qayğı göstərir, ev və təsərrüfat işlərində valideynlərinə köməklik edirdilər. Təssüf ki, bugünkü ailələrdə hətta 5-dən çox uşağın olması möcüzə kimi görünür. Buna baxmayaraq, məqsədimiz oxucuları böyük bir ailə ilə tanış etməkdir…
Bir ailə ilə tanışlıq
Təzəkənd kəndində Qədirovlar ailəsini çox yaxşı tanıyırlar. Geniş qol-budaq atmış bu ailə başqa ailələrdən o qədər də fərqlənmir. Ailə başçısı Nəcəf Cəfər oğlu Qədirov və onun ömür-gün yoldaşı Badam Əlicəfər qızı 10 uşağı ayağa qaldırmaq üçün hər cür əzab-əziyyətə qatlaşıblar. Əllinci illərdə bugünkü kimi bolluq, firavanlıq yox idi. Uşaqlar kiçik yaşlarından əməyə, çətinliklərə qatlaşmağı bacarmışlar. Nəcəf kişi müharibədən ikinci qrup əlil kimi qayıtmışdı. Onu kolxoz sədri seçdilər. Bilirdilər ki, işgüzardır, halal adamdır, el malına xor baxmaz, ac qalar, evinə haram tikə aparmaz. İşləyə-işləyə birillik rəhbər kadrlar hazırlayan kursu bitirdi. Sədrlikdən çıxandan sonra bir müddət kolxozda mühasib vəzifəsində işlədi. Badam ana da həm kolxoz işinə gedir, həm də ev-eşik, həyət-baca işləri görür, uşaqlara baxırdı. İş çox olsa da, hər şeyi çatdıra bilirdi…
N.Qədirov ürəyindəki, gələcəyə istiqamətlənmiş neçə-neçə xoş arzu ilə bərabər 1988-ci ildə dünyadan köçdü. Badam ana isə 2006-cı ildə bu həyatla vidalaşdı. Balalarının, nəvələrinin toylarını, mənalı həyatını doyunca görmək ona qismət olmadı…
Ailədəki ilkin ciddi nizam-intizam uşaqların təlim-tərbiyəsinə yetərincə təsir edib. Bu da uşaqların gələcək inkişafında mühüm rol oynayıb. Dərslərə hazırlaşmaqda belə, qardaş-bacılar bir-birlərinə dayaq durur, köməklik edirdilər. Ailədə dörd bacı və 6 qardaş olublar. Yazının qələmə alındığı vaxtda onlardan 5 qardaş və iki bacı sağdır. Hamısı da yüksək qiymətlərlə oxuyurdular. İllər arxada qaldıqca uşaqlar da orta təhsili başa vurub, ali təhsil dalınca gedirdilər.
Bir ailə ilə tanışlıq
Evin böyük oğlu Səyyab məktəb illərindən riyaziyyat vurğunu idi. Bu ixtisasın dalınca getdi və riyaziyyat müəllimi oldu. Səyyab müəllim bütün qardaş və bacılarına dərs deyib. Köhnə Daxarda, Qaraqayada və Təzəkənd kəndlərində işləyib. İndi pensiyaya (2014) çıxıb. Bacılardan böyüyü Göyçək də qardaşının yolunu seçib və müəllim işləyib. Narıngül bacı isə evdar qadındır.
Qardaşlardan biri də Eldar Cəfərovdur. O, 1954-cü ildə anadan olub. Eldar kiçik yaşlarından inşaatçı olmaq arzusu ilə yaşayıb. Əslinə qalanda, onların nəslində inşaatçı olmayıb. Eldarda bu marağı onlar üçün ev tikən ustalar oyadıb. Maraqla onların işinə tamaşa edərdi. Sonralar təhsil alanda evlərinin tikintisində yol verilmiş səhvləri ixtisaslı inşaatçı kimi aydınca görürdü…
Eldar 1970-ci ildə Təzəkənd orta məktəbini bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutunun (indiki texniki universitet) inşaat fakültəsinin sənaye və mülki tikinti şöbəsinə verdi. 1975-ci ildə təhsilini başa vurub inşaatçı kimi Bakıda əmək fəaliyyətinə başladı. Alüminium zavodunun inşasında çalışdı. Doğma elində çalışmaq, qurub-yaratmaq onu rayona çəkirdi. Nəhayət, 1976-cı ildə İsmayıllıdakı 63 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstədə işə düzəldi. İşgüzarlığı sayəsində vəzifə pillələrini – tikinti ustası, iş icraçısı, baş mühəndis vəzifəsinədək qalxdı. Həmin müddət ərzində – 1978-ci ildə Rusiyanın Voronej İnşaat Mühəndisləri İnstitutunda (VİSİ) aqrar tikinti üzrə oxuyub fərqlənmə sertifikatı aldı.
E.Cəfərov 1981-83-cü illərdə ordu sıralarında xidmət etmişdir. Hərbidən qayıtdıqdan sonra Moskvanın Bakı filialının Cənub Aqrar-Sənaye Layihə İnstitutunda baş mühəndis işləmişdir. Bir çox layihələrin müəllifi olmuşdur. Sovetlər birliyi dağıldıqdan sonra İsmayıllı RİH-də tikinti şöbəsinin baş mühəndisi vəzifəsində çalışmışdır. 1999-cu ildə bələdiyyə seçkilərinə qatılıb. Təzəkənd bələdiyyəsinin üzvü, üzvlərin yekdil səsi ilə bələdiyyə sədri seçilib. Həmin dövrdə kəndin abadlaşdırılması sahəsində xeyli işlər görmüşdür. Bu işə kəndin imkanlı adamlarını da cəlb etmişdir. Kəndiçi yolların, işıq və su xətlərinin təmirində kənd sakini Hacı Tapdıq Kərimovun köməyi danılmazdır. Hacı Tapdıq bu gün də öz xeyirxahlığı ilə seçilən kəslərdəndir.
Bir ailə ilə tanışlıq
Bələdiyyədəki seçki müddətini başa vurduqdan sonra Eldar Cəfərov yenə tikinti sahəsinə, qurub-yaratmağa meyl göstərdi. 2003-cü ildə “Qaraçay” Tikinti Şirkətində işə başladı. Bu şirkət rayonumuzda, qonşu Qəbələ rayonunda xeyli tikinti obyektlərini istifadəyə vermişdir. İsmayıllıda əlillər üçün iki yaşayış evi, Heydər Əliyev Mərkəzi, rayon prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati idarə binaları bu qəbildəndir. Qəbələdə Cıdır meydanının və sair obyektlərin inşasında onun da əməyi çoxdur.
E.Cəfərov 2006-cı ildən “İsmayıllı tikinti -27”-də baş mühəndis işləyir. Bu təşkilat rayonumuzda, Qəbələ, Qobustan rayonlarında çoxlu məktəb binaları inşa etmişdir. Cülyan, Qaraqaya, Mücü, Müdri, Şəbyan kəndlərindəki məktəbləri və bu dərs ilində istifadəyə verilmiş Qalınçaq kənd tam orta məktəbinin tikintisində də onun zəhmət payı vardır. Kollektiv bu məktəbi qısa müddətdə tikib istifadəyə vermişdir.
O, tanınmış, çoxlarının hörmət və etibarını qazanmış bir inşaatçı kimi rayonun abadlaşdırılmasında, fərdi evlərin layihələndirib tikilməsində yaxından iştirak etmişdir. Bununla bərabər, “Qaraçay” Tikinti Şirkətində məsləhətçi kimi də fəaliyyət göstərir.
Hazırda onun çalışdığı təşkilat Qalınçaq-Mücühəftaran-Göytəpə- Ruşan kəndlərinə gedən yolların inşasını aparır. Bu yol ölkə Prezidentinin ayırdığı vəsaitlə çəkilir. Eldarın eyni zamanda, şəhərimizdə ucaldılmış “Ana harayı” soyqırım abidəsinin inşasında da əməyi var. Abidənin bu günlərdə təntənəli açılışı oldu. El yolunun üstündə ucaldılmış abidə erməni soyqırımına məruz qalmış həmvətənlərimizin xatirəsini əbədiləşdirir.
Eldarın üç övladı var. Hər üçü də ali təhsil alıb. Müslüm “Çıraq”platformasında, Cəfər Tircan kəndində riyaziyyat müəllimi və Səməd isə “BP” şirkətinin Sanqaçal terminalında işləyir. Evin xanımı isə tibb işçisidir.
Biz bu aildən söhbət açarkən əsasən Eldardan bəhs etdik. Onun özündən kiçik iki əkiz qardaşı – Nizami və Füzulidən qısa da olsa söhbət açmasaq düzgün olmaz. Onlar Bakı Dövlət Universitetinin geologiya fakültəsini bitirdikdən sonra təyinatla Qazaxıstana işləməyə gediblər. Nizami universiteti fərqlənmə ilə bitirib. Füzuli universitetdə Lenin rəqaüdü ilə oxuyub.Qısaca onu qeyd edək ki, hər iki qardaş Qazaxıstanda tanınmış alimdir. Nizami Qazaxıstan və Beynəlxalq Moskva Akademiyasının həqiqi üzvü, Füzuli isə Qazaxıstan Mühəndis Akademiyasının müxbir üzvüdür. Eloğlularımız bilik və bacarıqları, halal zəhmətləri ilə uzaq ellərdə xalqının başını uca etmiş və ad-san qaznmışlar. Eldarın Etibar adlı qardaşı da mühəndis mexanikdir və hazırda “Qaraçay” şirkətində işləyir.
Dünyalarını dəyişmiş, məzarları unudulmadan ziyarət olunan Nəcəf kişi də Badam ana övladlarının böyük məhəbbətlə sevdikləri torpaqda rahat uyuya bilərlər. Onların övladları, indi də nəvələri cəmiyyətdə özlərinə layiq ad qazanıblar. Əsl kişilik tərbiyəsi alıblar. Elə baba və nənədən tərbiyə alanlar başqa cür ola bilməzlər. Necə deyərlər, ot kökü üstə bitər.
Cəfərovlar ailəsi anaları Badam Əlicəfər qızının xatirəsini əbədiləşdirmək məqsədilə “Ana mükafatı” təsis etmişdir. Bu mükafat hər il Təzəkənd tam orta məktəbini yüksək qiymətlərlə bitirmiş məzuna verilir. Həmin mükafat iki yüz dollar puldan və diplomdan ibarətdir. Yola saldığımız dərs ilində 15-ci dəfədir ki, bu mükafat təqdim edilmişdir. Məktəbdə “Ana mükafatı” lövhəsi yaradılmış və mükafat alanların portretləri oradan asılmışdır. Bu da övladların valideynə olan ehtiramı, böyük hörmət əlamətidir.
B.Babayev

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir