Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Ölkəmizi tanıyaq” devizi altında maraqlı bir layihə ilə çıxış edir. Başlıqdan da məlum olduğu kimi, bu layihənin çox xeyirxah bir məqsədi var: ölkəmizi məktəblilərə tanıtmaq. Ayrı-ayrı rayonlardan olan məktəblilər ölkəmizin müxtəlif zonalarına səyahət edərək oranın tarixi və görməli yerləri ilə tanış olurlar. Dörd günlük olan belə səyahət rayonumuzun məktəbliləri üçün də təşkil edilmişdi.
“Ölkəmizi tanıyaq”
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Ölkəmizi tanıyaq” devizi altında maraqlı bir layihə ilə çıxış edir. Başlıqdan da məlum olduğu kimi, bu layihənin çox xeyirxah bir məqsədi var: ölkəmizi məktəblilərə tanıtmaq. Ayrı-ayrı rayonlardan olan məktəblilər ölkəmizin müxtəlif zonalarına səyahət edərək oranın tarixi və görməli yerləri ilə tanış olurlar. Dörd günlük olan belə səyahət rayonumuzun məktəbliləri üçün də təşkil edilmişdi.
İsmayıllı-Quba-Qusar-Xaçmaz marşurutu ilə baş tutan səfəri ilə rayonumuzun bir qrup məktəblisi də səyahət etmişdilər. Həmin qrup avqust ayının 31-də İsmayıllı şəhərinin mərkəzindən təntənə ilə yola salındı. Yolasalmada RİH başçısı Mirdaməd Sadıqov, müavini Sevil Əhmədova, təhsil işçiləri və valideynlər iştirak etdilər.
Başçı və digər çıxış edənlər belə turların əhəmiyyəti barədə geniş söhbət açdılar, layihənin müəllifləri və onu həyata keçirənlərə, həmçinin ölkə Prezidentinə minnətdarlıq etdilər. Mirdaməd müəllim belə turlarda məktəblilərin ölkəmizi daha yaxşı tanıyacağını xüsusi vurğuladı. Hər bir şagird öz vətənini yaxşı tanımalı, onu sevməlidir. Çıxış edənlər səyahətə çıxanlara uğurlu yol arzuladılar. Onu da qeyd edək ki, qrupu bir neçə müəllim, tibb işçiləri, turun təşkilatçı nümayəndəsi və yol polisinin nümayəndələri müşaiyət etmişdir.
Hər cür rahatlığı – kondisioneri, televizoru olan rahat avtobus rayon mərkəzindən Bakıya tərəf istiqamət götürdü. Qrupun ilk dayanacaq yeri Xırdalan şəhərində AAAF parkında oldu. Səfərə çıxanlar burada nahar etdilər.
Məktəblilərimiz yolüstü qədim Şabran şəhərinin qalıqları ilə tanış oldular. İndiyədək kitablarda oxuduqları və televizor ekranlarında gördükləri Şabran şəhərinin qalıqlarını görmək uşaqlar üçün maraqlı idi. Sonra Qubaya istiqamət götürdük. Burada qrupumuzu Heydər Əliyev parkında qarşıladılar. Gənc səyahətçilərimiz Qubanın “Cənnət bağı” mehmanxanasında yerləşdirildilər. Qrup səyahətin üç gecəsini də bu mehmanxanada qaldı. Uşaqlar axşamlar mehmanxanada maraqlı, əyləncəli oyunlarda iştirak edib, vaxtlarını səmərəli keçirdilər.
Səyahətin ikinci günü Qusar rayonu ilə tanışlıqla başladı. Qrup Bayraq Meydanında qarşılandıqdan sonra “Şahdağ” qış-yay turizm kompleksi ilə tanış oldu. Qusarın Heydər Əliyev Mərkəzi, Rəsm qalereyası, Tarix -Diyarşünaslıq Muzeyi ilə tanışlıq uşaqlar üçün çox maraqlı oldu. Turun iştirakçıları Həzrə kəndindəki Şeyx Cüneyt türbəsini ziyarət etdilər.
Səyahətin üçüncü günü Quba ilə tanışlıqla başladı. Burada maraqlı və görməli yerlər çoxdur. Uşaqlar Cümə məscidinə getdilər, şəhərdəki xalça sexi ilə tanış oldular.
Sonra Quba Soyqırım Memorial Kompleksini ziyarət etdik. Məktəblilər burada erməni vəhşiliklərinin şahidi oldular. Kompleks uşaqlarda düşmənə nifrət hissini daha da gücləndirdi. Sonra məktəblilərimiz Qubanın təbiətini seyr etdilər. Xınalıq yolundakı şəlaləyə hamı heyranlıqla tamaşa etdi. Qolf meydançası ilə tanışlıq da onlarda xoş təəssüratlar yaratdı.
Nəhayət, maraqlı səyahətin son günü çatdı. Səhər yeməyindən sonra Xaçmaz rayonuna istiqamət aldıq. Burada Heydər Əliyev Mərkəzi, Şəxsiyyətlər parkı, Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Seyrangahı ilə tanışlıq məktəblilərdə böyük təəssürat oyatdı. Qrup Xaçmazın “Yaşıl bulaq” restoranında nahardan sonra İsmayıllıya yol aldı.
Səyahətin ilk günündə olduğu kimi, son günündə də Xırdalan şəhərində AAAF Park restoranında çay süfrəsinə oturduq. Artıq yol İsmayıllıya idi. Doğma rayonda onları RİH aparatının işçiləri, müavin S.Əhmədova, valideynlər, həmçinin digər təşkilatların, mədəniyyət və turizm şöbəsinin nümayəndələri qarşıladılar. Hamının üzündə razılıq bildirən sevinc ifadəsi vardı. Valideynlər bu xeyirxah layihəyə görə ölkə Prezidentinə təşəkkürlərini bildirdilər.
Qrupla bərabər unudulmaz bir səfərdə olmaq bu sətirlərin müəllifinə də nəsib oldu.
Vəfa Ağayeva