Səhiyyə sistemində aparılan islahatlara uyğun “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutmaqla, yaşayış məntəqələrində sanitariya vəziyyətinin yaxşılaşdırılması və yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirilsə də, bəzi nöqsanlar hələ qalmaqdadır.

Sanitariya-gigiyena qaydalarına əməl edək


Səhiyyə sistemində aparılan islahatlara uyğun “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutmaqla, yaşayış məntəqələrində sanitariya vəziyyətinin yaxşılaşdırılması və yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirilsə də, bəzi nöqsanlar hələ qalmaqdadır.

Şəhər ərazisindəki bütün küçələrə demək olar ki, məişət tullantıları üçün standart qutular qoyulmuş, tullantıların vaxtında daşınmasına diqqət artırılmışdır. Park və küçələrdə aparılan geniş quruculuq və abadlıq işləri insanlar arasında xoş əhval-ruhiyyə yaradır.
Təəssüfedici haldır ki, bəzi vətəndaşlarımız bu gözəlliklərə əhəmiyyət vermir, həyətlərdən çıxan tullantıları küçələrə və su arxlarına atırlar. Belələrinə qarşı aidiyyatı qurumlarla bərabər bütün ictimaiyyət mübarizə aparmalıdır. Qəribəsi də odur ki, belələrini tapmaq çətindir. Ətraf ərazidə yaşayanlar da belələrinə irad tutmaq əvəzinə, görməmişəm deməklə yaxasını kənara çəkir. Sonra da belə insanlar şəhərin antisanitariyasından şikayətlənirlər. Şəhər özümüzündür, onun təmizliyinə də cavabdehlik daşımalıyıq.
Şəhərin əlaqədar təşkilatları – şəhər icra nümayəndəliyi və KMK ilə aparılmış birgə reydlər nəticəsində Ə.Mahmudov küçəsində əmələ gəlmiş iki zibillik ləğv edilmişdir. Bu zibilliyi də yaxındakı evlərin sakinləri yaratmışlar.
Son illərdə rayon Kommunal Müəssisələri Kombinatı Talıstan, Təzəkənd kənd bələdiyyələri ilə bağladığı müqavilələrə əsasən buralardan məişət tullantılarının daşınmasına başlanmışdır. Şəhərə yaxın ərazilərdə yerləşən digər bələdiyyələr belə müqavilələr bağlamır, nəticədə, kəndlərdə antisanitariya vəziyyəti pisləşir.
Bir vacib məsələni də diqqətdə saxlamaq zəruridir. Yay mövsümü başlanmışdır, müxtəlif xəstəliklərin yoluxma ehtimalı artmışdır. Meyvə, tərəvəz, ət, süd və sair məhsulların bəzi hallarda küçələrdə, asfalt üzərində satılması halları da baş verir. Bunun üçün rayon polis şöbəsinin əməkdaşları ilə vaxtaşırı reydlər keçirilir. Küçə ticarətini həyata keçirən 5 nəfər fiziki şəxs barəsində inzibati protokol tərtib olunmuş, onlar cərimələnmişdir. Ancaq qaydaları pozanlar əməllərindən əl çəkmirlər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestr Xidmətinin rəsmi çıxarışı əsasında sahibkarlıq subyektlərində ərzaq məhsullarının daşınması, saxlanması və satışına görə həyata keçirilən sanitariya müayinəsi zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Yoxlama zamanı 9 mağaza, 4 qəssab, 3 yeməkxana, 3 çayxana sahibi inzibati qaydada cərimə olunmuşdur. Bəzi obyekt sahiblərinə xəbərdarlıq edilmiş, onlara nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.
Şəhərimizin təmizliyi burada yaşayan və işləyən hər kəsi düşündürməlidir. Yalnız müvafiq dövlət təşkilatları ilə ictimaiyyətin birgə səyi nəticəsində təmizlik və abadlıq işləri yüksək səviyyədə qurula bilər.
X.Qəmbərov,
İsmayıllı rayon GEM-nin direktoru

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir