İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin həyəti adi dərs günlərindən daha qələbəlik idi. Məktəb kollektivi, valideynlər son zəngə toplaşmışlar. Bu gün daha çox həyəcan keçirənlər birincilər və onbirincilərdi. Birincilər məktəbə ilk qədəm qoyursa, onbirincilərsə, məktəblə vidalaşacaqlar. Bugünkü zəng balacaları bilik, onbirinciləri isə həyat yollarına səsləyir.
Son zəng, ilk zəng
İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin həyəti adi dərs günlərindən daha qələbəlik idi. Məktəb kollektivi, valideynlər son zəngə toplaşmışlar. Bu gün daha çox həyəcan keçirənlər birincilər və onbirincilərdi. Birincilər məktəbə ilk qədəm qoyursa, onbirincilərsə, məktəblə vidalaşacaqlar. Bugünkü zəng balacaları bilik, onbirinciləri isə həyat yollarına səsləyir.
Saatın on tamamında tədbir başlandı. Bir tərəfdə həyəcan keçirən, ürkək baxışlı birincilər, digər tərəfdə, onlarla üzbəüz onbirincilər sıralanıblar. Məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov tədbiri açıq elan etdi. O, qısaca məktəbin nailiyyətlərindən söz açdı. Məktəb dünyanın 130 ölkəsi ilə əlaqə saxlayır. Bir sıra beynəlxalq layihələrdə iştirak edib. Qaliblərimiz var. Bu əlaqələrimiz ildən-ilə möhkəmlənir. Keçən ilki 85 məzunumuzdan 65-i müxtəlif ali məktəblərə daxil olub.
Meydana Dövlət bayrağı gətirildi, Azərbaycanın Dövlət himni çalındı. Maraqlı cəhət burası idi ki, birincilər himni oxuyurdular.
Bu il məktəbə gələcək birincilər məzunları müxtəlif dillərdə şeirlərlə təbrik etdilər. Məktəbin ibtidai sinif müəllimləri adından məzunları qocaman müəllim Gülzar Vəliyeva təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı.
Birincilər məzunları təbrik edərək onlara gül dəstələri verdilər.
Söz müəllimlərə verildi. Əməkdar müəllim İzhar Kazımov məzunları təbrik edərək onlara xoş arzularını bildirdi. O, ümidvar olduğunu bildirdi ki, bu ilki məzunlar da keçən ilki həmyaşıdları kimi məktəbin adını yüksək tutacaqlar.
Təqaüdçü müəllim Elmira Babayeva məzunları təbrik etdi, onlara xoş arzularını bildirdi.
Məktəbin rus bölməsinin məzunları da birinciləri təbrik etdilər. Onlar qeyd etdilər ki, məktəbdən ayrılmaq bizim üçün çətin və qəmli olsa da yollarımız ayrılacaq. Bizə əziyyət çəkən, şıltaqlığımıza dözən sevimli müəllimlərimizə təşəkkürlərimizi çatdırırıq.
Valideynlər adından Ülviyyə Zeynalova çıxış edərək məzunlara uğurlar arzuladı. Qeyd etdi ki, mənim oğlum Süleyman da bugünkü məzunların sırasındadır. Qoy onların yolları uğurlu olsun.
Tədbirdə Qarabağ döyüşlərində vuruşaraq bir ayağını itirmiş Əlisahab Əzizov çıxış edərək gənclərə uğurlar arzuladı.
Məktəbin direktor müavini Dilbər Yəhyayeva təhsil sahəsində əldə etdiyi uğurlara görə bir qrup şagirdin məktəb rəhbərliyi tərəfindən Fəxri fərmana layiq görüldüyünü elan etdi. Fəxri fərmanları tədbirdə iştirak edən RİH başçısının birinci müavini, məktəbin məzunu Rövşən Ağayev təqdim etdi. O, çıxışında dövlətimizin təhsilə, elmə göstərdiyi qayğıdan, bu istiqamətdə rayonumuzda görülmüş işlərdən söhbət açdı. Sonda məzunlara həyat yollarında nailiyyətlər arzuladı.
Məktəbin direktoru Ş.Rəsulov yeni dərs ili ilə əlaqədar bunları dilə gətirdi. Yeni dərs ilində məktəbi 86 nəfər bitirir. Birinci siniflərə 115 nəfərə yaxın uşaq gələcək. Məktəbə dörd ədəd prometan (ağıllı) lövhə gətirilib. Bir sıra digər təyinatlı texniki vasitələrimiz də kifayət qədərdir.
Son zəng səsləndi. Bu zəng kimlərisə yeni yollara, kimlərisə elmin ilk pillələri ilə ucalmağa səsləyəcək. Yollarınız uğurlu, arzularınız çin olsun!
B.Babayev