Müxtəlif əlamətdar günlərlə zəngin olan may ayında ismayıllılar daha bir günü də qeyd etdilər – ailə bayramını. Mayın 15-də şəhər sakinləri “Röya” şadlıq sarayında Beynəlxalq Ailə Günü bayramına toplaşmışdılar. Buraya şəhər ictimaiyyətinin nümayəndələri, uzun illər birgə həyat sürmüş cütlüklər, yeni ailə qurmuş gənclər, hüquq-mühafizə orqanlarının rəhbərləri dəvətli idilər. Tədbir İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən təşkil edilmişdi. Ailə bayramı
Müxtəlif əlamətdar günlərlə zəngin olan may ayında ismayıllılar daha bir günü də qeyd etdilər – ailə bayramını. Mayın 15-də şəhər sakinləri “Röya” şadlıq sarayında Beynəlxalq Ailə Günü bayramına toplaşmışdılar. Buraya şəhər ictimaiyyətinin nümayəndələri, uzun illər birgə həyat sürmüş cütlüklər, yeni ailə qurmuş gənclər, hüquq-mühafizə orqanlarının rəhbərləri dəvətli idilər. Tədbir İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən təşkil edilmişdi.
Rayonumuzun belə tədbirləri təşkil etmək sahəsində böyük təcrübəsi var. İnişil əlliyə yaxın rayonun ailələri rayonumuzda belə bir tədbirə toplaşmışdılar. Azərbaycanda ailə tərbiyəsi min illərlə formalaşmış, nəsildən-nəslə ötürülmüşdür. Azərbaycan ailəsində ağsaqqal, ağbirçək sözü yazılmamış qanun kimi qəbul edilmişdir. Bu ağsaqqallar, ağbirçəklər bir kəlməsi ilə, hərəkəti ilə qan davasının qarşısını almış, barış və sülh yaratmışlar. Xalqımızın bir müdrik kəlamı da var: Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Bu kəlam ağsaqqala olan hörmət və ehtiramın nə qədər önəmli olduğunu sübut edir. İllər keçsə də, həmin ənənələr müəyyən dəyişikliklərə məruz qalsa da, əhəmiyyətini itirməyib. Bu gün belə ənənələrin gənc nəslə ötürülməsi mühüm vəzifə kimi qarşıda durur.
Ailə kiçik dövlətdir, demişlər. Ailə güclüdürsə, dövlət də güclü olacaq. Bu kiçik dövlətin də öz problemləri olur. Azərbaycan ailələrində başçı adətən, ata olur. Bəzən istisnalar da olur, bu, çox azlıq təşkil edir. Ailədə tərbiyənin təşkili elə qurulmalıdır ki, uşaq kiçik yaşlarından əsl insan kimi böyüsün. Əks təqdirdə, peşman olacaqsan. Sonrakı peşmançılıq isə faydasız olur. Etiraf etmək lazımdır ki, baba və nənələrimiz ailə ənənələrini övladlarına heç də dərs halında sinfə toplayıb ötürməyiblər. Böyüklərin hərəkəti, davranışı, danışığı, böyük-kiçiyə hörməti, həmsöhbətinə diqqətlə qulaq asması və sair hərəkətləri kiçiklərə örnəkdir, nümunədir. Valideynin sözü ilə hərəkəti düz gəlmirsə, uşaq da həmin hərəkəti təqlid edəcək. Vay o hala ki, bu hərəkətlər əxlaqa, adət-ənənələrə zidd olsun. Bu ənənə illərlə yaşayır və yaşamaqdadır. O zamanlar boşanmalar çox nadir hallarda olardı. Biz heç də bu problemin incəliklərinə varmaq fikrində deyilik. Yeri gəlmişkən, bir neçə rəqəm misal gətirmək istərdik. Statistik göstəriciyə görə rayonumuzda 2013-cü ildə 797 nikah bağlanmış, 93 boşanma qeydə alınmışdır. Doğrudur, rayonumuzda boşanmalar çox olmasa da, heç az da deyil. Təkcə bir boşanma olsa da bu, faciədir. Biz bunun səbəblərini araşdırmayacağıq. Bugünkü tədbirin əhəmiyyəti də ondan ibarətdir ki, gənclər qocaman ailələrdən nəsə öyrənsin, onlardan ailə estafetinin ən yaxşılarını qəbul etsin və gələcəyə ötürsün. Axı burada nümunə götürüləsi çox şey var. Altmış ildən artıq birgə ömür sürmüş Niyaz baba və Afər nənənin həyat yolu hər bir gəncə örnək ola bilər. Digər ailələr də onun kimi. Belə tədbirlərin tərbiyəvi əhəmiyyəti çoxdur.
Adamlar öz yerlərini tutur, şən musiqi sədaları ətrafa yayılır. Tədbiri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva açır və onun əhəmiyyətindən danışır. Monitorda Heydər Əliyev haqqında çəkilmiş filmdən fraqment nümayiş olundu və bu parçada Ulu öndərin Zərifə xanıma olan saf məhəbbətindən, onlara mane olmaq istəyənlərin əməllərindən danışılır. Fraqment tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanır. Ümumiyyətlə, Ulu öndər özü haqqında çəkilmiş filmlərdə bu sevgi barədə elə danışır ki, eşidən düşünür ki, əsl sevgi belə olmalıdır. Ulu öndər Zərifə xanımın vəfatından sonra (1985-ci il) bu mövzuda danışanda çox kövrəlir. Hətta, filmlərdən birində Öndər “Küçələrə su səpmişəm” xalq mahnısını özünəməxsus tərzdə ifa edir.
Aparıcı İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova söz verir.
Başçı ailə tərbiyəsinin önəmli olmasından geniş söhbət açdı. Qeyd etdi ki, hər birimiz İsmayıllı ailələrinin yaxşı yaşamasına, gözəl balalar böyütməsinə çalışmalıyıq. Çalışmalıyıq ki, gənclərimiz xarici ölkələrdə təhsil alsın, bacarıqlı mütəxəssis kimi yetişsin. Axı gələcəkdə rayonumuzu onlar idarə edəcəklər. Ailə halallıqla qurulmalıdır. Belə ailələrin çox olması yaxşıdır. Belə ailələr rayonumuzda ən nümunəvi ailələrdir. Dövlətimizin möhkəm olması üçün gərək ailələr də möhkəm olsun. Onu da qeyd edim ki, rayonumuzda maddi sıxıntı çəkən ailələr də var. Biz imkan dairəsində onlara köməklik göstəririk. Elə etməliyik ki, hər bir ailə firavan və xoşbəxt yaşasın.
M.Sadıqov Heydər Əliyevin Zərifə xanıma olan saf məhəbbətindən söz açdı və bunun gözəl nümunə olmasını bildirdi. Sonda başçı hər bir ailəyə xoşbəxtlik və firavanlıq, ruzi-bərəkət arzuladı.
Müğənni Rövşən Teyyubovun Ulu öndərin ən çox sevdiyi “Küçələrə su səpmişəm” adlı xalq mahnısının ifası yerinə düşdü.
Tədbirdə millət vəkili Novruzəli Aslanov da iştirak edirdi. O, çıxışında dedi:
– Bugünkü tədbir çox əhəmiyyətlidir. Saf məhəbbətlə qurulan ailə möhkəm olur. Ailə nümunəsi, sevgi nümunəsi Ulu öndərin ailəsində olduğu kimi olmalıdır. Bu nümunəni olduğu kimi qəbul etməyin nəticəsidir ki, Ümummilli liderin oğlu İlham Əliyevin Mehriban xanımınla ailəsi də çox səmimidir. Bu məhəbbət bütün gənclərə nümunə olasıdır. Sonra millət vəkili tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. – Pis emosiyalar sizdən uzaq olsun. Həmişə mərhəmətli olun, mehriban olun. Beynəlxalq Ailə Günü münasibətilə hamınızı təbrik edirəm.
Məclisə uzun illər birgə həyat sürmüş bir neçə ailə də dəvət edilmişdi. Bu ailələrdən biri Niyaz və Afər Ağayevlər cütlüyü idi. Bu cütlük altmış ildən artıq birgə ömür sürüb. Digər bir cütlük isə Əlisahab və Azadə Hüseynovlar cütlüyü idi. Onlar zalın ortasına dəvət olundular. M.Sadıqov və N.Aslanov hər iki cütlüyü təbrik etdi. Başçı onları rəqsə dəvət etdi, yaxınları da onlara qoşuldular. Digər belə bir ailə isə Əlixan baba ilə Qəmər nənənin ailəsi idi. Uzunömürlü cütlüklərə RİH başçısı və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin qiymətli hədiyyələri təqdim edildi. Cütlüklər üçün tort kəsildi.
Elə burada yeni ailə quranların nikahı da qeydə alındı.
Gənclərdən Vüsal Nağıyev və Elnurə İdrisova, Vüsal Əzizli və İlhamə Kərəmli cütlüklərinin nikahları təntənəli surətdə, özü də qocaman cütlüklərin – Niyaz baba və Azadə xanımın şahidliyi ilə kəsildi. Qalınçaq kəndinin qocaman sakini 100 yaşı haqlamış Bilal Əliyev yeni ailə quran gəncləri təbrik etdi və onlara xeyir-dua verdi. Qocaman cütlüklər gəncləri təbrik etdilər.
Yeri gəlmişkən, bir faktı da vurğulamaq istərdik. Bu tədbirdə bütün Azərbaycanın tanıdığı bir ailə də iştirak edirdi. Cülyan kəndindən olan Şirinovlar ailəsi İctimai televiziya kanalında respublika üzrə 32 ailə arasında keçirilən “Aləm –ailəm “ intellektual yarışmasında birinci olmuş və minik avtomobili qazanmışdır. Əksər ailələrdə olduğu kimi, bu ailədə də biliyə, təhsilə böyük önəm verilir. Ailənin başçısı Şirin fərdi əməklə məşğul olur, onun həyat yoldaşı Azadə xanım isə kənd məktəbində müəllim işləyir. Onların iki övladı ali məktəbdə təhsil alır və hər iki qardaş Prezident təqaüdçüsüdür. Azadə müəllim yarışın gedişindən söz açdı:
– Ailəmizi bu məclisə dəvət etdiyiniz üçün qürur hissi keçirirəm, sağ olun ki, bizi nümunəvi ailə sayırsınız.
Müğənni Sahibə Abdullayevanın ifasında “Heydər babaya salam” mahnısı tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.
Tədbirdə Qarabağ döyüşlərinin veteranları, onların ailə üzvləri də iştirak edirdilər. İştirakçılardan şeirlər söyləyənlər də oldu. Çinarə Bəhərçinli “Ana ürəyi” şeirini ifa etdi və çıxış alqışlarla qarşılandı. Dəvət olunmuş gənc ailə Anar və Sara cütlüyünün ifasında duet hamının ürəyincə oldu.
İştirakçılara “Ailə xoşbəxtliyinin əsasını nədə görürsünüz?” sualı verildi. Tədbir davam etdikcə suala gənclər də ahıllar da müxtəlif cavablar verdilər. Onu da qeyd edək ki, dolğun cavab üçün mükafat televizor idi. Münsiflər heyəti ən mükəmməl cavab kimi şəhid Vaqif Əliyarovun həyat yoldaşı Ədibə xanımın cavabını qəbul etdilər. RİH başçısının müavini Sevil Əhmədova televizoru şəhid ailəsinə təqdim etdi.
Meydan yenə mahnıya verildi. Müğənni Qalib Güləliyev, Piralı Şıxıyev, Aşıq Yanvar Bədəlov öz çıxışları ilə məclisə təravət gətirdilər.
Məclis bütün müğənnilərin ifasında “Biz mehriban ailəyik” mahnısı ilə yekunlaşdı. Dəvətlilər şən əhval-ruhiyyə ilə dağılışdılar. Hiss olunurdu ki, hamı tədbirdən razı qalıb.
Ş.Soltanov,
B.Babayev