Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaq. Bu gün Ermənistanla Azərbaycan müqayisə edildikdə bizim üstünlüyümüz hər sahədə açıq-aydın özünü göstərir. Dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə, ümumi daxili məhsul 8 dəfə, əhali isə 6 dəfə çoxdur. Ermənistanda həm çox ağır iqtisadi və həm də çətin demoqrafik vəziyyət yaşanır;
“2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında” İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun məruzəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaq. Bu gün Ermənistanla Azərbaycan müqayisə edildikdə bizim üstünlüyümüz hər sahədə açıq-aydın özünü göstərir. Dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə, ümumi daxili məhsul 8 dəfə, əhali isə 6 dəfə çoxdur. Ermənistanda həm çox ağır iqtisadi və həm də çətin demoqrafik vəziyyət yaşanır;
Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinin həlli istiqamətində işlər ardıcıl və sistemli davam etdirilir. 20 min məcburi köçkün Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısının nəticəsi olaraq yeni evlərə, mənzillərə köçürülmüşdür. 2014-cü ildə də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. 2013-cü ildə rayonun təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər şəhərin perspektiv inkişaf sahəsində ayrılmış ərazidə 45 evdən və müvafiq infrastrukturdan ibarət yeni salınmış qəsəbəyə köçmüşlər.
Keçən il regionların inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatmışdır. Hər iki proqramın icrası bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Bölgələr canlandı, abadlaşdı, yerlərdə müasir infrastruktur yaradıldı. Bu il də üçüncü Regional İnkişaf Proqramı qəbul ediləcəkdir.
İqtisadi sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci bir ölkə yoxdur. Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir.
Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Halbuki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır.
Qeyri-neft sektoru 10 faiz artmışdır. Bu son illərdə aparılan islahatların nəticəsidir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün ciddi proqramlar icra edilir və növbəti illərdə də icra ediləcəkdir.
İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, müsbət haldır.
Keçən il valyuta ehtiyatlarımız da rekord həddə çatmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir.
Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən arzu olunan göstəricilərdən biridir.
Keçən il işsizliklə bağlı olan problemlər öz uğurlu həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür.
Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faiz olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələmişdir. Bu onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşıb və müsbət dinamika burada da özünü göstərib.
2013-cü ildə maaşlar və pensiyalar qaldırılmışdır. Bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə, vətəndaşların rifah halının yaxşılaşması üçün həm sosial yönümlü, həm investisiya yönümlü əlavə tədbirlər görüldü.
Keçən il sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi prosesi başa çatmışdır. MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Bu məsələ ən qısa müddətdə – iki il ərzində təmin edilib.
Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artmaqda davam edir. Bu da ilk növbədə iqtisadi inkişaf, sosial həyatın yüksəlişi, dövlət siyasətində insan amilinin önə çəkilməsi ilə bağlıdır.
Keçən il qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş, birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmış, Respublikamız kosmik klubun üzvü olmuşdur. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir.
Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Dövlət investisiyaları, infrastruktur layihələri, xüsusilə suvarma ilə bağlı olan layihələr kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində son illərdə böyük addımlar atılmış, idxaldan asılılığımız əhəmiyyətli dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir. Növbəti 5 il ərzində ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər həll olunacaqdır.
İnfrastruktur layihələrinin içində hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir.
Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatdırılır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə çatmalıdır.
2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması ona gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmişdir. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, qələbədir, XXI əsrin layihəsidir. “Şahdəniz-2”, TANAP, TAP layihələrinin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət edəcəkdir. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir.
Ötən il elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapıb. 2013-cü ildə “Cənub” Elektrik Stansiyası istifadəyə verilmişdir. Təxminən 800 meqavata yaxın gücü olan elektrik stansiyası bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda Bakıda “Şimal-2” Elektrik Stansiyasının tikintisi davam etdirilir və bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik gücü yaranacaqdır.
Respublikada qlobal nəqliyyat layihələri icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir.
Gəmiqayırma zavodunun açılışı həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Bu il Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışı olacaqdır. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir. Bununla yanaşı, beş yüz kilometr avtomobil yolları çəkilmişdir. Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Yerli icra orqanları vətəndaşların müraciətləri əsasında bu işləri görür. Bu il də bu məqsədlər üçün vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət veriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması – bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını təmin edəcəkdir.
Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin ediləcəkdir.
2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılacaqdır. Metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi çox böyük bir nailiyyət olacaqdır.
Sosial obyektlərin tikintisi davam etdiriləcəkdir. Bütün bunlar ölkəmizin investisiya proqramının tərkib hissəsidir. Keçən il 300-ə yaxın məktəbdə, 80-dən çox tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır.
Bu il bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilikdir.
Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmiş, yeni turizm mərkəzləri açılmışdır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər.
Bu il Azərbaycan 2015-ci ildə keçiriləcək Avropa Oyunlarına hazırlıq mərhələsinə qədəm qoymuşdur. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Baxmayaraq ki, Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Biz iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindəyik. Bununla bağlı, Bakıda böyük idman qurğuları tikilir – Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Su İdman Sarayı, Stend Atıcılıq Mərkəzi.
2013-cü ildə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir – Prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini real siyasətə və real işlərə vermişdir. Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoymuşlar. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən yüksək əhval-ruhiyyə bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir.
2013-cü il rayonumuz üçün uğurlu olmuş, bölgəmiz iqtisadi, sosial, mədəni baxımdan ölkəmizin sürətli inkişafına qoşulmuşdur. Avqust ayının 14-də cənab Prezident İlham Əliyevin İsmayıllıya etdiyi tarixi səfər vətəndaşlarımızın yaddaşında unudulmaz hadisə olaraq qalır. Səfər zamanı cənab Prezident rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldu, bir sıra obyektlərin açılışında iştirak etdi. Rayonu inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə və tapşırıqlar verdi.
Rayonun sosial-iqtisadi inkişafı və İsmayıllı şəhərində tikinti-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 15 avqust 2013-cü il tarixli Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayırılan 2 milyon manat vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq, quruculuq işləri geniş miqyas almış, infrastrukturun yeniləşməsi sahəsində müsbət addımlar atılmışdır.
Hesabat ilində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatmışdır. Dövlət Proqramında nəzərdə tutulan 17 tədbirdən 11 tədbirin icrası tam, 4 tədbirin icrası qismən təmin olunmuşdur. 2 bəndin icrası üçün məsul icraçılar tərəfindən iş görülmədiyindən icrası təmin olunmamışdır.
2013-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilmiş, bəziləri əsaslı təmir olunmuşdur. Şəhər ərazisində bütün kommunikasiya, daşıyıcı elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılır. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir. Hesabat ilində rayonda ümumilikdə 12 min 556 kvadratmetr yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da 2012-ci illə müqayisədə 10,5 dəfə çoxdur. Vətəndaşların müraciətləri nəzərə alınmaqla Heydər Əliyev prospektində və H.Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri tikilmiş, Ə.Ələkbərzadə küçəsində yeni avtovağzal inşa edilmişdir. İvanovka kəndində sutkalıq gücü 16 ton olan çörək zavodu, Sumağallı kəndində 1,8 meqavat gücündə su-elektrik stansiyası tikilmişdir. İsmayıllı şəhərində tikiş fabriki istifadəyə verilmişdir. Hazırda fabrikdə 50 nəfər işçi çalışır.
Hesabat ilində Lahıc qəsəbəsi və İvanovka kəndinin hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan, Topçu kəndlərində həkim məntəqəsi tikilərək müasir tibbi avadanlıqlarla təchiz olunmuş, istifadəyə verilmişdir.
Məktəb tikintisi sahəsində də xeyli uğurlu irəliləyişlər olmuş, Müdri və I Yeniyol tam orta məktəbləri və Mücü kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik , Pirəbilqasım ibtidai məktəbi üçün 40 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir, inkişaf etmiş xarici dövlətlərin, beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının, imkanlı iş adamlarının dəstəyindən də istifadəyə diqqət verilir.
Üç ildən artıqdır ki, Yaponiyanın İto şəhəri ilə rayonumuz arasında dostluq, qardaşlıq əlaqələri yaranmışdır. Bu münasibətlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə İsmayıllıda “Yapon bağı” salınmış, həmçinin Yaponiya dövlətinin dəstəyi ilə Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndi və İsmayıllı şəhərində uşaq bağçası, Qalacıq kəndində həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
Dəfələrlə Yaponiya nümayəndə heyəti rayonumuzda olmuş, 20 noyabr 2013-cü il tarixdə isə RİH-nin nümayəndə heyəti İto şəhərinə səfər etmiş, noyabrın 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmışdır. Dövlət səviyyəsində edilən bu səfərin iştirakçıları Yaponiya və yaponlar barədə ən yüksək fikirlərlə geri qayıtmışlar.
Səfərin yekunları ilə əlaqədar 7 dekabr 2013-cü il tarixdə rayonda fəallar yığıncağı keçirilmiş, qardaşlaşmış şəhərlərin birgə həyata keçirəcəyi tədbirlər, görüləcək işlər müəyyənləşdirilmişdir. İsmayıllı ilə İto şəhəri arasındakı dostluq və qardaşlıq əlaqələri davam etdirilməkdədir. Bu əlaqələr təhsil və turizm sahəsində inkişaf etdiriləcəkdir.
Rayonda yol infrastrukturunun yeniləşməsi təmiri və bərpası istiqamətində də əsaslı işlər görülmüş, bir sıra layihələrin icrası başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncam ilə ayrılmış maliyyə vəsaiti ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, yola 30 kilometrə yaxın asfalt örtük vurulmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki yolunun 20-26-cı kilometr hissəsi əsaslı təmir olunmuşdur. Kəndarası yollarını təmiri və bərpası istiqamətində Sumağallı-Qalacıq yoluna asfalt örtük vurulmuşdur. Basqal-Sulut avtomobil yolunda qəzalı vəziyyətdə olan körpünün yerində 32 metr uzunluğunda yeni dəmir-beton körpü tikilib istifadəyə verilmişdir. Şəhərdaxili yolların abadlaşdırılması və yenidən qurulması işləri aparılmış, Cavanşir, Cavad Məmmədov, Rəşid Mahmudov, Babək, A.Aslanov, M.F.Axundov, Natiq Behdiyev küçələrinə asfalt örtük vurulmuşdur. N.Gəncəvi və M.Orucov küçələri yenidən qurulmuşdur. Heydər Əliyev prospektində əvvəlkindən fərqli, müasir arxitektura və dizayn işlərinin həyata keçirilməsinə başlanmışdır. Yola saldığınız hesabat ilində M.Orucov küçəsi başdan-başa yeniləşmiş, bütün yaşayış evlərinin və digər inzibati binaların dam örtüyü dəyişdirilmiş, damlara eyni rəngli dəmir örtük vurulmuş, səkilər bərpa edilmiş, üzlük daş döşənmiş, evlərin hasar və darvazalarına milli üslubda görkəm verilmişdir. Ümumilikdə 2013-cü ildə küçə və yollara 60 min kvadrat metrdən çox asfalt beton örtük vurulmuşdur. Bu il cənab Prezidentin Sərəncamı ilə ayrılmış vəsait hesabına İsmayıllı-Göytəpə-Ruşan-Qalıncaq yolu da sakinlərin istifadəsinə veriləcəkdir.
Rayon mərkəzində yaşayış evlərinin və inzibati binaların inşası davam etdirilmiş, Rayon Polis şöbəsi, Access Bankın rayon şöbəsinin binası tikilib istifadəyə verilmişdir. Nizami küçəsində beşmərtəbəli iki yaşayış binasında, Q.Aslanov küçəsindəki 140 yerlik uşaq bağçasında, “Zamin Bank”ın binasında, Qalınçaq kənd orta məktəbi üçün 360 şagird yerlik məktəb binasında, Şəbiyan kəndində 80 şagird yerlik məktəb binasında inşaat işləri davam etdirilmişdir. İsmayıllı şəhərində müasir tələblərə cavab verən Cüdo mərkəzi tikilmişdir. Əvvəlki ildə icrasına başlanan Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə, İkinci layihə əsasında şəhərin su-kanalizasiya sistemində tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Artıq 138 kilometr kanalizasiya, 175 kilometr su xətti çəkilmiş, 4242 evə kanalizasiya və su əlaqələri verilmişdir. Hazırda sınaq-yoxlama işləri və təmizləyici qurğunun tikintisi icra edilir. Rayon Mərkəzi Xəstəxanasında, rayon Mədəniyyət Mərkəzində əsaslı təmir işləri davam etdirilir.
2014-cü ildə icra ediləcək layihələrlə İsmayıllını müasir və abad bir məkana çevirmək yolları dərindən düşünülür. Cari ildə görkəmli oftolmoloq alim Zərifə Əliyeva adına park, onun ətrafı, qala divarları əsaslı surətdə yenidən qurulacaq, ona müasir və milli görkəm veriləcəkdir. Həmçinin rayonda Əbülhəsən Ələkbərzadə, Nizami Səmədov küçələrinin yenidən qurulmasına başlanmışdır. Burada sakinlərin təhlükəsiz və rahat hərəkəti üçün səkilər quraşdırılır, yol genişləndirilir, asfalt örtüyü vurulur. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci üçün bütün infrastruktura malik binanın, velosiped istehsalı zavodunun, tikinti istehsal müəssisəsinin inşasına başlanacaqdır. Hazırda onların layihələşdirilməsi və maliyyə-smeta sənədlərinin hazırlanması prosesi gedir.
Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı, bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, arxitektura baxımından şəhərsalma prinsiplərinə xələl gətirən, dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan, özəlləşdirilmiş istehsal və xidmət obyektləri mövcuddur. Bütün bu məsələləri aydınlaşdırmaq üçün RİH başçısının sərəncamı ilə komissiya yaradılmış və bu komissiya mövcud vəziyyəti ətraflı təhlil etməklə vəziyyəti yaxşılaşdırmaq üçün təkliflər vermişdir. Köhnələr sökülməli, özəlləşdirilmiş obyektlər daha müasiri ilə əvəz olunmalıdır. Bu barədə mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılmışdır.
Ölkə iqtisadiyyatının ildən-ilə güclənməsi rayon büdcəsinə də öz müsbət təsirini göstərmişdir. 2013-cü ildə rayon büdcəsinin gəlirləri 19 milyon 715 min 884 manata qarşı, 19 milyon 624 min 499 manat icra olubnmuşdur. Büdcə gəlirlərinin icrası 99,5 faiz təşkil etmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 15 milyon 39 min 884 manat plana qarşı 14 milyon 705 min 700 manat- 98 faiz icra edilmişdir.
Yerli mənbələrdən daxilolmalar 4 milyon 676 min manata qarşı, 4 milyon 918 min 799 manat, yaxud 242 min 799 manat çox olmuşdur ki, bu da 105 faiz təşkil etmişdir.
2013-cü ildə illik məxaric proqnozu 19 milyon 715min 884 manata qarşı, 18 milyon 704 min 110 manat, yəni 1 milyon 11 min 774 manat kəsirlə icra edilmişdir.
Rayonun cari il üçün büdcəsi gəlirlər və xərclər bərabər olmaqla 21 milyon 28 min manat məbləğində təsdiq edilmişdir.
Ölkədə həyata keçirilən güclü iqtisadi siyasətin nəticəsi olaraq əmək haqqının artım dinamikası yüksələn xətt üzrə inkişaf etmişdir. 2013-cü ildə əvvəlki illə müqayisədə orta ayliq əmək haqqi 9,4 faiz artaraq 242 manata çatmışdır.
2013-cü ildə rayonda ümumi məhsul buraxılışı 155 milyon 440 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 21 milyon 843 min manat çoxdur. Artım sənaye üzrə 10 faiz, kənd təsərrüfatı üzrə 9,3 faiz, tikinti üzrə 38,8 faiz, nəqliyyat üzrə 4,9 faiz, rabitə üzrə 11,2 faiz və ticarət üzrə 7,7 faiz təşkil etmişdir. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı getdikcə artır. Belə ki, 2013-cü ildə ümumi məhsulun 150 milyon 919 min 200 manatı və ya 97,1 faizi qeyri-dövlət sektorunun payına düşür. Bu göstərici 2012-ci ildə 95,9 faiz təşkil etmişdir.
Yola saldığımız 2013-cü ildə əsas kapitala investisiya qoyuluşu 36 milyon 691 min 700 manat və ya 2012-ci illə müqayisədə 19 milyon 765 min 600 manat çox olmuşdur. 18 milyon 598 min 400 manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici 2012-ci ildə cəmi 3 milyon 403 min 500 manat təşkil etmişdir.
Bazar iqtisadiyyatının, özəl sektorun, sahibkarlıq fəaliyyətinin inkişafı ölkədə iqtisadi siyasətin əsasını təşkil edir. Son 10 ildə sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi, mənfəət və digər vergilərin azaldılması bunu bir daha təsdiq edir. 2013-cü ildə sahibkarlar tərəfindən çoxsaylı ticarət obyektləri, çörək zavodu, istirahət mərkəzlərii, xalça və ayaqqabı emalatxanaları, fermer təsərrüfatları, arıçılıq təsərrüfatları və sair sahələr yaradılmışdır. Rayonda orta və kiçik ticarət yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artmış, bu fəaliyyət sahələrinə meyl güclənmişdir. 2013-cü ildə Kürdmaşı kəndində “İsmayıllı Şərab-1” ASC-nin şərab zavodu yenidən qurularaq istehsala başlamışdır. Burada yüksək standartlara cavab verəcək şərab, konyak məhsulları ilə bərabər, şirə sexi də müxtəlif çeşiddə məhsul istehsal edəcəkdir. Müəssisədə 34 nəfər işçi fəaliyyət göstərir. “Quşçuluq” ASC-də 2013-cü ildə 462 ton quş əti və 1 milyon 243 min ədəd damazlıq yumurta istehsal edilmişdir.
Broyler quşçuluq təsərrüfatının inkişafı ilə əlaqədar illik istehsal gücü 240 min baş olan daha bir müəssisə – “İsmayıllı quşçuluq” müəssisəsi fəaliyyətə başlamışdır. Hazırda ilkin mərhələdə 44 min baş istehsal gücü olan iki sex fəaliyyətdədir. Bundan əlavə, fabrikin 4 sexində tikinti-quraşdırma işləri davam etdirilir. Hesabat ilində müəssisə 245 ton quş əti istehsal etmişdir. Müəssisədə 48 min baş cücə bəslənilir.
Hesabat ilində sahibkarlıq fəaliyyəti ilə məşğul olan arıçılar tərəfindən 47 ton yüksək keyfiyyətli bal istehsal edilmişdir. 2013-cü ildə Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmiş, laboratoriya yoxlamalarının nəticələrinə görə İsmayıllı arıçılarının məhsulu keyfiyyət tərkibi etibarilə daha yüksək olmuşdur. Yarmarka günlərində arıçılarımız 6 tondan çox bal satmışlar.
Məlum olduğu kimi, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri də kənd təsərrüfatının inkişafıdır. Kənd təsərrüfatının təşkili və idarə olunması təkmilləşdikcə, əldə olunan nəticələr də yüksəlir. Yekun rəqəmlər deyilənləri aydınlığı ilə üzə çıxarır. İlk olaraq onu qeyd edim ki, bu sahədə məhsul istehsalının ümumi həcmi 68 milyon 406 min manat olmuşdur ki, bu göstərici 2012-ci illə müqayisədə 9,3 faiz çoxdur. Rayonun aqrar iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. 2013-cü ilin məhsulu üçün rayonda 29832 hektar payızlıq-yazlıq dənli taxıl bitkilərinin səpini aparılmışdır ki, bunun da 22991 hektarı buğda, 5647 hektarı arpa, 1194 hektarı isə paxlalı bitkilərdir. Taxıl bitkilərinin səpini optimal müddətlərdə başa çatdırılmış, zəruri aqrotexniki tədbirlər həyata keçirilmişdir. Payızlıq taxıl əkinində istifadə etmək üçün “Aqrolizinq” ASC-nin vasitəsilə güzəştli şərtlərlə 863 ton, “Aqrokimya” MMC-nin xətti ilə isə 217 ton azotlu gübrə gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmişdir.
2013-cü ildə taxıl yığımı vaxtında başa çatdırılmışdır. Rayonun taxılçılq tarixində ilk dəfə olaraq 80894 ton taxıl istehsal edilmişdir ki, bu da keçən illə müqayisədə 15000 ton artıqdır. Aparılan aqrotexniki tədbirlər nəticəsində hər hektardan götürülən məhsul keçən illə müqayisədə 4 sentner artırılaraq 27 sentnerə çatdırılmışdır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması və kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək reproduksiyalı taxıl toxumları ilə təmin etmək məqsədilə hesabat dövründə iki yeni toxumçuluq təsərrüfatı yaradılmışdır. Rayonda fəaliyyət göstərən Nikitin adına kolxoz, “İrəmə” və “Həkəriçay” kəndli fermer təsərrüfatları, iki fiziki şəxsə məxsus toxumçuluq təsərrüfatı bütövlükdə 1279 ton I və II reproduksiyalı, rayonlaşdırılmış, yüksək məhsuldar taxıl toxumu istehsal edərək kənd təsərrüfatı məhsulları istehsalçılarına satmışlar.
Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında “ 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına iyun ayında 6951 nəfər istehsalçıya becərdikləri 29 min 976 hektar əkin sahəsinə görə 1 milyon 199 min manat yardım ödənilmiş, 2013-cü ilin payızında isə becərdikləri 20 min 760 hektar buğda sahəsinə görə 5773 nəfər istehsalçıya 830 min 408 manat yardımın verilməsi ilə əlaqədar sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim olunmuşdur.
Rayonda 2013-cü il ərzində heyvandarlığın inkişafına da diqqət artırılmışdır. İri buynuzlu mal-qara 51320 başa, o cümlədən inək və camışlar 23925 başa, xırda buynuzlu heyvanlar 79105 başa çatdırılmışdır. Bütün bu göstəricilər əvvəlki illə müqayisədə çoxdur. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar rayonda iri südçülük-maldarlıq komplekslərinin yaradılması istiqamətində də müəyyən tədbirlər görülməkdədir. Belə ki, Keyvəndi kəndində iş adamı tərəfindən 1500 başlıq iri heyvandarlıq kompleksinin tikintisinə başlanmış, tutumu 400 baş olan bir tövlənin tikinti-quraşdırma işləri başa çatdırılmış, ofis və xidmət personalı üçün yaşayış binası tikilib istifadəyə verilmişdir. Kompleksə may ayında Hollandiyadan yüksək məhsuldarlığa malik mal-qara gətiriləcəkdir.
Hesabat dövründə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 60 hektar sahədə meşə bərpa işləri aparılmışdır ki, bunun da 37 hektarı meşə əkini və 23 hektarı meşə səpinindən ibarətdir. Müəssisə tərəfindən payız-yaz mövsümündə meşə dolaylarında 126 min ədəd ağac əkilmişdir.
2013-cü ilin yazında İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafının yaşıllaşdırılması məqsədilə 10 min ədəd, payızda isə 4 min ədəd ağac əkilmişdir.
Hesabat ilində aqrar sahənin inkişafına yönəlmiş bir sıra layihələrin icrasına başlanmışdır. Belə ki, BMT-nin İnkişaf Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının birgə əməkdaşlığı ilə İsmayıllı və Şamaxı rayonlarında “Böyük Qafqaz landşaftında meşə və torpaqların davamlı idarə edilməsi” adlı layihə əməli fəaliyyətə başlamışdır. Layihənin əsas məqsədi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, meşə və otlaqlardan istifadə assosiasiyasının yaradılması, onların bərpası, birgə istifadənin planlaşdırılmasına hazırlığın aparılması, bu sahədə fermerlərə müvafiq dəstəyin verilməsi və meşə otlaqların inventarlaşmasının aparılmasından ibarət olacaqdır.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafı Dövlət Proqramı” ilə əlaqədar keçən il 28 hektar sahədə yeni üzüm bağı salınmış, üzüm bağlarının sahəsi 859 hektara çatdırılmışdır. Yeni meyvə bağlarının salınması sahəsində da ardıcıl iş aparılmış, ötən il mövcud bağlara 32 hektar yenisi əlavə olunmuşdur.
Sosial sahədə ölkəmizin apardığı siyasət 2013-cü ildə də uğurla davam etdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cü ildə 1041 ailənin 3419 üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur. 2012-ci illə müqayisədə ailələrin sayı 725, adamların sayı 4604 nəfər azalmışdır. Lakin adambaşına düşən orta aylıq məbləğ 9,7 manat artaraq 33 manat 85 qəpik olmuşdur. Yeni doğulan 844 uşağa görə 817 nəfər müraciət etmiş, 69 min 904 manat müavinət verilmişdir. 2013-cü ilin sonuna olan məlumata əsasən rayonda 3661 nəfər sosial müavinət alır. İl ərzində sosial müavinətlər üzrə 2 milyon 717 min manat ödəniş aparılmış, 34 nəfər Çernobıl əlilinə müalicə xərcləri üçün 5984 manat birdəfəlik yardım verilmişdir. Bu rəqəmlər Azərbaycan Dövlətinin öz vətəndaşına qayğısının təzahürüdür. İmkansız ailələrə ünvanlı sosial yardım vermək həmin ailələrin ölkə rəhbərinin, dövlətimizin diqqətində olması deməkdir. Qeyd etmək lazımdır ki, ünvanlı sosial yardımla əlaqədar müraciətlərin sayı hələ də çoxdur.
Təəssüf doğuran haldır ki, bəzi vətəndaşlara qanunla ailələrinə ünvanlı sosial yardım düşmədikləri barədə aidiyyəti dövlət qurumları tərəfindən izahat verilsə də onlar yenə də müxtəlif rəhbər təşkilatlara müraciət edirlər. Ona görə də ƏSMM ünvanlı sosial yardımla əlaqədar əhali arasında izahat işlərini genişləndirməlidir. Rayonda əmək pensiyası alanların ümumi sayı 13595 nəfərdir. 2013-cü ildə “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 04 fevral tarixli 2692 nömrəli və “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” 2013-cü il 27 avqust tarixli Sərəncamlarının icrası ilə əlaqədar pensiyaları aylıq artım məbləği 210 min 556 manat təşkil etmişdir. Orta aylıq pensiya məbləği ilin əvvəlində olan 139,67 manatdan 158 manata çatdırılmışdır.
2013-cü il ərzində əmək pensiyaçılarına 23 milyon 543 min 900 manat, digər müavinətlərin ödənilməsinə isə 356 min 500 manat vəsait xərclənmişdir. Respublika Fondundan pensiyaların ödənişinin maliyyələşdirilməsi üçün 20 milyon 415 min manat vəsait köçürülmüşdür ki, bu da ödənilmiş pensiya məbləğinin 85,4 faizini təşkil edir. Ödənişin qalan 3 milyon 128 min 900 manatı və ya 14,6 faizi yerli daxilolmalar hesabına reallaşmışdır. Hesablanmış aylıq pensiya məbləğinin vaxtında pensiyaçılara çatdırılması təmin edilmiş, 1 yanvar 2014-cü il tarixə ödənməmiş pensiya qalmamışdır.