Mayası məhəbbətlə yoğurulan günəşli Azərbaycanımızın bir parçası olan İsmayıllı rayonu hər tərəfdən uca dağlarla əhatə olunub, saf sulu, təmiz havalı, gözəl təbiəti olan bir ərazidə yerləşir. Torpağımız yüzlərlə alim, müəllim, həkim, sənətkar yetişdirib. Burada torpaq çox bərəkətli, ruzulu, insanları savadlı və səxavətlidir.
Heydər Əliyev Mərkəzinin təhsildə rolu
Mayası məhəbbətlə yoğurulan günəşli Azərbaycanımızın bir parçası olan İsmayıllı rayonu hər tərəfdən uca dağlarla əhatə olunub, saf sulu, təmiz havalı, gözəl təbiəti olan bir ərazidə yerləşir. Torpağımız yüzlərlə alim, müəllim, həkim, sənətkar yetişdirib. Burada torpaq çox bərəkətli, ruzulu, insanları savadlı və səxavətlidir.
Zəngin tarixi-mədəni irsə malik olan bu bölgənin əhalisi həmişə təhsilə böyük maraq göstərib, xalqın maariflənməsində yaxından iştirak edərək Azərbaycanın ziyalı ordusuna çox qiymətli töhfələr veriblər. Prezidentimiz İlham Əliyev son 10 ildə İsmayıllı rayonuna 2 dəfə səfər edib. İsmayıllının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında üç Sərəncam imzalayıb. Prezident İ.Əliyev İsmayıllı rayonu haqqında belə deyib:
– İsmayıllının çox gözəl təbiəti, çox gözəl iqlimi var və ən əsası odur ki, burada çox gözəl savadlı, vətənpərvər, zəhmətkeş, insanlar yaşayır.
Azərbaycanın inkişafına daim yüksək diqqət və qayğı göstərmiş Ulu öndərin həyat və yaradıcılığının, fəaliyyətinin müqəddəs bir parçası olan zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədi ilə rayonumuzda da Heydər Əliyev Mərkəzi inşa edilmişdir.
Ümummilli liderin genişmiqyaslı fəaliyyətini əks etdirən, siyasəti öyrənilən, 162 eksponatdan ibarət Mərkəzdə 5 dərnək və elektron kitabxana daim fəaliyyət göstərir.
Təcrübə məktəbi, təhsil işığı olan bu ocaq şagirdlərin maraq göstərdiyi, sahəyə bələd olmaq, istedadlarını üzə çıxarmaq üçün əvəzolunmaz bir məkandır. Gözəl memarlıq üslubunda tikilən bu bina ən yüksək standartlara cavab verir. Mərkəzdə fəaliyyət göstərən dərnəklər bura üz tutan şagirdlərin şəxsiyyət kimi formalaşmasına, gələcəkdə hansı peşə sahibi olmalarına birbaşa xidmət edir.
“Şahmat” dərnəyi – şagirdlərə ilk növbədə səbir, dözüm və bacarıq aşılayır. Dərnək rəhbərləri Ramil Cavadov və Cahangir Niftəliyev şagirdlərə riyaziyyat və idmanı bir yerdə sevdirir və uşaqlarda bu idman növünə marağı artırırlar.
Şagirdlərdə təfəkkürün inkişafı, vətənpərvərlik hissi oyundan-oyuna güclənir. Onlar püxtələşdikcə, idman arenalarında Azərbaycan bayrağını ucaltmaq arzusu ilə yaşayırlar.
“Rəssamlıq” dərnəyi – balaca rəssamlarin ixtiyarındadır. İstedadlı şagirdlərimizin düşüncələrindən yaranan gözəl tablolar, mənzərələr, portretlər muzeyin sərgi salonunda daima öz yerini tutur. Bu rəsmləri izləyən hər kəsdə bir təəssürat yaranır: bir uşaq düşüncəsi yalnız bu qədər zəkalı ola bilər. Dərnək rəhbəri Əlixan Soltanov öz şagirdləri ilə birgə rayon və respublika üzrə müsabiqələrdə iştirak edərək yüksək nailiyyətlər əldə edib.
Ülkər Piralızadə bayraq günü münasibəti ilə təşkil olunmuş respublika rəsm müsabiqəsində II yerə layiq görülüb. Bayram Mirzəyev İdman və Turizm Nazirliyinin Diplomuna layiq görülüb
“Heykəltəraşlıq və memarlıq” dərnəyi – əcdadlarımızın müqəddəs saydığı bəzək elementlərinin əbədilik rəmzi olan daşın bir təcəssümüdür. Nəbati naxışlar, həndəsi fiqurlar, dalğalı xətlər, ulduzlu təsvirlər memarlıqda əsas yer tutur. Xalqın tarixində baş verən hadisələrin izi naxışlarda həkk olunur, nəsillərdən-nəsillərə keçir. Şagirdlər başa düşürlər ki, incəsənət xalqın simasını, obrazını, ruhunu ifadə edir, gözəllik və müdriklik dünyası yaradır.
“Bacarıqlı əllər” dərnəyi – şagirdlərin dünyagörüşünün formalaşmasına xidmət edir. Hər bir şagird öz duyumuna, hissinə, maraq dairəsinə, təsir gücünə görə müxtəlif əl işləri hazırlaya bilər. Rəngli saplardan toxunma işlər, rəngarəng parçadan hazırlanmış quramalar, toxumlardan, muncuqlardan hazırlanmış uçuşan ağ göyərçinlər və daha neçə-neçə əl işi burada seyrçini heyran edə bilir.
“Kompyuter” dərnəyi – uşaqların ən çox maraq göstərdiyi sahədir. Bu dərnəkdə həm kiçik yaşlı şagirdlər, həm də yuxarı sinif şagirdləri məşğul olurlar. Kompyuter şagirdlərə zamanla ayaqlaşmaq bacarığı verir. Müasir dövrümüzdə hər şeyin elektronlaşması səbəbindən uşaqlar savadları çərçivəsində hər şeyi öyrənməyə can atırlar.
Elektron kitabxana vasitəsi ilə şagirdlər istənilən məlumatı əldə edə bilirlər. Dərsdən sonra şagirdlər vaxtlarının çox hissəsini burada keçirirlər.
Ümumiyyətlə, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən bütün dərnəklər şagirdlərin yüksək səviyyədə savad və bilik qazanmalarına xidmət edir. Sevindirici haldır ki, Mərkəzdə çalışanlar bura gələn qonaqları səmimiyyətlə qarşılayır, onları muzey və onun nailiyyətləri ilə tanış edirlər. Təbii ki, şagirdlərin uğurlarında Mərkəz direktorunun da əməyi vardır. Şagirdlərin lazım olan avadanlıq və ləvazımatlarla təmin olunması, onların məşğul olması üçün şəraitin yaradılması, ixtisaslı kadrların fəaliyyəti Mərkəzin fəaliyyətinə müsbət təsir edən amillərdəndir.
Mərkəz direktoru Vüqar Nuğayevin şagirdlərə, dərnək üzvlərinə təkrar-təkrar söylədiyi söz budur:
Heydər Əliyev Mərkəzi savad ocağı, təcrübə məktəbidir. Bu ocağın işığından ziyalılıq, istisindən taqət, təpər götürməli, buranı göz bəbəyimiz kimi qorumalıyıq. Qoruyaq ki, onu gələcək nəsillərə yadigar verək.
Güllübəyim Cərullayeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti,
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi