Xəbər verdiyimiz kimi, noyabr ayının 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanıb. Bu münasibətlə İsmayıllı rayonunda dekabr ayının 7-də ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Dostluq əlaqələri möhkəmlənir
Xəbər verdiyimiz kimi, noyabr ayının 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanıb. Bu münasibətlə İsmayıllı rayonunda dekabr ayının 7-də ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Görüş öncəsi tədbir iştirakçılarına işgüzar səfərin, imzalanma mərasimini, eləcə də İto şəhərinin gözəlliklərini tərənnüm edən video çarx nümayiş etdirilib. Nümayiş etdirilən lenti izləyənlər gördüklərindən mənəvi rahatlıq duyublar.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə səfər təəssüratlarını bölüşüb. O bildirib ki, saziş Yaponiya ilə Azərbaycan şəhərləri arasında əməkdaşlıq barədə imzalanan ilk sənəddir. İcra başçısı sənədin təhsil, səhiyyə, mədəniyyət, turizm, idman, yerli özünüidarəetmə sahələrində, eləcə də təbii resursların səmərəli istifadəsində əməkdaşlığa imkan yaradacağını deyib. M.Sadıqov Yaponiyanın kənd təsərrüfatı və turizm sahələrində inkişafını xüsusi vurğulayıb. Onların təcrübəsindən istifadənin vacibliyini qeyd edib. Başçı eyni zamanda, Yapon xalqının zəhmətsevərliyi və qonaqpərvərliyindən, təhsilə, tərbiyəyə və elmə verilən önəmdən danışıb.
Lahıc Turizm-İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyev, İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova, dekorativ bağçılıqla məşğul olan sahibkar Cavanşir Seyidov və “İncəsənət kəndi” layihəsinin rəhbəri Emin Yasinov çıxış edərək, Yapon səfirliyinin xətti ilə İsmayıllıda uşaq bağçaları tikildiyini, məktəb və xəstəxanaların təmir edildiyini deyib, görülməsi mümkün və vacib olan işlərdən söz açıblar.
Səfərin təəssüratları haqqında yazını qəzetimizin bu sayında, 4 və 5-ci səhifələrdən oxuya bilərsiniz.
“İsmayıllı xəbərləri”