Son dövrlər İsmayıllı şəhərində və ətraf kəndlərdə yolların asfaltlanması göz önündədir. Bu, çox yaxşıdır. Artıq kəndimizə gedərkən və yaxud şəhərin içində hərəkət edərkən əziyyət çəkmirik. Loru dillə desək, köhnə vaxtlarda olduğu kimi, “çalxalanmırıq”. İndi də keçək yollar asfaltlanandan sonra avtomobil idarə edənlərin, xüsusilə özünü dəliqanlı sayan gənclərin davranışlarına. Bax, bu, cəmiyyət üçün əsil ürək ağrısıdır. Hər kəs ailəsini dolandırmaq üçün bacarığına uyğun bir işlə məşğul olmağa çalışır. Bəziləri bu məsələdə asan yolu ucuz bir minik avtomobili alıb taksi kimi işlətməkdə görür. Evindən çıxır ki, ailəsinə çörək pulu qazansın. Beləliklə, keçir iş başına. Yol mədəniyyətdir, bəs yolda hərəkət?
Son dövrlər İsmayıllı şəhərində və ətraf kəndlərdə yolların asfaltlanması göz önündədir. Bu, çox yaxşıdır. Artıq kəndimizə gedərkən və yaxud şəhərin içində hərəkət edərkən əziyyət çəkmirik. Loru dillə desək, köhnə vaxtlarda olduğu kimi, “çalxalanmırıq”. İndi də keçək yollar asfaltlanandan sonra avtomobil idarə edənlərin, xüsusilə özünü dəliqanlı sayan gənclərin davranışlarına. Bax, bu, cəmiyyət üçün əsil ürək ağrısıdır. Hər kəs ailəsini dolandırmaq üçün bacarığına uyğun bir işlə məşğul olmağa çalışır. Bəziləri bu məsələdə asan yolu ucuz bir minik avtomobili alıb taksi kimi işlətməkdə görür. Evindən çıxır ki, ailəsinə çörək pulu qazansın. Beləliklə, keçir iş başına.
Təsəvvür edin, sürücülük təcrübəsi olmayan, 21-25 yaş arası gənc oğlan və gözəl yollar. Bu yollarda baş verən tükürpərdici qəzalar. Deməliyəm ki, son vaxtlar artan qəzalar, insan ölümləri neçə-neçə ailəni başsız, əziyyət içində qoyub. Qəzalarda insan tələfatının çox olmasına səbəblərdən biri də avtomobillərdə dərman qutularının olmamasıdır.
Əziz sürücülər, axı bilirsiz ki, yüksək sürət və qaydalara əməl etməmək sizə canınız bahasına başa gələ bilər. Niyə belə davranırsınız, gözünüz görə-görə, ağlınız kəsə-kəsə ölümün üstünə niyə gedirsiniz? Siz belə davranmaqla özünüzü kimə göstərmək istəyirsiniz? Bu mənim içimdən qopan fəryaddır…
Yol mədəniyyətdir deyirik, buna yollardakı düzgün hərəkət qaydalarını da əlavə etməliyik. İctimai nəqliyyat idarə edən sürücülərimizin bir qismi nəinki avtomobilləri ilə, heç sərnişinləri ilə də davranmağı bacarmırlar. Uzaq məsafəyə getməlisən, yolda taksi saxladırsan. Taksidə əyləşdikdən sonra, “kaş piyada gedərdim” deyirsən. Sürücü avtomobildə musiqiyə o qədər səs verir ki, hələ kəmər taxmamağı, sükan arxasında siqaret çəkməyi və telefonla danışmağını demirəm…
Yazını oxuyanlar düşünə bilər ki, hədəfim sürücülərdi, lakin elə deyil. Sürücülər qalsın bir kənarda, sərnişinlərdə də nöqsanlar böyükdür. Məsələn, yoldan keçərkən ətrafımıza baxmırıq. Sürücülər də məcbur olur siqnal verməyə, bu isə söz-söhbətə səbəb olur. Sürücülərə bəzən elə nalayiq, kobud sözlər deyilir ki…
Hələ dayanacaqdan kənarda avtobus sürücüsünə qışqıraraq “saxla” deməyimiz.
Məni ciddi narahat edən daha bir məsələ var. Bəzən şəhər daxilində deyil, bir şəhərdən digərinə də getməli oluruq. Bax, belə zamanlarda insanlardan səbir tələb olunur. Təsəvvür edin, üç saat bir yerdə oturmalı olursan. Bu isə insanlarda narahatlıq əmələ gətirir. Belə anlarda yalnız yüksək mədəniyyətə sahib olan insanlar gözəl rəftar nümayiş etdirirlər. Bəzən özündənrazı gənclərin avtobuslarda özlərini apara bilməmələri ətrafdakıları narahat edir.
Yolda hərəkət edərkən həm piyada, həm də sürücü özlərinin daha haqlı olduqlarını düşünərək yol hərəkəti qaydalarını pozurlar.
Bəs belə halların qarşısını necə almaq olar və ya azaltmaq olar?
Qanunla da müvafiq cəzalar nəzərdə tutulur. Yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklərdən sonra nizamlanmayan yol ayrıcında və yaxud nizamlanan yol ayrıcında piyada keçidi varsa, hərəkət zamanı sürücü piyadaya yol verməlidir. Sürücü yol vermirsə, 50 manat cərimə tətbiq olunur. Piyadalar da digər hərəkət iştirakçıları kimi, işıqforun göstərişinə düzgün riayət etməlidirlər. Əks halda? onlar da indiki qanunvericiliyin tələblərinə uyğun olaraq 20 manat məbləğində cərimə edilirlər. Tətbiq edilən cərimə məbləği artırılıb. Çox güman ki, cərimə məbləğinin artması istər piyadanın, istərsə də sürücünün məsuliyyətini, diqqətini artıracaq.
Bakı və digər böyük şəhərlərdə sürücü, sərnişin və piyadaların maarifləndirilməsi üçün də müxtəlif maraqlı layihələr həyata keçirilir. Bunlardan ən yadda qalanı isə uşaqların polis paltarı geyinərək maarifləndirmə prosesində iştirak etmələridir. İsmayıllıda da bu cür maraqlı layihələr təşkil etmək olar. Bəlkə yol hərəkəti qaydalarına məhəl qoymayan sürücülər azyaşlı uşaqların sözlərini daha yaxşı eşidərlər.
Çinarə