Şəxsi nümunənin qüdrəti
Müəllim müqəddəs yol yolçusudur. O, bu günümüzü və gələcəyimizi düşünür, mənalı ömründən şagirdlərinə təmənnasız pay verir. Müəllim vətəninə, xalqına, ailəsinə, bütövlükdə cəmiyyətə layiq olan vətəndaş yetişdirir. O müəllim xoşbəxtdir ki, öz əməli ilə şagird yaddaşına əbədi həkk olunur. Belə müəllimlərdən biri də, haqqında yazmaq istədiyimiz Brilyand müəllimdir.Şəxsi nümunənin qüdrəti

Müəllim müqəddəs yol yolçusudur. O, bu günümüzü və gələcəyimizi düşünür, mənalı ömründən şagirdlərinə təmənnasız pay verir. Müəllim vətəninə, xalqına, ailəsinə, bütövlükdə cəmiyyətə layiq olan vətəndaş yetişdirir. O müəllim xoşbəxtdir ki, öz əməli ilə şagird yaddaşına əbədi həkk olunur. Belə müəllimlərdən biri də, haqqında yazmaq istədiyimiz Brilyand müəllimdir.
Şəxsi nümunənin qüdrəti
Brilyand müəllimi builki qədər təbrik edən olmayıb. Brilyand müəllim bu il “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəlib və qaliblərin mükafatlandırılması haqqında Prezidentin Sərəncamı mətbuatda dərc olunandan ona təbriklər ünvanlanır. Ziyalılar, müəllim yoldaşları, pedaqoji kollektivlər, şagirdləri, vaxtilə dərs dediyi məzunlar ona telefon açır, görüşünə gəlir, qazandığı yüksək ada və mükafata görə sevdiklərini bildirirlər. Bu təbriklərin arxasında sözsüz Brilyand müəllimin sevib-seçdiyi peşədə qazandığı hörmət, ad-san, peşəkarlığı, müəllimə məxsus keyfiyyətləri özündə tam təcəssüm etdirməsi, şagirdlərinə sevgisi, işinə məsuliyyəti durur.
Brilyand Arif qızı Mursalova İsmayıllı şəhərində dünyaya göz açıb. Orta təhsilini də hazırda çalışdığı şəhər 3 nömrəli məktəbdə alıb. 1989-cu ildə ADPU-nu bitirərək əmək fəaliyyətinə başlayıb. Bu illər ərzində qəlbinin odunu, gözünün nurunu, gənc nəslin tərbiyəsi yolunda sərf edib. Dərs dediyi şagirdlərin hamısını əsl vətəndaş kimi yetişdirib. Şagirdlərinin əksəriyyəti öz peşəsinin vurğunu olan, xalqın sevgisini qazanan sənət sahibləridir. Məzunlarından Prezident təqaüdçüsü olanı da var.
Müəllim əməyinin nəticəsinin əsas meyarı təbii ki, yetirmələrinin ali və orta ixtisas məktəblərinə qəbul olunmasıdır. Brilyand müəllimin şagirdi bu gün respublikamızın müxtəlif ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirirlər. Brilyand Mursalova məktəb rəhbərliyinin, valideynlərin və şagirdlərin yanında həmişə üzüağ və alnı açıqdır. Valideynlər, şagirdlər arasında böyük nüfuza malikdir. Valideyn iclaslarında hər dəfə ata, analar bunu etiraf edirlər. Onlar bir ağızdan deyirlər: “Siz övladlarımız üçün nümunəsiniz”.
Brilyand müəllim təlim forması və metodlarını seçərkən pedaqoji sərbəstliyə, fəal təlimə, interaktiv dərs tiplərinə üstünlük verir, təşəbbüskarlığı sevir. O qeyd edir ki, bu metodlarsız riyaziyyat fənninə maraq oyatmaq olmaz.
Brilyand müəllim öz müvəffəqiyyətini məktəb kollektivinin uğuru, ümumiyyətlə, İsmayıllı Rayon Təhsil Şöbəsinin müəllimlərə göstərdiyi yüksək qiymətin nümunəsi hesab edir. Əsl ziyalı xanıma xas xüsusiyyətləri özündə cəmləşdirən Brilyand Mursalova öz işini layiqincə yerinə yetirən insanlardandır. Cəmiyyətimiz ancaq Brilyand müəllim kimi bilikli, savadlı, sənətinin vurğunu olan, öyrətməyi sevən və bacaran müəllimlərin əlində ucala bilər.
Brilyand müəllim haqqında ayrı-ayrı adamların bütün fikir və düşüncələri, arzu və istəkləri demək olar ki, eyni mənbədən qidalanır. O mənbənin adı sevgidir, o mənbənin adı müəllimlikdir. Onun müxtəlif mövzulara həsr olunmuş elmi-təcrübi konfranslarda, seminarlarda, şura iclaslarında çıxışları daim maraqla qarşılanıb. İKT-nin yeniliklərindən istifadə edərək dərslərini canlı və maraqlı keçir. İşlənəcək praktik mövzular müəllimin nəzarəti altında aparılır.
Brilyand Mursalovanın ictimai-siyasi fəaliyyəti də, bələdiyyə üzvü olması da pedaqoji sahədəki fəaliyyəti ilə sıx bağlıdır. Bu sahədə də onun işi diqqət mərkəzindədir. Yorulmaz ictimaiyyətçidir.
Mənalı insan ömrü bir salnamədir desək yanılmarıq. Bu baxımdan Brilyand müəllimin həyatı bütün cəhətləri ilə aydın, saf və durudur. Onun yeganə qız balası Gülşən xanım da öz əziz anasının peşəsini seçərək ali təhsil alır. Əla qiymətlərlə oxuyur. Milli mənəvi dəyərlərimizə üstünlük verir. Söhbət zamanı Brilyand müəllim bütün bunlara nail olmağın sirrini belə açıqladı: “Əsil müəllim hər bir şagirdinə sabahın dühası, gələcəyin zəkası kimi yanaşmalı, uşaqlarda özünə inam hissini gücləndirməlidir. Müasir müəllim bilik verəndən daha çox istiqamət verən olmalı, şagirdlərin şəxsi keyfiyyətlərini, istedad və bacarıqlarını inkişaf etdirməlidir. Yalnız bu amal uğrunda çalışmaq hər bir müəllimin fəaliyyətinin ana xəttinə çevrilməlidir”.
Şəxsi nümunəsi, qəlbinin odu, gözünün nuru ilə şagirdlərin yoluna bundan sonra da işıq saçmağı özünün həyat amalı sayan Brilyand müəllimi bu münasibətlə ürəkdən təbrik edir, ona şərəfli fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir