1977-ci ilin yayı idi. Hərbi xidməti başa vurub doğma rayona qayıtmışdım. Gəlişimdən xəbər tutanlardan bir həftə içində 10 toya dəvət aldım. Aradan keçən 36 ildə bir o dəyişib ki, istənilən gündə və saatda toy eləmək imkanı yaranıb.Toy tutur toylar bizə
1977-ci ilin yayı idi. Hərbi xidməti başa vurub doğma rayona qayıtmışdım. Gəlişimdən xəbər tutanlardan bir həftə içində 10 toya dəvət aldım. Aradan keçən 36 ildə bir o dəyişib ki, istənilən gündə və saatda toy eləmək imkanı yaranıb.
Şahməmməd Dağlaroğlu
Giley etmək mən ölüm, sığmayır heç şanımıza,
Gəlib on toy kağızı ay kişi, ünvanımıza.
İkisi qonşudadı, eh, ora getmək nədi ki?
Yaman almış gözümü bir neçə yer, Ağsu, Şəki
Nə qədər pul qazanaq Tanrı verən həftədə ki,
Şad gedək biz də toya, düşməyə dərd canımıza,
Gəlib on toy kağızı ay kişi, ünvanımıza.
Qırılır qol-qıçımız, qadası, şənbə yetəndə,
Eyni gün, eyni adam gedirik gör neçə kəndə.
Utanıb tər tökürük toya az pulla gedəndə,
Hansı gün toy günüdü, toydu cibişdanımıza,
Gəlib on toy kağızı ay kişi, ünvanımıza.
Açıb toy dəftərini, baxırıq kim toy edir,
Nə atıbsa, atırıq, kişinin xeyri nədir?
Borc alır toy eləyən, iş ki, bu adətlə gedir,
Çağırır məclisinə, baxmayır imkanımıza,
Gəlib on toy kağızı ay kişi, ünvanımıza.
Toy tutur toylar bizə, nə edək, dəvət edirlər,
Dəvət eləyirlərsə, demək hörmət edirlər,
Filankəs məclis açıb, oğlunu sünnət edirlər,
Yazır ki, toy edirik körpəcə oğlanımıza,
Gəlib on toy kağızı ay kişi, ünvanımıza.
İstirahət nə gəzir, şənbə-bazar toydu yenə,
Şadıq alım də bilir hər açılan toy-düyünə.
Azalıb səcdə edən mərd elimin adətinə,
Çoxalıb pul hərisi, göz dikib vicdanımıza
Gəlib on toy kağızı ay kişi, ünvanımıza.