Və yaxud “Ural Xirosiması” 40 il (indi 59 il Red.) “tamamilə məxfi” qrifi altındaDünyanı dağıtmaq nə qədər asanmış…
Və yaxud “Ural Xirosiması” 40 il (indi 59 il Red.) “tamamilə məxfi” qrifi altında
Yazı öncəsi qısa arayış: Haqqında məlumat verdiyimiz Əbdül Şərifzadə İsmayıllı rayonunun Müdrüsə kəndində anadan olmuşdur. Sovet ordusu sıralarında xidmət etmişdir. Əbdül kişi sözün əsil mənasında Uralda “cəhənnəmi” gözləri ilə görmüş Sovet əsgərlərindən biri olmuşdur. Onunla birlikdə nanıclı Şıxəli və Lahıcdan olan Qulu və Bünyat da o hadisələrdə iştirak etmişlər. Biz bu arayışda “cəhənnəmin” nədən ibarət olmasını açıqlamayacağıq. Bu barədə Ə.Şərifzadə ilə olan müsahibədə geniş bəhs edilir. Həmin müsahibə “Xalq qəzeti”nin 8 oktyabr 1999-cu il tarixli nömrəsində bu qəzetin əməkdaşı Vahid İmanovun imzası ilə dərc edilmişdir. Müsahibə maraq doğurduğu üçün onu qəzetimizdə dərc etməyi qərara aldıq.
İmperiya dövründə çox şey xalqdan gizlədilirdi. Ən dəhşətli hadisələr “tamamilə məxfi” qrifi altında bağlı arxivlərin qaranlıq küncünə göndərilirdi. İlk növbədə ona görə ki, bu fəlakətlər çox vaxt Moskvada oturanların əli ilə, birbaşa göstərişləri ilə həyata keçirilirdi. Atom silahının ilk sınağı da belə hadisələrdən idi. O vaxt bu hadisə barədə SİTA-nın kiçik bir məlumatı getdi: “Son günlər Sovet İttifaqında elmi-tədqiqat işləri planına uyğun olaraq atom silahı növlərindən birinin sınağı keçirilmişdir. Məqsəd atom partlayışının öyrənilməsidir”. Bəlkə də o vaxtlar ABŞ-la, xüsusən hərbi gücünü artırmaq yarışına girən bir ölkənin vətəndaşları üçün bu sevincli xəbər idi. Çünki bu dəhşətli partlayışın nəticələrindən xəbərsiz idi xalq.
O vaxtdan 45 il keçir. Doqquz il əvvəl isə həmin materialın üstündən “tamamilə məxfi” qrifi götürülüb. 1990-cı ildə yaradılan komissiya isə müharibə veteranlarına verilən imtiyazların bu sınaqda iştirak edən əsgər və zabitlərə şamil edilməsi barədə qərar çıxarılıb. Artıq bu vaxt həmin sınağın iştirakçılarının çoxu həyatda yox idi. Aldıqları şüa xəstəliyindən dünyalarını vaxtsız dəyişmişdilər.
Bu partlayışın törətdiyi ağlagəlməz fəlakət haqqında az-çox öyrənmək üçün həmin sınaq zamanı qoşun hissələri tərkibində oraya göndərilmiş azərbaycanlılardan biri – istefada olan polkovnik-leytenant Əbdül Şərifovla görüşdük.
Ə.Şərifov maraqlı həmsöhbətdir. 1930-cu ildə anadan olub. 1951-ci ildə hərbi xidmətə çağırılıb. Brestdə xidmət edib. Bir illik səhra təlimatçısı kursunu bitirib, əvvəlki hərbi hissədə feldşer kimi xidmətini davam etdirib. Tərxis olunandan sonra Bakıda 2 nömrəli Tibb Texnikumunu bitirib. Daxili işlər orqanlarında müxtəlif vəzifədə çalışıb. Bakıda xüsusi milis məktəbini, Rostovdakı Polis Akademiyasını bitirib.
– Əbdül müəllim, son illər atom silahının ilk sınağı barədə az-çox yazıblar. Ancaq nədənsə, bu fəlakəti tam təsvir etməyiblər.
– Çünki onu təsvir etməyə, baş verdiyi kimi danışmağa sözün gücü çatmır. Elə bir ifadə tapmıram deyim ki, bu necə oldu.
– Onda xatirələri çözələyək. Bəlkə, nəsə alındı.
– Belarusda, Brest şəhərində qulluq edirdim. 1954-cü il aprel ayının əvvəlində gecə həyəcan siqnalı verildi. Nəsə hiss olunurdu ki, bu həmişəki, adi həyəcan siqnalı deyil. Zabitlər də heç nə bilmədiyini deyirdi. Belə başa düşdük ki, yeni müharibə başlayıb. Çünki dedilər, Belarus dairəsində olan bütün qoşunlar döyüş hazırlığına gətirilib. Marşal Timoşenko hər şeyi özü yoxlayırdı. Hissələr tam komplektləşdirildi. O vaxt üçün bütün müasir döyüş texnikaları eşelonlara yükləndi. Yola düşdük. Moskvaya çatanda saysız-hesabsız eşelonları görən camaat vahiməyə düşmüşdü. Hamı elə bilirdi müharibə başlayıb. Heç kimə cavab verə bilmirdik. Çünki özümüzün heç nədən xəbəri yox idi. Nəhayət, Orenburq vilayətinin Totski rayonuna çatdıq. Totsk təlim mərkəzi son dərəcə böyükdür. Ucu bucağı bilinmirdi. Biz gələnə qədər isə yüzdən çox kənd köçürülmüşdü. Bütün yaşayış məntəqələri boş idi. Yalnız burada bizə dedilər ki, atom silahının sınağı keçiriləcək. Bizi də onun üçün buraya təlim keçməyə gətiriblər.
– Qoşunlar necə yerləşdirilmişdi və siz nə etməliydiniz?
– Bura Uralın cənub tərəfi olduğundan yayı isti olur. Ancaq həmin yay dəhşət isti oldu. Gündüz havanın temperaturu 50-55 dərəcəyə qalxırdı. Buna baxmayaraq, hər gecə həyəcan siqnalı ilə bizi qaldırırdılar. O biri gün qaranlıq düşənə qədər döyüş təlimləri keçirdik. Yorğunluqdan və istidən imkan düşən kimi əsgərlər özlərini Kamo çayına vururdular. Yay girəndə qarın yatalağı başladı. Ona görə də nəzarət ciddiləşdi. Yeməkxanaya girəndə bütün əsgər və zabitlər xlorlu su ilə əllərini yuyrdular. Çox çətin idi. Düz altı ay hər günümüz belə keçdi. Üç müdafiə xətti vardı. Bir-birindən 2-2,5 kilometr məsafədə yerləşirdi. Biz ikinci xətdə idik. Bütün texnika yeraltı sığınacaqda yerləşdirilmişdi. Çox vaxt çadırlarda deyil, elə yeraltı sığınacaqda qalırdıq. Çünki sınaq zamanı burda olmalıydıq. Nə etmək lazım olduğunu öyrənirdik. Sığınacaqlar ən azı 1,5 metr qalınlığında torpaqla örtülmüşdü.
– Bəs bu sınağın keçirilməsinə kimlər rəhbərlik edirdi? Onlar harada yerləşmişdilər.
– Az qala bütün sovet rəhbərliyi ora gəlirdi. Bizim batalyonda sosialist ölkələrinin rəhbərləri, müdafiə nazirləri oldu. Yeni silahların döyüşə hazırlığına baxdılar. Bütün işlərə isə marşal G. Jukov rəhbərlik edirdi. Bizim batalyon yerləşən ərazidə dağ vardı.Qayalıq idi. Həmin qayaları bizə yardırdılar. Dağın içində sığınacaq düzəltdik. Qərargah orada yerləşirdi. G. Jukov da orada olurdu.
– Siz bilirdinizmi, partlayışın gətirəcəyi fəlakəti?
– Çox şeyi deyirdilər. Ona görə də bütün tədbirlər görülürdü. Ancaq elə dəhşətli olacağını ağlımıza da gətirmirdik. Bizə şüadan və zəhərlənmədən müdafiə üçün bütün geyimlər verilmişdi. Hər gün təlimlər keçirilmişdi. Heç kim səhv edə bilməzdi. Çünki adi səhv yerindəcə ölüm demək idi.
– Nəhayət, sınaq günü yetişdi.
– Gecə həyəcan siqnalı ilə qalxdıq. Yeraltı sığınacağa getdik. Hər kəs yerini tutub əmr gözləyirdi. Hiss olunurdu ki, zabitlər də həyəcan keçirirlər. Heç kim bilmirdi ki, bir azdan nə olacaq. Bircə onu bilirdik ki, partlayış havada olacaq. Sonra biz öz işimizi bilirdik. Partlayışdan sonra əmr veriləcək, biz hücuma keçəcəyik, “düşməni “ məhv edəcəyik. Təxminən hücum istiqamətimiz məlum idi. “Düşmən”in harada yerləşdiyini bilirdik. Onu da deyim ki, silahlar təlim üçün deyildi, döyüş silanları idi.
Haşiyə: 1954-cü il, sentyabrın 14-ü. Saat 9:20-dir. Atom bombası yüklənmiş təyyarə təyin olunmuş əraziyə daxil olur. G.Jukov əmr verir: “Partlayışı keçirin!” Və sonra bir anlıq elə bil dünya dağılır.
Yer yırğalanırdı. Elə bil yüngül bir qayığı güclü dalğalar atıb-tuturdu. Sığınacaqda belə ayaq üstə durmaq olmurdu. Qulaqlarımızda nə qədər səsboğucu olsa da gurultudan key kimiydik. Bir-iki dəqiqə belə keçdi. Heç kimin yaşamağa umidi yox idi. Elə bildik dünyanın sonudur. Hərə öz başının hayında idi. Sonra hər şey sakitləşdi. Zabitlər işlərini qaydaya salırdılar. Axı bir azdan əmr almalı idilər. Ancaq heç kim inanmırdı ki, yerin üstündə kimsə salamat qala bilər. Nəhayət, düz 45 dəqiqədən sonra “irəli!” əmri verildi. “Döyüş” başladı. Təxminən 2 kilometrdən sonra bizi dayandırdılar. Məlum oldu ki, mühafizə geyimlərimiz irəlidəki, zəhərlənmənin və şüalanmanın qarşısını almağa qadir deyil. Sonra geri –Brestə qayıtdıq.
-Hücum əmri verildi və siz yerin üstünə çıxdınız. Nə gördünüz?
-Demə sınaq zonasına çoxlu heyvan gətiriblərmiş. Dəvədən belə. Açıqda hərbi texnika da çox idi. Heyvanlar kömürə dönmüşdülər. Topların lülələri əriyib əyilmişdi. Tankların da çox yeri ərimişdi. Nazik dəmirlər isə tamam əriyib tökülmüşdü. Hər yan yanmışdı. Yer qapqara idi. Ucu-bucağı bilinməyən meşələr yox idi. Kamo çayının suyu buxarlanırdı. Deyirlər qaynayırmış. Heç yerdə həyat əlaməti yox idi. Hər yerdə kömürlənmiş heyvan cəsədlərinə rast gəlirdik.
-İnsan tələfatı necə, oldumu?
-Mən görmədim. Bizim batalyondan üç nəfər tankın altına düşdü. Biz qayıtdıq. Zabitlər isə bir həftə orda qaldılar. On minlərlə əsgər iştirak etdi orda. Hamısından izahat alındı ki, bu sınaq haqqında heç harda bir kəlmə də danışmayın. Deyirdilər, yadınızdan çıxarın ki, siz Uralda olmusunuz. Nə isə. Onda heç nə hiss etmirdik. Ancaq sonralar xəstəliklər başladı. Baş ağrıları, burundan qan açılma, daha nələr…
-Şüalandığınız üçün sizə hansısa bir güzəşt, ya nə isə olmadı?
-Qətiyyən. Həkimə gedirdik. Ancaq deyə bilmirdik ki, biz filan yerdə olmuşuq, atom silahının sınağında iştirak etmişik, şüalanmışıq. Həmin əsgərlər elə o vaxtdan hökumət tərəfindən unuduldu. Yavaş-yavaş “qırıldılar”. Azərbaycanlılar da çox idi. Bildiyimə görə məndən başqa sağ qalan daha iki nəfər var (20 il əvvəl. Red.). Qəbələdən şair Şərif Tahirli və İsmayıllıdan Şıxəli Şıxəliyev. Yəqin ya az doza almışıq, ya da Allahın işidir hələ yaşayırıq. Çünki bizim aldığımız dozanı təyin etmədilər. Guya heç orda olmamışdıq. Hər şeyi belə tapşırmışdılar.
-Bəs, indi necə, sizə hansı qayğı göstərilir? Məsələn, Çernobıl qəzasının iştirakçılarına bir çox imtiyazlar verilib. “Tomski poliqonu”nda olanlar heç də onlardan az şüalanmaya məruz qalmayıblar. Onlara verilən imtiyazlar sizə də şamil edilirmi?
-Deyirlər, biz müharibə veteranı, Çernobıl iştirakçılarına bərabər tutuluruq, guya həmin imtiyazlar bizə də aiddir. Ancaq hardan. Bu, söz olaraq qalır. Hara getmişəm, çiyinlərini çəkib “bilmirik” deyirlər. Bu yaşımda nə qədər qapı döyməliyəm? Daha yorulub oturmuşam.
P.S. 1954-cü il sentyabr. “Ural Xirosiması” kimi tarixdə qalan bu partlayışın dəhşətləri hələ ki, bütün açıqlığı ilə xalqa çatdırılmayıb. Onun ağrılarını isə hələ də çəkənlər var. Əbdül müəllim kimi. Yaşlarının bu ahıl çağında onlar daha çox qayğı və diqqətə möhtacdırlar. 49 il susmuş bu insanlar həm də canlı tarixdirlər, atom silahının ilk sınağının şahidləri. İnanırıq ki, əlaqədar təşkilatlar heç olmasa, bundan sonra onların taleyi ilə maraqlanacaq, qayğı göstərəcəklər.
Vahid İmanov