İyulun 24-də Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyanın Azərbaycandakı Səfiri cənab Şusuke Vatanabini qəbul edib. Bir neçə ildir davam edən Yaponiya-Azərbaycan, uğurlu başlanğıcı olan İto-İsmayıllı dostluğu ətrafında söhbət edən tərəflər bu dostluq və əməkdaşlığın gündən-günə inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.İto-İsmayıllı – möhkəmlənən dostluq
İyulun 24-də Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyanın Azərbaycandakı Səfiri cənab Şusuke Vatanabini qəbul edib. Bir neçə ildir davam edən Yaponiya-Azərbaycan, uğurlu başlanğıcı olan İto-İsmayıllı dostluğu ətrafında söhbət edən tərəflər bu dostluq və əməkdaşlığın gündən-günə inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Səmimi söhbət zamanı Şukuse Vatanabi qeyd edib: Bir həftə öncə İsmayıllıdan keçdim. Şəhərin yenidən qurulması istiqamətində işlərin görülməsinin şahidi oldum. Gördüklərim məni sevindirdi. İsmayıllını gözəl və abad görmək bizə çox xoşdur. Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq əlaqələri demək olar ki, başlamışdır. Bu dostluğa Heydər Əliyev parkının ərazisində salınmış “Yapon bağı” nın xüsusi yeri var. İsmayıllıda gördüyümüz bütün işlər dostluq əlaqələrinə xidmət edir. “Şeroton” oteli ərazisində ikinci yapon bağının salınması işinə başlamışıq.
Yaponiyanın “Kosiqi” korporasiyasının rəhbəri Kasuki Saki bildirib ki, Yaponiya Səfirliyi tərəfindən İsmayıllıda görülən işlər yapon xalqının sizlərə dostluq hədiyyəsidir: “Qaya” istirahət mərkəzində oldum. Ətraf gözəl meşəlikdir. Təəssüf ki, yaxşı saxlanılmır. Bu meşə Tanrının İsmayıllıya, burada yaşayanlara hədiyyəsidir. Azərbaycanda turizmin inkişafı üçün geniş imkanların olduğuna əminəm”. Kasuki Saki İtonun əhalisinin 70000 olduğunu deyərək nəzərə çatdırıb ki, şəhərə hər il isti su mənbələrindən yararlanmaq üçün 6 milyondan çox turist gəlir.
“Kosiqi” korporasiyasının rəhbəri Azərbaycanı çox sevdiyini və etdiyi xidmətlərin də bu istəkdən irəli gəldiyini deyib. Onu da nəzərə çatdıraq ki, şirkətin eyni adlı jurnalında İsmayıllı təbiəti haqqında geniş məlumatlar verilmişdir, çoxsaylı fotolar qoyulmuşdur.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda son vaxtlar görülən işlərdən danışıb. Sosial rahatlığa xidmət edən bir sıra işlərlə yanaşı rayonda Humanitar və Texnologiya Kollecinin açıldığını və orada xalqımıza məxsus bir sıra sənətlərin sirlərinə yiyələnmək üçün dekorativ tətbiqi incəsənət və xalq sənəti ixtisasının öyrədilməsi üçün fakültə açıldığını deyib. Başçı onu da qeyd edib ki, İto və İsmayıllı arasında qarşılıqlı gəzintilər təşkil etmək lazımdır. Adətən, səmimiyyətə söykənən gediş-gəliş möhkəm dostluğa çevrilir. M.Sadıqov bildirdi ki, Azərbaycanın, eləcə də rayonumuzun turizm potensialı genişdir. Turizmin inkişafı, isti su mənbələrinin istifadəsi işində İto şəhərinin təcrübəsindən bəhrələnməliyik. Sonda Mirdaməd Sadıqov milli sənətkarlığımızı özündə əks etdirən xalçanı Kasuki Sakiyə hədiyyə edib.
Çinarə Bəhərçinli