17 İyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın İsmayıllı rayon təşkilatının fəalları ilə görüşüb.YAP fəalları ilə görüşlər davam edir
17 İyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın İsmayıllı rayon təşkilatının fəalları ilə görüşüb.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq ötən hər gün bizi Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yaxınlaşdırdığını qeyd edib. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə əsrə bərabər böyük inkişaf yolu keçib. Son 10 il müddətində ölkəmizdə qazanılan uğurlar onu təsdiq edir ki, respublika doğru yolla irəliləyir. Bu yol ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə, bu dövlətin əbədiyaşarlılığına, insan amilinin prioritetə çevrilməsinə, xalqımızın rifahının yaxşılaşdırılmasına, dünya xalqları arasında ön sıralarda dayanmasına hesablanıb.
Dövlət başçımızın liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət – xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönəldilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb. Bu səbəbdəndir ki, Azərbaycan sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası ildən-ilə genişlənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı İlham Əliyevi 2013-cü ildən sonra da özünün prezidenti kimi görür.
Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün mövcud olan təməllər isə doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur. Məhz bu keyfiyyətlərini, xalqın istək və arzularını, ölkə rəhbərinə rəğbətini nəzərə alan YAP bu ilin iyun ayının 7-də keçirilən V qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Bu seçim respublikanın hər yerində olduğu kimi, İsmayıllıda da böyük razılıq hissi ilə qarşılandı və hamılıqla dəstəkləndi.
Qarşıdan gələn seçkilərlə bağlı 86 ərazi ilk partiya təşkilatını və 7526 nəfər partiya üzvünü öz ətrafında birləşdirən YAP İsmayıllı rayon təşkilatı ciddi hazırlıq işləri görür. Seçkilərlə bağlı 19 nəfərdən ibarət Rayon Seçki Qərargahı, 50 nəfərdən ibarət təbliğat qrupu və onun zonalar üzrə bölmələri yaradılmışdır. Seçki kompaniyasını şəffaf və ədalətli, uğurla həyata keçirmək məqsədilə hazırlıq işlərinə YAP üzvlərinin mütləq əksəriyyəti cəlb olunmuşdur. Ərazi ilk partiya təşkilatlarında YAP üzvləri ilə vaxtaşırı görüşlər keçirilir.
Əminliklə deyə bilərik ki, YAP İsmayıllı rayon təşkilatı, onun çoxsaylı üzvləri qarşıdan gələn Prezident seçkilərində partiyasının sədri cənab İlham Əliyevi dəstəkləyəcək və bu seçkilərdə onun qalibiyyəti üçün öz fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun quracaqdır.
Görüşdə YAP sədrinin müavini – icra katibi, millət vəkili Əli Əhmədov geniş nitq söyləyib. Natiq bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd YAP-ın qarşıdan gələn Prezident seçkiləri kompaniyasının yüksək səviyyədə keçirilməsinə partiya fəallarını səfərbər etməkdir.
Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Gənclərin və qadınların seçki kompaniyasında fəal iştirakı təmin olunmalıdır. Təbliğat və təşviqat kampaniyasına tanınmış ziyalıların, nüfuz sahibi olan yaşlı nəslin nümayəndələrinin cəlb olunması məqsədəuyğundur.
YAP sədrinin müavini qarşıdan gələn Prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın İsmayıllı rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.
Tədbirdə həmçinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, seçkilərlə bağlı rayon İcra Hakimiyyətinin qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun lazımi hazırlıq işləri gördüyünü deyib.
Rayonda əhalini uzun illərdən bəri narahat edən sosial problemlər həll olunmaqdadır. Ölkənin hər yerində olduğu kimi, İsmayıllıda da tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri geniş vüsət alıb.
YAP sədri cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində rayonun bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələr həyata keçirilir.
İsmayıllı şəhərində su-kanalizasiya layihəsinin icrası sahəsində sürətli iş gedir. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli bina inşa edilir, Axundov küçəsindəki kommunal yaşayış evlərinin dam örtüyü və fasadı dəyişdirilir, Rayon Mədəniyyət Mərkəzi və Uşaq kitabxanasında əsaslı təmir və yenidənqurma işləri aparılır. Şəhər ərazisində biri 140, digəri 180 yerlik müasir tipli uşaq bağçaları tikilir.
Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunur, Lahıc və İvanovka kəndlərində xəstəxana, Topçu və Tircan kəndlərində həkim məntəqələri artıq istifadəyə hazırdır.
Yeni avtovağzal tikilir, YAP rayon təşkilatı və Polis şöbələri üçün yeni inzibati binalar inşa edilir. Şəhid Mübariz Orucov adına küçə kompleks qaydada bütövlükdə abadlaşdırılır. İvanovka – Hacıhətəmli – Mollaisaqlı yoluna dövlət başçısının sərəncamına uyğun olaraq keyfiyyətli asfalt döşənir. Əsas diqqət iş yerlərinin açılmasına yönəlmişdir. Yaxın günlərdə tikiş sexi işə salınacaq, kompüter təmiri sexi açılacaqdır. Rayonun inkişafı ilə bağlı kadrlara zəruri ehtiyacı nəzərə almaqla ölkə rəhbərinin diqqət və qayğısı sayəsində Dövlət Humanitar və Texnologiya Kolleci açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında 8 dəfə çox iş yeri açılıb. İstər ölkə miqyasında, istər bütün regionlarda , o cümlədən İsmayıllıda görülən işlər əsas verir ki, xalq öz seçimində yanılmayıb, düzgün olaraq cənab İlham Əliyevi Prezident seçib. Ölkə Prezidentinin liderliyi dövründə Azərbaycan qarşıya qoyduğu bütün inkişaf konsepsiyalarının uğurla həyata keçirilməsinə nail olub. Azərbaycanın dünyada sabit ölkə, etibarlı tərəfdaş kimi tanınması, milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlərin də reallaşmasına zəmin yaradıb. Partiya rəhbərinin məqsədyönlü və yorulmaz fəaliyyəti əsas verir ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, 2013-cü ilin Prezident seçkilərində də qalib gələcəkdir.
Görüşdə eyni zamanda qurultay nümayəndəsi Həşim Həşimov, gənclər adından Zaur Muradov çıxış edərək əminliklə qeyd etdilər ki, son on ildə ölkədə həyata keçirilən nəhəng quruculuq işləri, sürətli dinamik inkişaf, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində görülən tədbirlər İsmayıllıda da seçki kompaniyasının uğurla başa çatması üçün zəmin yaradır. Həmişə dövlətə və dövlətçiliyə sadiqliyini nümayiş etdirən ismayıllılar da inanırıq ki, bütün Azərbaycan vətəndaşları kimi qarşıdan gələn seçkilərdə də ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına, Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak edib.
Ramid Qasımov