Bu günümüzə gəlib çatmış Azərbaycan mətbuatının yolu ağır, ağır olduğu qədər şərəfli, həm də çox keşməkeşli olmuşdur. Adı Azərbaycanımızın ən güclü ziyalıları ilə qoşa çəkilən mətbuatımız hər cür qadağalara, təqiblərə, represiyalara məruz qalsa da, get-gedə təkmilləşmiş, püxtələşmiş, tariximizin, mədəniyyətimizin, ən başlıcası, ictimai şüurun inkişafında çox böyük rol oynamışdır.138 illik yol
Bu günümüzə gəlib çatmış Azərbaycan mətbuatının yolu ağır, ağır olduğu qədər şərəfli, həm də çox keşməkeşli olmuşdur. Adı Azərbaycanımızın ən güclü ziyalıları ilə qoşa çəkilən mətbuatımız hər cür qadağalara, təqiblərə, represiyalara məruz qalsa da, get-gedə təkmilləşmiş, püxtələşmiş, tariximizin, mədəniyyətimizin, ən başlıcası, ictimai şüurun inkişafında çox böyük rol oynamışdır.
Bu gün özünün ən şərəfli anlarını yaşayan mətbuatımız hər kəsin tribunasına çevrilib. Təxminən 100 il bundan əvvəl:
“Ucundadır dilimin həqiqətin böyüyü
Nə qoydular deyəyim, nə kəsdilər dilimi” – deyən Ə.Hüseynzadə xalqımızın azadlığı və tərəqqisi uğrunda mübarizədə qarşısında duran ağır sədləri aşmaq üçün nələrə qatlaşmadı. Bu günümüzün mətbuatı isə müqayisəyə gəlməz dərəcədə dəyişmiş, inkişaf etmişdir. Hər bir kəsin fikrini deyə biləcəyi, sözünü söyləyəcəyi Azərbaycan mətbuatının bir parçası olan İsmayıllı mətbuatı da demokratik, azad mətbuata çevrilərək hər birimizin üz tutacağı dəyərli bir vasitədir. Bu gün tariximizin qaranlıq məqamlarına işıq salmaqda, təhsilimizin, səhiyyəmizin inkişafında, iqtisadi, hüquqi biliklərimizin yüksəldilməsində, maraq dairəmizin genişlənməsində, baxışlarımızın formalaşmasında, ruhumuzun cilalanmasında hər birimizin əlindən tutan İsmayıllı mətbuatı bu gün yeniləşməkdə və inkişaf etməkdə olan yurdumuzun hər bir uğurunu insanlara operativ çatdıran bir orqana çevrilmişdir.
Ziyalıların hər an üz tutduğu mətbuat mənim də fikir bölüşdüyüm ən yaxşı vasitədir. Tələbəlik illərindən özümü mətbuatdan ayrı hiss etməmişəm. Bu illər ərzində arzularım, bədii yaradıcılığım, pedaqoji düşüncələrim daim mətbuatda dərc olunmuşdur. Eyni zamanda, ən maraqlı məlumatlar, iş təcrübələri, elmi-publisistik yazılar zaman-zaman maraqla oxuduğum mətbuat materialları olmuşdur. Həm rayon, həm də respublikanın ayrı-ayrı mətbu orqanlarında müxtəlif məzmunlu məqalələrim dərc edilmişdir. Bütün bunlara görə 1999-cu ilin 10 may tarixində Respublika Jurnalistlər Birliyinin Məhsəti Gəncəvi mükafatına layiq görülmüşəm. Həmçinin, illər keçdikcə qazandığım uğurlar, hörmətli mətbuat işçiləri, dəyərli həmkarlarım və ziyalı insanlar tərəfindən daim mətbuatda işıqlandırılıb. Bütün bunlara görə mətbuata dərin minnətdaram. Bu gün neçə-neçə həmkarım var ki, onlar həm də əsil mətbuat nümayəndəsidir. Bu gün hər bir ziyalının, hər bir qələm əhlinin bayramıdır. Bu münasibətlə mətbuata ən yaxın olan bir təhsil işçisi, bir ziyalı olaraq həm öz adımdan, həm də həmkarlarım adından mətbuat günü münasibətilə bütün mətbuat işçilərini təbrik edirəm.
Mirvari Musayeva,
Respublikanın Əməkdar müəllimi, Məhsəti Gəncəvi mükafatı laureatı