İyun ayının 25-də RİH başçısı Mirdaməd Sadıqov Kürdeldarbəyli kəndində əhali ilə görüş-qəbul keçirib.
Görüş-qəbulda RİH başçısı ilə yanaşı icra aparatı əməkdaşları, xidmət təşkilatlarının nümayəndələri iştirak edib.
İcra başçısı kənddəki problemlərlə tanış olduğunu bildirib, onların həlli istiqamətində sakinlərin təklifləri ilə maraqlanıb. Kəndin sosial problemləri ilə yanaşı, şəxsi problemlər də çıxışlarda yer alıb. Su, işıq və yol məsələsindəki çatışmazlıqlar qeyd olunub. M.Sadıqov kənd sakinlərinin işəqadir tərkibinin faydalı əməyə cəlb edilməsinin, gənclərin savadlı yetişdirilməsinin vacibliyini vurğulayıb. Aidiyyəti xidmət təşkilatlarına problemlərin həlli istiqamətində tapşırıqlar verilib.
***
RİH başçısı Mirdaməd Sadıqov həmin gün qonşu Gideyli kəndinin ümumi orta məktəbində də görüş-qəbul keçirilib. Ərazi eyni olduğundan problemlərin də eyniliyi qeyd olunub. Burada da yüksək gərginlikli elektrik xətlərinin əkin sahələrində çox alçaqdan keçməsinin taxılın biçilməsində əngəl olması diqqətə çatdırılıb. Bundan əlavə, kənddə internet şəbəkəsinin olmaması vurğulanıb. Məktəbin fəal yetirmələrindən birinə kompyuter hədiyyə edilib.
Burada da qonşu Kürdeldarbəyli kəndində olduğu kimi, istismar müddətini çoxdan başa vurmuş işıq dirəkləri, gediş-dəliş üçün narahat olan yollar, yay vaxtı su çatışmazlığı ilə əlaqəli gileylər söhbət mövzusu olub. Problemlər diqqətlə dinlənildikdən sonra aidiyyəti qurumlara, ərazinin bələdiyyəyə və icra nümayəndəsinə müvafiq tapşırıqlar verilib.
Çinarə Bəhərçinli