Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.
Qurtuluş tarixiQurtuluş tarixi

Ümummilli lider Heydər Əliyevin müstəqil, uzaqgörən və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsinin yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.
Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verdilər. Əhalinin böyük əksəriyyəti ulu öndər Heydər Əliyevin çağırışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı.
Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda, iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.
Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdı. Onlara Surət Hüseynov rəhbərlik edirdi və həmin 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidarda olanlar hərbi müxalifətin öhdəsindən gələ bilmirdilər.
İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökumət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. İki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan tökmək istəməyən qvardiyaçıları şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar.
İyunun 14-də Nəvahi yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər.
Bununla yanaşı, xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib Ulu öndər Heydər Əliyevin yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi.
Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis edildi. AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gəlib çıxmaması üçün öz ağsaqqal sözünü dedi. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Ümummilli lider Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Ümummilli lider Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Tarixin, dövrün, zamanın yazıları əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.
Ramid Qasımov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir