Ömür var ki, asimana sığışmır,
Qələm yazan hər dastana sığışmır…
Bəlli, həyatda elə insanlar var ki, xalqına fayda verən nəcib və qeyri-adi əməlləri ilə ürəklərə işıq saçır, saf və ülvi duyğular oyadır. Özü də bu işığın selində nura boyanır və hər kəsin qəlbinə axır, əbədi yaşayır. Belə ömür sürən insanları səciyyələndirən xüsusiyyətlər çoxdur. Amma ən başlıcası xeyirxahlığı, insanlara gərək olması, onlara mənəvi dayaq durması və insanlar üçün ömrünü şam kimi əritməsidir. İnsan üçün əsil böyüklük özü üçün deyil başqası üçün yaşamağındadır.
Belə ömür sahiblərindən biri öz sənəti, işi ilə yorulmadan daim xalqına xidmət edən, xeyirxah əməlləri ilə yüzlərlə qəlbə sevinc bəxş edən mehriban , qayğıkeş insan Yaşar Sovqat oğlu Nuriyevdir.
Yaşar Sovqat oğlu Nuriyev 25 oktyabr 1947-ci ildə Azərbaycanın ən gözəl guşələrindən birində İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub . Ziyalı ailəsində boya-başa çatıb. 1965-ci ildə Kürdmaşı kənd orta məktəbini, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya məktəbini bitirib. O, həm də Bakı Ali Partiya məktəbində fəaliyyət göstərən Hüquqi Biliklər məktəbində öz təhsilini uğurla başa vurub .
Yaşar Nuriyev Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığı illərdə fəallığı ilə seçilib, diqqəti cəlb edib. İnstitutun komsomol və həmkarlar təşkilatlarının işində yaxından iştirak edib. “Gənc müəllim” qəzetində vaxtaşırı yazıları dərc olunub. 1969-cu ildə tələbə inşaat briqadasındakı yaxşı işinə görə tikinti təşkilatı tərəfindən mükafatlandırılıb. Yaşar müəllim ali təhsil aldıqdan sonra İsmayıllıya qayıdıb, Rayon Komsomol Komitəsində şöbə müdiri, ikinci və birinci katib vəzifələrində, rayon Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təşkilat şöbəsinin müdiri və Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində çalışıb.
1983-1993-cü illərdə İsmayıllı rayon Gənc Təbiətçilər Stansiyasının direktoru, 1993-2010-cu illərdə Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin direktoru işləyib.
Təqaüdə çıxmasına baxmayaraq istedadını, bacarığını, işgüzarlığını nəzərə alaraq onu yenidən işə dəvət ediblər . Yaşar müəllimə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru işləmək təklif olunub. 01 aprel 2011-ci il tarixdən bu vəzifədə çalışan Yaşar müəllim geri qalmış, adı heç bir yerdə yaxşılığa çəkilməyən rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzini bir il ərzində qabaqcıllar sırasına çıxara bildi.
O, dəfələrlə İsmayıllı şəhər və rayon Xalq Deputatları Sovetinin deputatı, Rayon Partiya Komitəsinin büro üzvü, Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının İdarə heyətinin üzvü seçilib. O, hazırda Rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvüdür. Rayonda bir ağsaqqal kimi sayılıb seçilir, sözü, məsləhəti eşidilir.
O, işlədiyi bütün vəzifələrdə təhsilin, elmin, mədəniyyətin, doğma Respublikamızın inkişafı və tərəqqisi naminə çalışmışdır. Onun əməyi həmişə qiymətləndirilib.
1991-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına və 150 manat pul mükafatına layiq görülüb.
Yaşar müəllimə işgüzarlığına görə müxtəlif illərdə nüfuzlu təşkilatlar tərəfindən verilən Fəxri fərmanlar onun yorulmazlığından, bacarığından xəbər verir. 1986-cı ildə Azərbaycan SSR Xalq təhsili əlaçısı, 2008-ci ildə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə mükafatlandırılıb.
Yaşar müəllim demək olar ki, hər dərs ilinin yekununda təhsil sahəsində qazandığı uğurlara görə Rayon Təhsil Şöbəsi tərəfindən əməyi müəyyən mükafatlara layiq görülmüşdür.
Atalarımız yaxşı deyib: “İnsan var üzündən, insan var izindən tanınar”. Üzdən tanınanların ömrü yaşadıqları günlərin sayı qədərdir və sonradan unudulur, zaman ötdükcə hətta yaxınlarının da xatirəsindən silinirlər. Onları xatırlanmağa, yad etməyə zərurət belə yaranmır. Lakin izindən tanınanlar əməlləri ilə insanların, zaman-zaman formalaşan nəsillərin qəlbində hər vaxt ucalır, əbədi yaşamaq haqqı qazanır. Belə şəxsiyyətlərin qoyduqları iz neçə-neçə insanın həyat yoluna çevrilir və bu yolu tutanlar əzmkar, mətin, mübariz olur, özündən daha çox başqalarını düşünür, haqq-ədaləti, düzgünlüyü hər şeydən üstün hesab edirlər. Belə insanlardan biri də bütün ömrünü şagirdlərinin yolunda şam kimi əridən, doğma yurdunu, təbiətini öz canından artıq sevən sadə, təvazökar bir insan Yaşar Nuriyevdir.
Qədim Yunan filosofu Platondan soruşurlar ki, nəyə görə müəllimlərinə valideynlərindən çox hörmət edirsən? O, cavabında bildirir ki, valideynlərim məni göydən yerə endirdi, müəllimlərim isə əksinə, yerdən göyə qaldırdı. Yaşar müəllim adını həmişə hörmətlə, şərəflə daşıyıb, daim uca tutub. İşlədiyi bütün vəzifələrdə insanlara müəllim həssaslığı, qayğısı ilə yanaşıb.
Yaşar Nuriyev şagirdlərin ekoloji tərbiyəsində və əhalinin ekoloji maarifləndirilməsi işlərində də fəal iştirak edir. “Məktəblilərdə sağlam həyat tərzinin formalaşdırılması”, “Məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılması”, “Ətraf mühit və insanın sağlamlığı”, “İsmayıllı rayonunun ekoloji vəziyyəti” və sair mövzularda mətbuat səhifələrində dərc olunan yazıları onun intellektual səviyyəsinin yüksəkliyindən , öz işinə məsuliyyətlə yanaşdığından, təşəbbüskarlığından, ən başlıcası isə öz doğma yurduna, təbiətinə bağlılığından, vurğunluğundan xəbər verir.
Yaşar müəllim rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru kimi öz işinin öhdəsindən bacarıqla gəlir. Onun təşəbbüsü ilə rayonda məktəblilər arasında ekoloji breyn-rinq bilik yarışları, dəyirmi masalar, viktorinalar, disputlar, ekoloji monitorinqlər keçirilir.
2013-cü ilin mart-aprel aylarında “Yaşıl Azərbaycan” Respublika məktəblilərinin yaşıllaşdırma, “Su həyatdır” Respublika məktəblilərinin suya qənaət aylıqları rayonda uğurla başa çatmışdır.
Yaşıllaşdırma aylığında rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində yetişdirilmiş 990 ədəd ağcaqayın tingi təmənnasız müxtəlif təşkilatlara verilmiş və məktəblilərin fəal iştirakı ilə əkilmişdir.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin keçirdiyi “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin II Respublika müsabiqəsi rayonda uğurla başa çatmışdır.
“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 noyabr 2012-ci il tarixli əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2012-2013-cü dərs ilində Respublika məktəbləri arasında keçirilən “Ekoerudit” breyn-rinq ekoloji bilik yarışının yekun tədbiri 3 may 2013-cü il tarixdə Bakı şəhərində Azərbaycan Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin Bakı Şəhərinin Qala kəndində yerləşən Eko-Parkında keçirilmişdir. Həmin ekoloji breyn-rinq bilik yarışında İsmayıllı rayonunun “Babadağ” komandası ikinci yerə layiq görüldü. Yaşar müəllim deyir ki, işimizlə əməlimiz, niyyətimiz birdir, xoşməramlıdır. Məhz buna görə də uğur qazanırıq. Uğurlu yoldayıq. Uğur isə daim uğur gətirər.
Yaşar Nuriyev vəfalı, sədaqətli həyat yoldaşı, qayğıkeş ata, baba kimi də ailəsində böyük nüfuz sahibidir. Onun 3 oğlu var. Onların hər biri ali təhsillidir. Ömür-gün yoldaşı Südabə xanım rayon Mərkəzi xəstəxanasında tibb bacısıdır. Gəlinlərinin ikisi dil-ədəbiyyat müəllimi, digəri isə fizika müəllimidir. Beş nəvəsi var.
Yaşar müəllim yaşının müdrik çağındadır, Allaha bağlı insandır. Qoy Tanrı onu pis gözlərdən, məkrli insanlardan qorusun. Həmişə sevilib, seçilsin. Ən nəhayət, kədər ayağının tozu, sevinc başının tacı olsun!
Hacıməmməd Məmmədov,
Eldar Əliyev